25 Sentyabr 17:26
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin sabiq şöbə rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov barəsində hökmlərdən apellyasiya protesti verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, bəzi sosial media səhifələrində Şirvanov Mahir Məhərrəm oğlu və Qurbanov Məlikməmməd Oruc oğlunun barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən aşağı həddə cəza təyin edilməsi barədə məlumatlar yayılıb.

Belə ki, Mahir Şirvanov və Məlikməmməd Qurbanovun Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi vəzifəsində işlədikləri müddətdə digər şəxslərlə cinayət əlaqəsinə girərək külli miqdarda dövlət əmlakını mənimsəmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onların hər ikisi Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işləri üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bakı Hərbi Məhkəməsinin 09.09.2024-cü il tarixli hökmləri ilə Mahir Şirvanov və Məlikməmməd Qurbanov Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib, onlara məhkum edildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı cəza - Mahir Şirvanova 3 il müddətinə, Məlikməmməd Qurbanova 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Təqsirləndirilən şəxslərin əməlinin xarakteri və ictimai təhlükəliliyi, habelə Cinayət qanunun normasının düzgün tətbiq edilməyərək onlara qanunla nəzərdə tutulan həddən aşağı cəzanın təyin edilməsi nəzərə alınaraq, qeyd edilən hökmlərdən sentyabrın 24-də dövlət ittihamçısı tərəfindən apellyasiya protestləri verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər