“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov apellyasiya şikayəti üzrə keçirilən məhkəməyə bir neçə nəfərin çağırılmasını istəyib.
Teleqraf.com-un xəbərinə görə, bunlardan da biri korpus komandiri Mais Bərxudarovdur.
Bəkir Oricovun vəkili tərəfindən məhkəməyə təqdim olunan vəsatətdə korpus komandiri Mais Bərxudarovun şahid qismində ifadə verməsi istənilib. Məhkəmə Mais Bərxudarovun məhkəməyə çağırılması ilə bağlı vəsatəti baxılmamış saxlayıb.
***
11.23
“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri bir neçə vəsatətlə çıxış ediblər.
Əvvəlcə Bəkir Orucov və digər təqsirləndirilən şəxslərin vəkilləri apellyasiya şikayətlərinin məhkəmə istintaqı ilə aparılması barədə vəsatət veriblər.
Daha sonar vəkillər Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə zabitin məhkəməyə çağırılmasını istəyiblər.
Müdafiə tərəfi həmin şəxslərin məhkəmədə deyəcəklərinin iş üçün əhəmiyyət kəsb etdiyini deyiblər.
Hakim heyəti apellyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılması barədə vəsatəti təmin etməyib.
Nəciməddin Sadıkov və digərlərinin əlavə şahid kimi məhkəməyə çağırılması ilə bağlı vəsatət isə hazırkı mərhələdə baxılmamış saxlanılıb.
Hakim deyib ki, məhkəmə baxışının gedişində həmin vəsatət yenidən müzakir oluna bilər.
Növbəti porses fevralın 28-i davam edəcək.
Qeyd edək ki, 2023-cü ilin dekabrın 28-də Bakı Hərbi Məhkəməsinin hökmü ilə Bəkir Orucov 9 il 6 ay, İntiqam Məmmədov 6 il 6 ay, və Rahib Məmmədova 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Zamində olan Ülvi Rəşidov və Ziya Kazımovun hər birinə 9 il 6 ay cəza verilib. Ülvi Rəşidov və Ziya Kazımovun barəsində həbs qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalından həbs edilib.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.