15 Aprel 2015 16:36
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində quldurluqda ittiham olunan Famil Cavadov və Vüsal Qasımovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, 2014-cü ilin fevralın 22-də Zığ qəsəbəsi R.Göyüşov küçəsində yerləşən hoteldə naməlum şəxslər Bakı şəhər sakini İlqar Əbilovu bıçaq və ülgüclə hədələyərək ondan 5547 manat və 3405 ABŞ dollar alıblar.

Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Famil Cavadov fevralın 24-də, cinayətin digər iştirakçı 1988-ci il təvəllüdlü Vüsal Qasımov isə iyunun 22-də tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Famil Cavadov 14 il, Vüsal Qasımov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər. Vəkillər apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılmasını istəyiblər. Amma hakimlər vəsatəti təmin etməyiblər və apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul ediblər.

Qərardan narazı qalan müdafiəçilər kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasının qərarının ləğv edilməsini istəyiblər. Onların şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Bu səbəbdən apelyasiya instansiyasında məhkəmə baxışı qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Hacı Zeynalov


Müəllif: