22 Fevral 10:09
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bank Respublika”nın Sabirabad filialının korporativ müştəri xidməti üzrə baş mütəxəssisi Rail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Sabirabad sakinlərinin banka qoyduqları əmanətlər “Tik-tok” sosial şəbəkəsində hədiyyə paylanmasına sərf olunub. Bu olay “Bank Respublika”nın Sabirabad filialında 8 nəfər əmanətçinin başına gəlib. Ümumilikdə 160 min manata yaxın yeyintidən söhbət gedir.

“Bank Respublika”nın Sabirabad filialının korporativ müştəri xidməti üzrə baş mütəxəssisi Rail Hüseynov əmanətçilərin pulları hesabına “Tik-tok”da istifadəçilərə hədiyyələr göndərməkdə suçlanıb.

13 il bu bankda çalışmış mütəxəssis 2023-cü ilin mayında – əmanətlərlə bağlı problemin üstü açılandan sonra işdən çıxarılıb. Ardınca onun haqqında 158 min 969 manatlıq yeyinti ittihamıyla cinayət işi başlanıb.

Ona qarşı külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı kimi ittihamlar irəli sürülüb. Amma özü həbs olunmayıb, haqqında həm istintaq, həm də məhkəmə dövrü üçün polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Cinayət işinin materiallarına görə, 8 nəfər Sabirabad sakininin bankda olan pullarıyla bağlı müqavilələrə onların özlərinin xəbəri olmadan xitam verilib. İddia olunur ki, bu işi təqsirləndirilən bank əməkdaşı eləyib. Onların hesabında olan vəsaitləri isə ya özünün, ya da anasının adına olan bank hesabına köçürüb. O hesablardan da “Tik-tok”a yönləndirib.

40 yaşlı təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, məqsədi “Tik-tok” vasitəsilə pul qazanmaq olub. Onun sözlərinə görə, bu sosial şəbəkədə istifadəçilərin paylaşımlarına pulla müxtəlif nişanlar alıb hədiyyə göndərilir. Hədiyyəni alan istifadəçi həmin nişanları “Tik-tok”dan pul şəklində nağdlaşdıra bilir. Bir sıra hallarda hədiyyəni alan şəxs onu göndərənə də eyni formada qarşılıq verir – o da nişan şəklində pul göndərir: “Öyrənmişdim ki, pulla alınan virtual hədiyyənin dəyərini “Tik-tok”dan 2 ay ərzində geri qaytarmaq mümkündür. “Tik-tok”a yazırsan ki, həmin hədiyyə səhvən alınıb, bu səbəbdən pulun geri qaytarılmasını xahiş edirəm. Pul geri qaytarılır. Belə olan halda, həm hədiyyəyə xərclədiyi pulu geri alırsan, həm də müxtəlif istifadəçilərin qarşılıq olaraq sənə göndərdiyi nişanları nağdlaşdırıb pula çevirirsən”.

Rail Hüseynovun sözlərinə görə, öncə kiçik məbləğlərlə bu cür pul qazanmağı sınaqdan keçirib və uğurlu alınıb. Bu üzdən daha böyük məbləğlər yatırmaq qərarına gəlib. Özünün pulu olmadığına görə bankın müştərilərinin pullarından istifadə edib. Amma bu dəfə uğursuz olub – nişanlar almağa xərclədiyi vəsaiti “Tik-tok”dan geri ala bilməyib:

“Bildirildi ki, həmin hədiyyələri “Tik-tok”un elektron mağazasından yox, saytından almışam. Buna görə də hədiyyələrə xərclənın pulu geri qaytarmaq mümkün deyil. Bilmirdim ki, bu şəbəkədə belə qayda var”.

O, əməlindən çox peşman olduğunu vurğulayıb. Əlavə edib ki, banka vurduğu zərərin məbləği artıq hesablanıb. Məsələn, hesabda qalan 22 min manat ümumi ziyandan çıxılmayıb.

“Bank Respublika”dakı sistemə görə, yalnız bir işçi müştəri ilə müqaviləyə xitam verə bilməz. Onun hazırladığı müqaviləni başqa mütəxəssis də imzalamalıdır.

Digər mütəxəssislər məhkəmədə dindiriləndə deyiblər ki, Rail uzun müddətdir iş yoldaşlarıdır, ona etibar edirdilər. Bu səbəbdən onun hazırladığı sənədə şübhə ilə yanaşmayıb, xüsusi yoxlamaya ehtiyac görməyiblər – onun yönləndirdiyi sənədi imzalayıblar.

Bu cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb və bank əməkdaşı məhkəmə zalında həbs olunub. Məhkəmənin hökmü ilə ona 7 il həbs cəzası verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər