Daxili İşlər Nazirliyi aprelin 21-də Səbail rayonu ərazisindəki “Bulaq” restoranında baş verən silahlı insidentlə bağlı növbəti açıqlama yayıb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Nərimanov Rayon Polis İdarəsi, Qazax və Ağstafa rayon polis şöbələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də Səbail rayonu ərazisindəki “Bulaq” restoranında baş vermiş münaqişə zamanı “Makarov” markalı tapançadan atəş açaraq Fuad Əkbərova və Süleyman Abdullayevə xəsarət yetirmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Samir Allahyarov Qazax rayonu ərazisində tutulub.
Onun hadisəni törədərkən istifadə etdiyi silahı gizlətmək üçün həmyerlisi Cavidan Şeydayevə verməsi müəyyən edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq Cavidan Şeydayev tutulub, onun kirayədə yaşadığı mənzilə baxış zamanı “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 2,510 qram heroin aşkar edilərək götürülüb.
Qeyd edək ki, aprelin 20-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında silahl insident baş verib. Hadisə zamanı Fuad Əkbərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub. Bu hadisənin də kriminal aləmə yaxınlığı ilə seçilən şəxslərlə əlbir olması ehtimal olunur.
Bu qanlı cinayət hadisəsindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Sabunçu rayonunda əməliyyat keçiriblər. İlkin ehtimala görə, kriminal aləmin avtoritetlərinin tərəfdarları arasında mübahisə yaranıb və sonda cinayət hadisəsi baş verib.
Hacı Zeynalov