15 Fevral 14:40
5 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun icraatında keçirilən prosesdə şahid qismində Ramin Quliyev ifadə verib.

O bildirib ki, Müdafiə Nazirliyi Maliyyə İdarəsinin təftiş şöbəsinin rəisi Rafael Xələfovun ailə sürücüsü olub: "Rəşaddan pul götürməmişəm, kiməsə də pul verməsinin şahidi olmamışam. Rəşad mənə Rafael Xələfova çatdırmaq üçün pul verməyib".

Daha sonra təqsirləndirilən Rəşad Məlikzadə şahidə suallar verib. O, Rafael Xəfəlova çatdırması üçün Biləcəri qəsəbəsində verilən pul barədə soruşub.

Lakin şahid Rafael Xələfova pul verilməsi barədə deyilənlərin düzgün olmadığını söyləyib. Bildirib ki, Rafael Xələfova çatdırmaq üçün paylar götürsə də, puldan xəbəri olmayıb.

Bundan sonra Rəşad Məlikzadə xarici ölkədən gələn zaman Rafael Xələfova çatdırmaq üçün həm pul, həm də hədiyyələr verdiyini deyib. Şahid isə bildirib ki, bir dəfə Rəşad Məlikzadədən Rafael Xələfova çatdırmaq üçün bəzəkli qutuda şokolad və konyak alıb, amma pul məsələsi olmayıb.

Bu zaman Rəşad Məlikzadə şahid Ramin Quliyevə “vicdan yaxşı şeydir, həqiqəti danış” deyib. Şahid də vicdanla danışdığını, həqiqəti dediyini bildirib.

Daha sonra şahid qismində Emin İbrahimov ifadə verib. O bildirib ki, Rəşad Məlikzadənin qonşusu olub: “Həm də brend geyimlərin satışı ilə məşğul olmuşuq, dükanımız var. Rafael Xələfovu da Rəşad Məlikzadənin vasitəsi ilə tanımışam. Rəşad Məlikzadə Rafael Xələfovu tanış edən zaman dedi ki, rəisimdir, gələndə ona pal-paltar verərsən. Sonradan Rafael Xələfov mağazaya gələrək pal-paltar seçərək aldı. Amma pul barədə mənimlə heç bir söhbət etmədi. Sonradan həmin malların pulunu Rəşad Məlikzadə mənə çatdırıb.

Rafael Xələfov müxtəlif vaxtlarda ümumilikdə 25-30 min manatlıq paltar alıb. Rafael Xələfov paltar alanda pul verməyi təklif etməyib. Rəşad Məlikzadə tapşırdığı üçün biz də istəməmişik. Amma pul versəydi, götürərdik. Sonradan pulu bizə Rəşad Məlikzadə verib”.

Emin İbrahimov daha sonra ifadəsində qeyd edib ki, pandemiya dövründə Rəşad Məlikzadə ona yeyib-içməyə yer tapmasını istəyib: “Rəşad Məlikzadə rəisi Rafael Xələfovun ürəyi "osetrin" (nərə) balığı istədiyini dedi. Məndən bunun üçün yeyib-içməyə yer tapmağımı istədi. Həmin dövrdə pandemiya ilə əlaqədar hər yer bağlı idi. Heç yer işləmirdi. Tək-tük yerlər də gizli işləyirdi.

Rəşad Məlikzadənin təklifi ilə onları bir tanışımın yerinə apardım. Orada yeyib-içdilər, mən içmədim. Həmin zaman Rəşad Məlikzadə mənə dedi ki, maşında 200 min manat pul var, maşının ətrafında nəzarət edim, yoxsa oğurlayarlar. Buna görə maşının ətrafında nəzarətlə məşğul oldum.

Onlar yeyib-içəndən sonra birlikdə evinin qarşısına gəldik. Orada Rəşad Məlikzadə ilə Rafael Xələfov öpüşüb-görüşərək ayrıldılar. Onların arasında olan başqa söhbətlərdən xəbərim olmayıb”.

Daha sonra prosesdə şahid qismində Həsən Paşayev ifadə verib. O bildirib ki, nazirliyin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsində işləyib. 2020-ci ilin mayında xüsusi tapşırıq əsasında Rəşad Məlikzadədən aldığı 200 min manatı nazirliyə çatdırıb.

Prokurorun suallarını cavablandıran şahid deyib ki, Rəşad Məlikzadədən cəmi bir dəfə xüsusi tapşırıqla pul alıb. Onun sözlərinə görə, işlədiyi dövrdə başqa-başqa yerlərdən xüsusi tapşırıqla 5-6 dəfə pul alıb və həmin pulları nazirliyə çatdırıb.

Həsən Paşayevin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli hissələri elan edilib. İfadədən məlum olur ki, xüsusi tapşırıqla alınan pullarla Rövşən Əliyev məşğul olub: “Rövşən Əliyev rəhmətə gedəndən sonra isə bu işləri görmək üçün Rafael Xələfov mənə tapşırıb”.

Növbəti proses fevralın 28-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxsin barəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar zamanı cinayət işi başlanıb.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə "N" saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib.

Məlum olub ki, istintaqın əvvəlində 9 milyondan çox mənimsəmədə ittiham olunan Rəşad Məlikzadəyə ziyanı ödəməsi üçün ilk vaxtlar fürsət verilib, sonradan xüsusilə külli miqdar təşkil edən ziyanın ödənilməsi ləngidiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs bu günə kimi 9 milyon 369 min manat vəsaitin cəmi 150 min manatını ödəyib.

Xatırladaq ki, cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov