16 Yanvar 2015 15:53
2 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında baxış keçiriblər.

Bu barədə Teleqraf.com-a komitə sədri Elçin Behbudov məlumat verib.

O bildirib ki, istintaq təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkil Hacı Məmmədovla maraqlanıb: “Hacı Məmmədov əvvəllər heç kimlə görüşmək istəmirdi, ailəsindən azuqə almırdı. Amma o, son günlər fikrini dəyişib, artıq ailəsindən azuqə almağa başlayıb. Hacı Məmmədov saxlanma şəratindən narazı deyil”.

Komitə sədri deyib ki, istintaq təcridxanasında saxlanılan daha beş şəxslə görüşüb. Onun sözlərinə görə, görüşdüyü təqsirləndirilən şəxslərdən biri Elşən Mustafayevdir: “Elşən Mustafayev 16 dekabr 2014-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib və o, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilir. Elşən Mustafayev ilahiyyətçidir və Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləyib. O, saxlanma şəraitindən narazı deyil, ancaq ittiham üzrə özünü təqsirli bilmir”.

E.Behbudov Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham olunan və bu təcridxanada saxlanılan Kamran Əzizovla görüşdüyünü də qeyd edib. Onun sözlərinə görə, Kamran Əzizov İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının üzvü olub və həmin qruplaşmanın tərkibində döyüşmək üçün Suriyaya gedib: “Kamran Əzizov həmin təşkilata qoşulmağına görə, özünü təqsirli bilmir və bunu özünün şəxsi işi olduğunu qeyd edib”.

Qeyd edək ki, Kamran Əzizov bir çox azərbaycanlıları Suriyaya aparmaqda təqsirli bilinir.

Komitə sədrinin sözlərinə görə, saxlanma təcridxanasında digər təqsirləndirilən Vidadi Səfərovla görüşüb: “Vidadi Səfərov Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham olunaraq 2014-cü ilin dekabrın 29-da həbs olunub. Vidadi Səfərov İraq Şam İslam Dövləti terror təşkilatının tərkibinə qoşulub. O, ittiham üzrə özünü təqsirli bilir, bu terror təşkilatına qoşulduğuna görə peşman olduğunu deyib. Vidadi Səfərov ifadəsində təşkilatın tərkibində döyüşlərdə iştirak etmədiyini, lakin təlimlərə qatıldığını bildirib”.

E.Behbudov Qaraçuxur qəsəbəsində yerləşən məcidi yandırmaqda ittiham olunaraq həbs olunan Elnur Ələkbərov və Namiq Nəsibovla görüşdüyünü də dilə gətirib: “Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham edilir. Onlar İŞİD üzvlərinə və vəhabilərə qarşı nifrət etdiklərini bildirdilər. Onlar qeyd etdilər ki, həmin məscidə vəhabilər və İŞİD üzvləri yığışır. Bu səbəbdən də nifrət hisslərini cilovlaya bilməyiblər və həmin məscidi yandırıblar. Hər iki təqsirləndirilən şəxs törətdikləeri əməldən peşman olmadıqlarını bildiriblər”.

E.Behbudov görüşdüyü təqsirləndirilən şəxslərin saxlanma şəraitindən narazı olmadıqlarını vurğulayıb: “Onlara qarşı nəzarətçilərin hərəkətləri ilə maraqlandıq. Bundan da narazı olan yoxdur. Onlara hər gün 3 dəfə yemək verilir, onlar havaya çıxarılır. Saxlanma şəraitindən heç bir narazılıq etmirlər”.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər