3 Oktyabr 2023 14:01
2 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 1994-cü il təvəllüdlü Elvin Həşimli tanışı Möhkəm Səmədova qarşı dələduzluq edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Elvin Xətai rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyərkən tanışı Möhkəm ilə birgə ticarət fəaliyyəti ilə məşğul olub, əldə edəcəkləri gəlirin 70 faizini ona verəcəyi barədə yalan vəd eləyib.

O, müxtəlif vaxtlarda Möhkəmin iki milyon əlli doqquz min beş yüz manatını ələ keçirib.

İstintaq orqanı tərəfindən Elvin Həşimlinin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq) maddəsi ilə ittiham elan edilib. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baxılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, əvvəllər Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyində mühəndis vəzifəsində işləyib:

“2019-cu ilin oktyabrın 4-dən Xətai rayon Polis İdarəsinin cinayət axtarış şöbəsində əməliyyat müvəkkili işləmişəm. Polis orqanlarında 2021-ci ilin aprel ayına kimi çalışmışam. Polis orqanlarından çıxmağımın səbəbi kommersiya fəaliyyəti ilə məşğul olmağım idi. Zərərçəkmiş Möhkəmlə uşaq vaxtlarından tanıdığım Cavid vasitəsilə tanış olmuşam. Əvvəllər də kommersiya fəaliyyəti ilə məşğul olmuşam. Vergi ödəyicisi kimi qeydiyyata düşməmişəm, mənim adıma VÖEN açılmayıb”.

“Dayımdan 150 min almışdım”

Təqsirləndirilən şəxs deyib ki, birinci dükanı açanda o, 5-10 min manatla başlayıb, sonra yavaş-yavaş işi artırıb: “Dayımdan pul almışam, o zaman Möhkəmi tanımırdım. 2-ci və 3-cü mağazaları açanda dayım Rəşaddan təxminən 150.000 manat aldım. 2018-ci ilin yazında Möhkəm özü təklif etdi ki, mənim biznes fəaliyyətimə qoşulsun, lazım olsa buna görə mənə pul da verə bilər. Amma gəlirin 30 faizini mən özümə götürməli, qalan 70 faizini Möhkəmə verməliydim. Həmin təkliflə razılaşdım.

Bu təklifdən sonra Xətai rayonu, M.Hadi küçəsində, Q.Nəbi küçəsi 34-də, “Əhmədli” metrosunun çıxışında, Xətai rayonu, N.Süleymanov küçəsi 41-də, “Mirvari” plazanın yanında 5 ədəd pərakəndə mağaza açdım. Hər dükanda 40-60 min manatlıq mal olub.

Möhkəmə qədər olan mağazalardan 1-ci dükanı mənə Cavid təklif etdi. Dedi ki, dayısının mağazası var, yaxşı, işlək yerdir. Mən də baxaraq xoşuma gəldi və 500 manatdan icarəyə götürdüm. 2-ci dükanı da Q.Nəbi küçəsində götürmüşəm. Həmin dükan Möhkəmin olmayıb, kimin olmasını bilmirəm.

3-cü dükan “Əhmədli” metrostansiyasının yanında idi, orada da kimin yeri idi,bilmirəm. 4-cü dükan - Cavidlə şərikliyə götürdüyümüz Əhmədlidə avtobus yolunun sağında yerləşir. Bu obyektin də kimə məxsus olmasını bilmirəm, icarəyə götürmüşəm. Sahibini tanımıram, ayda bir dəfə gəlib sürücüsü icarəni götürürürdü”.

“Məndə heç bir sənəd qalmayıb”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2018-ci ilin fevralından icarəyə dükan götürüb: “İşlətdiyim mağazalar Ağamalının adına rəsmiləşdirilib, həmçinin, sadələşdirilmiş vergi ödəyəcisi kimi başqa bir şəxsin adına 2018-ci ilin mayında VÖEN açılıb. Sadələşdirimiş vergi ödəyicisi olmuşam, ayda hər obyektə görə 70 manat vergi verilirdi. Vergi işçisi İbrahim hər ay gəlib vergi pulunu götürürdü.

Deyə bilmərəm nədən ötrü Ağamalı hər mağazada 6000 manat gəliri olduğu halda Vergi xidmətinə cəmi 70 manat verirdi. Vergi Ağamalıya həvalə olunmuşdu. Mağazaların sənədləşməsi ilə o məşğul idi. Yəni bütün mühasibatlıq uçotunu o, aparırırdı. Həmin mağazalara dair məndə heç bir mühasibatlıq sənədləri qalmayıb.

Malları topdansatış alırdıq. Ona görə də heç bir qaimə və ya kassa çeki verilməyib. Həmçinin, malların satışında heç bir sənədləşmə aparılmayıb. Mağazalarda kassa aparatı yox idi”.

“Pulları geri qaytarmışam”

Elvin deyib ki, biznesin inkişafı üçün 2018-ci ildən başlayaraq Möhkəm ona hissə-hissə pul vəsaiti verib: “2018-ci il mayından 2018-ci ilin avqustuna kimi Möhkəm mənə 500.000 manat verdi. Həmin pulla siqaret, telefon və avtomobillərin ehtiyat hissələrini topdan və pərakəndə alqı-satqısı ilə məşğul olan mağazalar açmışıq.

2018-ci ilin sentyabrında Möhkəmdən 59.500 manat aldım. Təqribən 2018-ci ilin oktyabrında Möhkəmdən yenə səhv etmirəmsə 153.000 manat aldım. Bu məbləğləri xatırlayıram. Bütün pulları Möhkəmdən təklikdə almışam. Səhv etmirəmsə bir dəfə Möhkəm mənə Hikmət adlı şəxsin vasitəsilə 2.000 və yaxud 3.000 ABŞ dolları göndərdi.

Hər ay 5 obyektdən təqribən 14.000-15.000 ABŞ dollarlıq gəliri Möhkəmə vermişəm. 9 ay ərzində Möhkəmə təqribən 200.000 ABŞ dolları gəlir verdim. Dəqiq deyə bilərəm ki, Bakı şəhərinin müxtəlif yerlərində Möhkəmdən 683.000 ABŞ dolları məbləğində pulu məşğul olduğum siqaret və avtomobil hissələrinin satışı biznesinə əlavə edərək genişləndirmək üçün almışam.

28 May ərazisindən topdansatış yerindən siqareti alırdım, xaricdən gətirmirdim. Mal alınaraq anbarda saxlanırdı. Hər mağazanın balaca da olsa öz anbarı vardı.

Ticarət dövriyyəsi fərqli olurdu. Siqaret satışının mövsümə aidiyyətiı olmayıb. Həmin məbləğdə olan pulları Möhkəmdən adətən Səbail rayonu ərazisində “Dəfnə” restoranında almışam. Möhkəmdən biznes qurmaq üçün aldığım bütün pulları ona tam həcmdə artıqlaması ilə geri qaytarmışam. Ona borcum qalmayıb”.

“Bildirdi ki, atası rəisdir”

İş üzrə zərərçəkmiş Möhkəmin sözlərinə görə, tikinti materiallarının satışı ilə məşğul olub: “Müxtəlif ticarət mərkəzlərində, yəni “Sədərək” və 8-ci kilometr bazarında icarəyə yerlər götürərək xaricdən gətirilən malların satışını təşkil etmişəm. Rövşən bacımın həyat yoldaşıdır. O, 20 ildən artıqdır ki, “Sədərək” ticarət mərkəzində mağazada xəzinədar-nəzarətçi işləyib və 1000 manat aylıq məvacib alıb.

Rövşənin Cavid və Fərid adlı oğlanları var. Cavid 2018-ci ildən 2020-ci il tarixədək Penitensiar xidmətdə qulluq edib. 2017-ci ilin oktyabrında Cavid məni təqsirləndirilən Elvinlə tanış etdi. Bildirdi ki, polis orqanlarında işləyir, atası Nərimanov rayon İcra Hakimiyyəti Mənzil İstismar idarəsinin rəisidir.

Bu məqsədlə Elvinin atası Elçin Həşimovun yanına gedərək onunla tanış oldum, söhbət etdim. Elvinin atası söz verdi ki, mənim üçün torpaq sahəsi təşkil edəcək. Elçinlə onun işlədiyi Mənzil Kommunal Təsərrüfat Birliyində görüşmüşəm".

“Məni biznes qurduğuna tam inandırdı”

Zərərçəkmiş qeyd edib ki, 2018-ci ilin mayın əvvəllərində Elvinin atası Elçin onların ailəsinə məxsus olan “Diamonds Lounge” çay evinə gəlib və orada çay içib: “Həmin vaxt orada Cavid, Elvin və Elvinin atası olublar. Elvin mənə kommersiya fəaliyyəti ilə məşğul olmaq təklifini verdi. Söhbət əsnasında məni tam əmin etdi ki, birgə ticarət fəaliyyəti ilə məşğul olaraq əldə edəcəkləri gəlirin 70 faizini mənə verəcək. O, guya siqaret satışını təşkil etmək adı ilə 2018-ci ildə "Diamonds Lounge" çay evində 110.000 manat aldı.

Sonra guya uğurlu ticarət fəaliyyətini təşkil etdiyinə inandırmaq və etibarımı qazanmaq üçün 2018-ci ilin iyun ayında məndən aldığı həmin puldan 7500 manat pulu, 2018-ci ilin iyul ayında isə 10200 manat pulu qazanc adı ilə mənə verdi.

Bundan sonra Elvin “Neftçilər” metrostansiyası yaxınlığında mobil telefonların topdansatışını təşkil etmək adı ilə məni aldadaraq 2018-ci ilin avqust ayında yaşadığım evin yanında 500.000 manat aldı, həmin ay bu puldan qazanc adı ilə 9600 manatı yenə də mənə verdi. Bununla məni biznes qurduğuna tam inandırdı.

Sonra Elvin, avtomobil ehtiyyat hissələrinin satışını təşkil etmək adı ilə dostum vasitəsilə göndərdiyim 59500 manat pulu aldı, aramızda olan razılaşmaya görə bu məbləğdən də ayrıca xeyir gəlməli idi. Buna görə bir aydan sonra 3000-3500 manat xeyir verməli idi. Həmin il eyni adla aldadaraq məndən 200.000 ABŞ dolları aldı. Qazanc adı ilə bu puldan 10600 manat pulu mənə qaytardı”.

Möhkəm deyib ki, bundan başqa, Elvin telefon satışına əlavə pul yatırdaraq daha cox qazanc əldə etmək adı ilə onu aldadıb. Ondan 2018-ci ilin müxtəlif vaxtlarında - 90000 dollar, 48100 və 94000 manat alıb. Elvin ehtiyat hissələrinə qoyulmuş pulun məbləğini artırıb daha çox qazanc əldə etmək görüntüsü yaradıb və 2019-cu ildə ondan 240.000 dollar alıb:

“Həmin ilin yanvar və fevral aylarında bu puldan qazanc adı ilə 200 min manat mənə pul verdi. Həmçinin, birgə ticarət fəaliyyətlərinin genişdirilməsinə inandıraraq 2019-cu ildə 340.000 ABŞ dollar aldı, bu puldan qazanc adı ilə 100 min manat qaytardı.

Yenə də birgə ticarət fəaliyyəti adı ilə məni aldadaraq "Diamonds Lounge" çay evində üç dəfəyə 100.000 dollar, sonra isə bütöv 100.000 dollar, bundan sonra 30.000 dollar aldı. Ümumi olaraq Elvin guya uğurlu birgə sahibkarlıq fəaliyyətinin təşkil olunmasına dair yalan vəd verdi. 2.539.500 manat puldan 480.000 manat pulu qazanc adı ilə mənə verdi, cəmi 2.059.500 manat məbləğində pulumu ələ keçirdi”.

“Deyib ki, pulum batsa, dədəsi ödəyəcək”

Zərərçəkmiş bildirib ki, Elvin ondan aldığı pulların bir qismini onun özünə qaytararaq, inamını qazanıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxsə hansı tarixdə nə qədər pul verdiyini siyahı ilə qəbz şəklində özü qeydiyyatlar aparıb və qeydiyyat qəbzini Elvin özü də imzalayıb:

“Pulları əksər hallarda Elvinə təklikdə vermişəm. Lakin bir dəfə Elvinə 59500 manat pulu dostum vasitəsilə göndərmişəm. 100.000 ABŞ dolları isə dostumdan borc alaraq Elvinə vermişəm. Dəfələrlə təqsirləndirilən şəxsdən tələb etmişəm ki, əgər o, ticarətlə məşğuldursa, həmin obyektləri göstərsin. Lakin Elvin mənə heç bir yeri göstərməyib. Deyib ki, pul batsa, mənim pulumu dədəsi ödəyəcək. Təqsirləndirilən şəxs mənə Almaniyaya pul göndərdiyini deməyib. Mən bunu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bilmişəm”.

Məhkəmə hökm çıxaran zaman Elvinin cinayət əməlini sübuta yetirə bilməyib. Bu səbəbdən onun barəsində bəraət hökmü çıxarılıb.

Hökmdən narazı qalan Baş Prokurorluq isə apellyasiya protesti verib. Dövlət ittihamçısı tərəfindən imzalanan şikayətdə qeyd edilən hökmdən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, eləcə də cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsaslandırılıb.

Bir müddət əvvəl şikayətə baxan Bakı Apellyasiya Məhkəməsinin hakim heyəti qərar elan edib. Qərara görə, şikayət təmin edilməyib.

Bundan sonra Ali Məhkəməyə müraciət olunub. Ali Məhkəmə işdə bir sıra qanun pozuntuları aşkar edib və işə yenidən Bakı Apellyasiya Məhkəməsində baxılması barədə qərar qəbul edib.

İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılıb.

Baxış iclasında prokuror çıxış edərək Elvin Həşimliyə bəraət verilməsi ilə bağlı hökmün qanunsuz olduğunu deyib. Prokuror bəraət hökmünün ləğv edilərək, təqsirləndirilən şəxsin məhkəmə zalında həbs edilməsini tələb edib. Müdafiə tərəfi isə hökmün hüquqazidd olmadığını qeyd edərək qüvvədə saxlanılmasını istəyib.

Hakim Elmar Rəhimovun sədrlik etdiyi hakimlər heyəti prokurorun protestini əsaslı hesab edib. Qərara görə, Elvin Həşimli xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinib və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər