24 Sentyabr 10:09
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Külli miqdarda dələduzluqda təqsirləndirilən, yükdaşıma xidmətləri ilə məşğul olan "R Group Azerbaijan" şirkətinin rəhbəri Rəmiş Cəfərovun və onun atası Zəkrəm Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Rəmiş Cəfərov 6 il azadlıqdan məhrum edilib. Onun atası isə həbsə göndərilməyib. Z.Cəfərova 2 il sınaq müddəti seçilməklə 5 il cəza verilib, onun həbsi şərti hesab edilib​.

Qeyd edək ki, 2022-ci ilin fevralın 17-i səhər saatlarında "R Group Azerbaijan" şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayıblar. Nəticədə saatlarla süni tıxac yaranıb. Hadisə ilə bağlı Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə Rəmiş Cəfərovun barəsində 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarılıb. Digər şəxslər isə 30 sutka həbs olunublar.

Daha sonra Rəmiş Cəfərovun Belarus vətəndaşı Yuriy Qnoyanikə məxsus 37 min ABŞ dollarından çox dəyəri olan yükü ələ keçirdiyi, Anar İsgəndərov, Elman Əkbərov, İftixar Mehdiyev və Əlikram Məmmədov adlı vətəndaşlara məxsus ümumilikdə 68 min ABŞ dolları dəyərində mal və məhsulların daşınmasında onlara maddi ziyan vurduğu üzə çıxıb.

Habelə analoji qanunazidd hərəkətləri ilə bağlı Alim Hüseynovun da şikayətçi olduğu məlum olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər