Hərbi hissədə əsgər yoldaşını döyməkdə və ona xəsarət yetirməkdə ittiham olunan şəxs həbsdən azad edilib.
Hadisə ötən il avqustun 22-də “N” saylı hərbi hissənin Tərtər rayonu Qapanlı kəndi yaxınlığındakı döyüş postunda baş verib. Təxminən saat 10.30 radələrində əsgər Mehdi Xəlilov tabeliyindəki əsgər yoldaşı Natiq Həmidova posta su gətirmək əmri verib. Natiq ağrıdığını bildirərək əmri yerinə yetirməyib. Mehdi Xəlilov əmrdən boyun qaçıran Natiq Həmidovu döyüb. Mehdi Xəlilov Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 331.3-cü (hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə vermə) maddələri ilə ittiham edilib.
Cinayət işi baxılmaq üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib. İş hakim Vidadi Nəsirovun sədrliyi ilə araşdırılıb.
“Əmri yerinə yetirmədi”
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Mehdi Xəlilov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, 15 oktyabr 2012-ci il tarixdə Balakən rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılıb: “Müdafiə Nazirliyinin ”N" saylı hərbi hissəsinin Tərtər rayonunun ərazisində yerləşən hərbi hissəsində xidmət etmişəm. Xidmət etdiyim bölükdə manqa komandiri vəzifəsində olmuşam. Natiq Həmidovu hərbi xidmətdə olduğum vaxt tanımışam. Onunla əvvəllər heç bir ədavətim və düşmənçiliyim olmayıb. 22 avqust 2013-cü il tarixdə saat 11.00-da döyüş postunda olmuşam".
Mehdi Xəlilovun sözlərinə görə, postda olan əsgərlər Natiq Həmidov və Elşən Şəmsəddinovu posta su gətirmək üçün maşın valına göndərib: “Natiq maşın valına getməyəcəyini dedi. Su dalınca maşın valına getmək barədə əmr versəm də, əmri yerinə yetirmədi. Bundan sonra Natiq əsgər sığınacağına getdi. Mən də arxasınca yollandım. Əsgər sığınacağında Natiqin yataqda uzandığını gördüm. Yenidən posta su gətirmək üçün maşın valına getmək göstərişi verdim. Natiq yenə imtina elədi. Aramızda mübahisə yarandı”.
“Ona yumruq zərbəsi atdım”
Təqsirləndirilən şəxs deyib ki, mübahisəni həll etmək üçün Natiq Həmidova postun ayaqyolusunun yanına getməyi təklif edib: “Natiq hər iki əli ilə sinəmdən itələdi. Onun bu hərəkətinə cavab olaraq mən də onu itələdim. Bu zaman Natiqin sağ qolu səngərin divarına sürtülərək sıyrıldı. Bundan sonra ona yumruq zərbəsi atdım. Lakin Natiq zərbədən yayındı”.
Mehdi Xəlilov ifadəsində Natiq Həmidovla əlbəyaxa olduğunu etiraf edib: “Natiq mənim boynumdan tutaraq, sol qoltuğunun arasına aldı və sıxmağa başladı. Boynumu Natiqin qoltuğundan çıxartmaq üçün əlimlə onun xayasından tutdum. Ayaqlarından tutaraq özümə tərəf çəkdim. O, kürəyi üstə möhkəm yerə yıxıldı.
Yıxılarkən bədəninin sağ tərəfi səngərin divarına sürtülərək xəsarət aldı. O, uzanıqlı olan zaman böyrəyinin üstünə iki dəfə yumruq zərbəsi vurdum. Bu zaman ona xəsarət yetirmişəm. Etdiyim əməldən səmimi peşmanam. Hazırda zərərçəkmiş şəxslə barışmışam. Cəza verilərkən bunların nəzərə alınmasını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edirəm".
“Sözü təkrarlayanda əsəbiləşdim”
Zərərçəkmiş Natiq Həmidovun sözlərinə görə, müddətli həqiqi hərbi xidmətə Zaqatala rayonundan çağırılıb. O, Mehdi Xəlilovu xidməti dövründə tanıyıb: “Avqustun 22-də postda olarkən manqa komandiri Mehdi Xəlilov yaxınlıqda olan su məntəqəsindən posta su gətirməyin lazım olduğunu dedi. Həmin vaxt ayaqlarım ağrıyırdı, məndə varikoz xəstəliyi olduğu üçün su gətirməyəcəyimi bildirdim.
Sonra əsgər sığınacağına getdim və orada yatağa uzandım. Mehdi də arxamca gəldi. O, mənə posta su gətirməli olduğumu dedi və bu sözləri bir neçə dəfə təkrar etdi. Mən də əsəbləşərək postun ayaqyolusunun yanına gəlməsini istədim. Mehdi ilə birlikdə postun ayaqyolusunun yanına getdim. Orada hər iki əlim ilə Mehdinin sinəsindən itələdim".
“Şikayətim yoxdur”
Natiq Həmidovun ifadəsinə görə, Mehdi Xəlilov da onu itələyib: “Bu zaman qolum səngərin divarına sürtülərək sıyrıldı. Sonra Mehdi mənə yumruq zərbəsi atdı, yayındım. Onun boynundan tutaraq başını qoltuğumun arasına aldım və sıxmağa başladım. Mehdi də cinsi orqanımdan tutaraq sıxdı, başını qoltuğumun arasından çıxara bildi.
Daha sonra ayaqlarımdan tutub, məni kürəyi üstə yerə yıxdı. Yıxılarkən xəsarət aldım. Yerdə olanda da Mehdi mənə yumruq zərbələri vurdu. Bədənimin müxtəlif nahiyələri zədələndi. Mehdi ilə barışmışam. Ona qarşı heç bir tələbim və şikayətim yoxdur".
Məhkəmə zalında həbs olundu
Hakim şahid ifadələrini və cinayət işində olan sübutları araşdırandan sonra hökm elan edib. Mehdi Xəlilov 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Mehdi Xəlilovun barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalındaca həbs edilib.
Hökmdən Mehdi Xəlilov narazı qalıb. O, apelyasiya şikayəti verərək barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini xahiş edib. Şikayətə Gəncə Apelyasiya Məhkəməsi baxıb.
“Hadisə zərərçəkmişin qanunsuz hərəkətləri nəticəsində baş verib”
Hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə Mehdi Xəlilovun vəkili Fuad İskəndərov çıxış edib. O, cinayət hadisəsinin zərərçəkmişin qanunsuz hərəkətləri nəticəsində baş verdiyini deyib: “Mehdi Xəlilovun əmrini zərərçəkmiş əsaslı səbəb olmadan icra etməyib. Təsadüfi deyil ki, ibtidai istintaq orqanı Natiq Həmidova Cinayət Məcəlləsinin 330.l-ci (rəisin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun sağlamlığına yüngül zərər vurma və ya onu döymə) maddəsi ilə ittiham verilib.
Hesab etmək olar ki, Mehdi Xəlilovun əməlində ağırlaşdırıcı hallar yoxdur. Onun əməlində yüngülləşdirici hallar daha çoxdur. Mehdi Xəlilov əvvəllər məhkum olunmayıb, təqsirli olduğunu etiraf edib, törətdiyi cinayətdən səmimi peşmançılıq çəkdiyini, hadisənin təsadüf zəminində baş verdiyini deyib.
Mehdi Xəlilov ordu sıralarında xeyli müddətdir xidmət keçir. Onun həqiqi hərbi xidmət müddətini başa çatdırmağəna 1 ay 15 gün vaxt qalıb. Orduda yaxşı xıdmət etdiyinə görə manqa komandiri vəzifəsinə təyin olunub. O, cinayət əməlini zərərçəkmiş şəxsin qanunsuz hərəkəti nəticəsində əsəbləşərək törədib. Xidmət və yaşayış yerlərindən, habelə məktəbdən müsbət xasiyyətnamə ilə xarakterizə olunub. Ailəsi 6 nəfərdən ibarətdir, ağır vəziyyətdə yaşayır. Onun digər qardaşı da həqiqi xidmət müddətini çəkib və bu günlərdə başa çatdırıb. Zərərçəkmişin şikayəti və hər hansı iddia tələbi yoxdur. Buna görə də Mehdi Xəlilov barəsində şərti cəzanın verilməməsi üçün əsas yoxdur".
Məhkum: “Ailəmin qayğı və köməyimə ehtiyacı var”
Vəkil çıxışının sonunda Mehdi Xəlilovun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini istəyib. Apelyasiya instansiyasında şikayətin dəlillərini əsaslandıran Mehdi Xəlilov hadisə baş verən günü zərərçəkmiş şəxsin işini görmədiyindən əsəbləşdiyini deyib.
O, əlavə edib ki, hadisə baş verdikdən dərhal sonra zərərçəkmiş şəxsdən üzr istəyib: “Zərərçəkmişlə barışmışam, hazırda xidmətə daha məsuliyyətli yanaşıram. Həqiqi hərbi xidmətin çəkilməmiş çox az bir müddəti qalıb. Yenidən hərbi hissəyə qaydıraraq xidmət etmək niyyətindəyım. Özümü doğrultmaq üçün mənə şərait yaradılmasını istəyirəm.
Ailə vəziyyətim olduqca ağırdır. Atam və anam heç yerdə işləmir. Ailəmin qayğı və köməyimə ehtiyacı var. Hərbi xidmətimi vaxtında başa vuraraq evimə qayıtmaq üçün kömək göstərilməsini xahiş edirəm".
Prokuror: “Cəza sosial ədalətin bərpası üçün nəzərdə tutulub”
Prokuror Qalib Rizvanov müdafiə tərəfinin apelyasiya şikayətinə etiraz edib. O, etirazını onunla əsaslandırıb ki, məhkəmənin təyin etdiyi cəza cinayətin xarakterinə və məhkumun şəxsiyyətinə uyğundur: “Cəza sosial ədalətin bərpası üçün nəzərdə tutulub. Məhkumun islah edilməsi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Hökm qanuni, təyin edilmiş cəza ədalətlidir. Vəkilin şikayətinə qarşı verilmiş etirazı müdafiə edirəm. Apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanmasına dair qərar qəbul edilməsini xahiş edirəm”.
Sonda Mehdi Xəlilovun apelyasiya şikayəti təmin olunub. Məhkəmə onun barəsində 1 il sınaq müddəti olmaqla, şərti cəza kəsib və həbsdən azad edib.
Hacı Zeynalov