Bakının Suraxanı rayonunda 1978-ci il təvəllüdlü Seymur 1985-ci il təvəllüdlü sevgilisi Ləmanı (adlar şərti verilib – red.) öldürüb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Seymur 3 iyul 2022-ci ildə saat 14 radələrində sevgi münasibətlərində olduğu Ləmanın son günlər onunla əlaqələrini kəsərək başqa şəxslərlə görüşməsini qısqanıb, həmçinin onun və ailə üzvlərinin ünvanına mobil telefonda nalayiq ifadələr işlətməsindən qəzəblənib.
Seymur Ləmandan qisas almaq məqsədilə bıçaqla onun yaşadığı Zığ qəsəbəsindəki binanın qarşısına gəlib. Ləmanın qapını açmasından istifadə edərək boğazından tutub, içəriyə doğru itələyib. Mənzilin dəhlizinin döşəməsi üzərinə yıxaraq bıçaqla bədənin müxtəlif nahiyələrinə zərbələr vurub. Qadın aldığı zərbələrdən vəfat edib.
“Ya evində, ya oteldə görüşürdük”
İstintaq orqanı tərəfindən Seymurun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzil toxunulmazlığını pozma) maddələri ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, evlidir, iki övladı var, ailəsi ilə birlikdə yaşayıb: “2002-ci ildə qəsdən sağlamlığa ağır zərər vurmaya görə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmuşam.
5 il 10 ay azadlıqdan məhrumetmə növündə cəza çəkmişəım. Zərərçəkmiş Ləmanı təxminən 3 ildir tanıyıram. Onunla həmin vaxt eyni binada yaşamışıq. Ləmanın əri ölüb, 2 oğlu ilə birlikdə bizimlə eyni binada yaşayıb və Nizami rayonunda gözəllik salonlarının birində işləyib. O vaxtdan biz görüşməyə başladıq. Ləmanın evində, yaxud oteldə görüşürdük”.
“Çox kişilərlə münasibətdə olmuşdu”
Təqsirləndirilən şəxs qeyd edib ki, Ləman hadisədən 1 il əvvəl övladları ilə Suraxanı rayonunun Zığ qəsəbəsinə köçüb: “Biz yenə görüşməyə davam etdik. Ləman kafedə ofisiant işləyirdi. Ona ayda təxminən 200-300 manat pul verir, arabir evinə ərzaq alırdım. Uşaqları Vüsal və Adil də məni tanıyırdılar.
Ayda bir neçə dəfə Ləmanın evinə gedirdim. Onda Ləman uşaqları həyətə oynamağa göndərirdi. Mənimlə birlikdə olduğu vaxt başqa heç kimlə münasibət salxlamadığını desə də, onun başqalarıyla da münasibəti olduğundan şübhələnirdim. Ləman isə bunu boynuna almırdı. Görüşdükləri kişilərin dostları olduğunu deyirdi. Məndən öncə o, çox kişilərlə münasibətdə olmuşdu”.
“Qapını açan olmadı”
Seymurun sözlərinə görə, iyulun 15-də Rusiyaya getməyi planlaşdırdığından Ləmana tez-tez görüşməyi təklif edib: “Ləman uşaqları Yevlax rayonuna göndərsə də, bunu mənə bildirməmişdi. Ləmanın oğlu Adillə danışdığından başa düşdüm ki, onu qardaşı ilə Yevlaxa yollayıb. Bunu bildiyimi Ləmana demədim.
İyulun 1-də Ləmana mesaj yazaraq səhəri gün saat 18.00-da evinə gələcəyimi bildirdim. O da mənə gəl, ya gəlmə demədi. Səhəri gün saat 11 radələrində yenidən axşam Ləmana onun evinə gələcəyimi dedim.
Axşam saat təxminən 19 radələrində Zığa getdim. Qapını döysəm də açan olmadı. Ləmanın yatdığını düşündüm, bir qədər gözlədikdən sonra həyətə düşdüm. Həyətdə gəzişdikdən sonra yuxarı qalxdım, yenə qapını açan olmadı”.
“Vuracağımdan qorxdu”
Seymur qeyd edib ki, saat 21.00-a qədər Ləmanın yaşadığı binanın həyətində gəzişib, bir neçə dəfə qalxaraq qapını döyüb: “Dəfələrlə telefonuna zəng vursam da, cavab vermədi. Sonradan Ləman mənə vatsapda mesaj yazaraq rayonda olduğunu bildirdi. Yenidən zəng vurduqda ona zəng çatmadı, telefonu söndürmüşdü.
Ləmanın oğlu Adilə zəng vurdum, telefonu Ləmanın anası götürdü. Ləmanın iş yerindən zəng vurduğumu dedim, Ləmanın Yevlax rayonunda olub-olmadığını soruşdum. Qadın qızının rayona gəlmədiyini dedi. Ləmanın mənə yalan danışdığını anladım. Binanın həyətində Ləmanın gəlməyini gözlədim.
Saat təxminən 00.00-da həyətdə olarkən Ləmanın ağ rəngli “Kia Rio" markalı maşından düşdüyünü gördüm. Maşının sürücüsü kişi idi. Ləmandan haradan gəldiyini, maşını sürənin kim olduğunu soruşdum. O da müştərisinin saçını düzəltməkdən gəldiyini, gəldiyi maşının taksi olduğunu dedi.
Ləmandan niyə yalandan Yevlaxda olduğunu söyləməsinin səbəbini soruşdum. Mənim əsəbi olduğumu görüb, onu vuracağımdan qorxdu”.
“Mühafizəçilərin yanılna qaçdı”
Təqsirləndirilən şəxsin sözlərinə görə, onlar həyətdəki oturacaqda oturublar: “Ləman qorxduğu üçün məndən sakitləşməyimi xahiş elədi, evə qalxıb orada söhbət etməyimizi təklif etdi. O, evin açarının mühafizədə olduğunu deyib, mühafizəçi olan köşkə getdi. Tez içəri girərək, mühafizəçidən kömək istədi, polisə xəbər verməyi bildirdi.
Mühafizəçi məndən yaşca böyük olardı. O, buranı tərk etməyimi tələb etdi. Bir nəfər gənc oğlan da vardı. Oğlan mənə əsəbi olduğumu söylədi, sakitləşmək üçün getməyimi məsləhət bildi. Ləmanın həmin şəxslərin yanından uzaqlaşmadığını gördüm, taksi çağıraraq öz yaşadığım evə getdim. Gecə təxminən saat 1 radələri olardı”.
Təqsirləndirilən şəxs bildirib ki, səhər işə getməyib: “Saat 10.30-da Ləman mənə mesaj yazdı. Ona 10-15 dəqiqə sonra yazmasını, evdə olduğumu dedim. Lakin Ləman mənə artıq-əksik sözlər yazdı, səs ataraq "sənin ailənin, arvadının başına oyun açdıracam, 3-4 adamla evinə gəlib sənin və sənin arvadının başına oyun açdıracam” dedi.
Bu sözlər məni əsəbləşdirdi. Saat təxminən 11 radələrində taksi ilə Ləmanın yaşadığı evə doğru getdim. O, vatsapda yenə mənə təhqiramiz sözlər dedi. Mən də eyni cavabı verdim. Ləmanın yaşadığı evə çatdım. Bir qədər binanın həyətində gəzişə-gəzişə Ləmanla danışdım. O, yenə mənim ailəmi təhqir eldi”.
“Əlimdə bıçaq, üst-başım qan içində olub”
Təqsirləndirilən şəxs bildirib ki, liftlə binanın 4-cü mərtəbəsinə, Ləmanın yaşadığı mənzilə qalxıb: “Çox əsəbiydim. Ümumi dəhlizdə Ləmanın mənzilinin içərisindən səs gəlirdi, o, kiminləsə telefonla danışırdı. Bir qədər gözləyib qapını döydüm. Qapı açıldı. Dərhal Ləmanın boğazından tutub itələdim, o, yerə yıxıldı. Evin içinə girərək Ləmanın üzərinə hücum etdim. Özümlə gəzdirdiyim bıçağı çıxardaraq bədəninin müxtəlif nahiyələrinə zərbə endirməyə başladım.
Daha çox Ləmanın bədəninin yuxarı hissəsinə, döş qəfəsi və qarın nahiyəsinə zərbə vururdum. Ləman yerdə olarkən əli ilə mənə mane olmağa, bıçaq zərbələrinin qarşısını almağa çalışırdı. Bıçaqdan tutaraq "vurma, qələt eləmişəm, balam var, məni öldürmə” deyə yalvarırdı. Mən isə "balanı fikirləşirdinsə, belə hərəkət eləməzdin" deyərək yenidən Ləmana bıçaq zərbəsi endirdim.
Ləman qışqıraraq kömək istəyirdi, qapı açıq idi. Səsə bir nəfər qonşu qadın gəldi. Məni görəndə qorxdu. Ona getməsini dedim. O da uzaqlaşaraq getdi, kömək üçün qışqırdı.
Evdən çıxıb liftə tərəf yönəldim. Liflə çatanda qonşu qadını gördüm, qışqıraraq köməyə adam çağırırdı. Əlində telefon tutmuşdu. Ya həkimə, ya da polisə zəng vurduğunu düşündüm.
Liftin qarşısında olarkən Ləman arxamca gəldi. Nəsə desə də, nə söylədyini anlamadım. Bıçaqla kürək nahiyəsindən vurdum. Bundan sonra liftə minərək aşağı düşdüm. Əlimdə bıçaq, üst-başım qan içindəydi. Həyətdən çıxıb yola tərəf getdim. Avtobusa əl eləsəm də, sürücü məni görərək saxlamadı.
Yolu keçib getdikdə arxamdan gələn tanımadığım adamlar qışqıraraq təslim olmağımı istədilər. Onlara burdan gedin dedim. Cəld tərpənib bir qədər oradan uzaqlaşdım. Yanımda bir maşın saxladı. Maşından polis olduğunu deyən mülki geyimdə bir şəxs düşdü. Məndən bıçağı yerə atmağımı və ya onlara təhvil verməyimi tələb eldi. Bıçağı polis əməkdaşına təhvil verdim. Post patrul xidmətinin maşını gələrək məni polis bölməsinə apardı”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Seymur 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.