Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Əli Quliyev, İlham Abbasov və Teyyub Teymurovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini İlham Abbasov, Abşeron rayon sakini Əli Quliyev və Lənkəran rayon sakini Teyyub Teymurov tutulublar.
Aparılan istintaq zamanı müəyyən edilib ki, qabaqcadan əlbir olan dəstə üzvləri özgənin əmlakını ələ keçirmək məqsədilə başlarına maska keçirərək, Mərdəkan qəsəbəsində yaşayan vətəndaş Nelli Seyfullayevanın evinə daxil olaraq ev sahibinin əl-ayağını, həmçinin ağzını yapışqanlı lentlə bağlayaraq ondan pul tələb ediblər.
Nəticədə quldurlar zərərçəkənin min manat pulunu və bir ədəd mobil telefonunu ələ keçirərək hadisə yerindən qaçıblar.
Məlum ki, dəstə üzvlərindən iki nəfər - İlham Abbasov və Teyyub Teymurov bir müddət əvvəl həmin mənzildə fəhlə kimi işləyiblər və bu səbəbdən evdə pul olması barədə onlar məlumatlı olublar.
Məhkəmənin hökmü ilə Əli Quliyev 10 il, İlham Abbasov 10 il, Teyyub Teymurov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov