17 Oktyabr 10:30
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilən "Quska” ləqəbi ilə tanınan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin iştirakı mümkün olmayıb.

Bu səbəbdən məhkəmənin növbəti iclası oktyabrın 31-ə təyin olunub.

İttihama görə, Hüseyn Abdullayev bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürüb. O, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırıb.
Bu əməllərinə görə ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Hakim Abdullayevin nəzərinə çatdırıb ki, təqsirli bilinərsə, 7 ildən 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib. İttihama münasibət bildirən Hüseyn Abdullayev özünü təqsirli bilmir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər