Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu Qəbələ rayonunda iş adamının qətlə yetirilməsi ilə bağlı növbəti açıqlama yayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, respublikanın hüquq-mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə ölkə ərazisində bir sıra ağır cinayətlər, o cümlədən quldurluqlar, oğurluqlar törətməkdə, ötən il noyabrın 24-də Qəbələ şəhər sakini, iş adamı Vahid Vahabovu odlu silahla qətlə yetirməkdə, həmçinin, vətəndaşlara ağır xəsarətlər yetirməkdə, onlara məxsus avtomobilləri qaçırmaqda şübhəli bilinən daha bir təhlükəli mütəşəkkil cinayətkar dəstə ifşa edilib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən xeyli miqdarda odlu və soyuq silah-sursat götürülüb.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətlərinin, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, həmin cinayətkar dəstənin daha 4 üzvü - Xəlil Məmmədov, Rəşad Səfəralıyev, Şakir Məmmədov və İlqar Abdullayev tutularaq məsuliyyətə cəlb olunublar. Bu şəxslərə məxsus evlərə baxış zamanı da 5 ədəd əl qumbarası, 1 tapança, 160 müxtəlif çaplı patron tapılaraq götürülüb və müvafiq qaydada sənədləşdirilib.
Mütəşəkkil dəstənin digər üzvlərinin tapılıb tutulmaları, onların başqa cinayətlərdə iştiraklarının müəyyənləşdirilməsi istiqamətində zəruri əməliyyat- axtarış və istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl yaylan açıqlama görə, ötən il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə odlu silahla qətlə yetirlmiş meyiti tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Araşdırmalarla müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan əvvəllər məhkum edilmiş Nurəddin Xəlilova, Müşfıq Mikayılova, Rəşad Həşimliyə və Əhməd Kərimova məlumat verib.
Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl- zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər. Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə getmiş, təxminən saat 04:00 radələrində üzlərinə maska taxaraq quldurcasına Vahid Vahabovun yaşadığı mənzilə soxulub, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, “Vincester” markalı tüfəng, “Revolver” tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapaçaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanmış dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulmuş digər əşyalar götürülüb.
Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin ötən il martın 18-də və iyulun 18-də Bakı şəhər sakinləri - Gündüz Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə basqın edərək ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət və və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, cari il yanvarın 31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə, 1 ov tüfəngi oğurlamaları müəyyən edilib.
Qətlə yetirilən Vahid Vahabov Qəbələ rayonunda yerləşən “Soyuq Bulaq” istirahət mərkəzinin sahibi olub.
Hacı Zeynalov