2 May 2016 14:46
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində 1975-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Sahib Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sahib Məmmədov tanışı Ruslan Abbasovun inam və etibarından istifadə edərək ona qarşı dələduzluq edib.

Sahib Məmmədov tanışına 50 min manat ipoteka krediti düzəldəcəyini vəd edib və bunun müqabilində əvvəlcədən 5000 manat lazım olduğunu deyib. O 2014-cü ilin sentyabr ayında Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində “Azuqə” marketin yaxınlığında ondan 5000 manat alıb.

Sahib Məmmədov Ruslan Abbasovu növbəti dəfə başqa bəhanə ilə aldadıb. O, pula ehtiyacı olduğunu, Ruslan Abbasova düzəldəcəyi 50 min manat ipoteka krediti müqabilində ona çatacağı 10 min manatdan 1000 manatını əvvəlcədən istəyib. 2014-cü ilin oktyabr ayında Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində “Xəlifə” şadlıq evinin yaxınlığında Ruslan Abbasov ona 1000 manat da verib.

Sahib Məmmədov 17 may 2015-ci il tarixdə, saat 21 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində, ipoteka krediti düzəldəcəyini vəd edərək, 6000 manatını ələ keçirdiyi Ruslan Abbasov ilə qarşılaşıb. Bu zaman onların arasında mübahisə yaranıb.

Sahib Məmmədov özündə olan iti kənara malik alətlə Ruslan Abbasova bədən xəsarəti yetirib.
Sahib Məmmədov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü (təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham edilib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 4 il azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Sahib Məmmədov apelyasiya şikayəti verərək, barəsində daha ədalətli qərar çıxarılmasını istəyib.

Apelyasiya şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər