(ABŞ Konqresində keçirilmiş dinləmələrə sözardı)
ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilmiş dinləmələr ölkəmizə və ümumiyyətlə Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar edilməsinə qarşı ABŞ-da fəaliyyət göstərən erməni lobbisinin növbəti təxribatıdır.
Uzun illər ərzində qatı anti-türk və anti-Azərbaycan fəaliyyəti ilə tanınmış Bob Menendesə qarşı rüşvət iddiası ilə cinayət işi açıldlqdan sonra ABŞ Konqresində erməni maraqlarını gündəmə gətirən yeni simalar peyda olub. Erməni lobbisinin yeni tərəfdaşı rolunda çıxış edən Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin dinləmələrdən öncə Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşüb və bütün təlimatları alıb. Amerika Konqresi Azərbaycana hərbi-texniki yardımı dayandırmalı və Ermənistana bütün zəruri yardımları, o cümlədən hərbi yardımları artırmalıdır. Bu addımların ilk növbədə Rusiyanın Cənubi Qafqazda mövcudluğuna qarşı atıldığı da aydındır. Lakin bu geo-politik gedişlərin fonunda Azərbaycana qarşı təhdid və təzyiqlərin göstərilməsi qəbuledilməzdir. Bunu ABŞ administrasiyasının diqqətinə çatdırmaq üçün Azərbaycan bu ayın sonuna yaxın Vaşinqtonda keçirilməsi nəzərdə tutulan görüşlərə qatılmaqdan imtina edib.
Baş verən proseslərdə bizim üçün təəccüb doğuracaq bir yenilik yoxdur. Çünki dünyanın müxtəlif bölgələrində baş verən siyasi kataklizmlər, müharibələr, dövlət çevrilişləri, vətəndaş müharibələrində ABŞ-ın iştirakı və rolu hamıya bəllidir. Liviyada, Suriyada, İraqda, Əfqanıstanda baş vermiş hadisələr ABŞ-nın həmin ölkələrə gətirdiyi sülh, sabitlik və demokratiyanın ən “parlaq” örnəkləridir. Hazırda Ukraynada və Qəzza bölgəsində baş verənlər faciələr də məhz ABŞ-nın və onun Avropa tərəfdaşlarının bu bölgələrlə bağlı apardığı siyasətin qanlı nəticələridir.
Cənubi Qafqaz bölgəsi ilə də bağlı ABŞ-nın son 30 ildə apardığı siyasət də bölgənin maraqları baxımından heç zaman ürəkaçan olmayıb. Torpaqlarımızın 30 ildən artıq işğal altında qaldığı müddətdə ABŞ bir dəfə də olsun Ermənistanı qınamayıb, onu təcavüzkar adlandırmayıb, əksinə 1992-ci ildə təcavüzə məruz qalmış Azərbaycana qarşı “Azadlığa dəstək Aktına” “907-ci düzəliş”i qəbul edib. 30 il ərzində ABŞ BMT TŞ-nin məlum 4 qətnaməsinin icrası istiqamətində heç bir əməli addım atmayıb. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ Azərbaycan ərazilərinin işğalına, etnik təmizləməyə, milli-mədəni irsimizin məhv edilməsinə və təbii sərvətlərimizin işğalçılar tərəfindən talanmasına susqunluq nümayiş etdirib. ABŞ Konqresi işğal illəri ərzində davamlı olaraq Qarabağdakı separatçılara ildə 10 milyon dollar vəsait ayırıb, bizim torpaqlarımızda terrorçuluq fəaliyyəti ilə məşğul olmaq üçün separatçıların ABŞ-da yardım kampaniyaları keçirib pul yığmalarına şərait yaradıb, qeyri-qanuni rejimin bu ölkədə nümayəndəliyinin fəaliyyət göstərməsinə göz yumub. Bütün bunları xatırlayanda ABŞ-nın Azərbaycana real münasibəti tam çılpaqlığı ilə üzə çıxır.
İndi bölgədə vəziyyət dəyişib. Azərbaycan ordusunun şücaəti və fədakarlığı sayəsində tarixi ədalət bərqərar olunub.
Amma bu ədalətin bərqərar olunmasında nə ABŞ, nə Avropa bir addım belə atıb. Əksinə, Azərbaycanın öz gücünə işğal faktını aradan qaldırmasına bir çox qlobal güc mərkəzləri, o cümlədən ABŞ və Avropanın bir sıra dövlətləri qısqanclıqla yanaşırlar. Bunu başa düşmək olar. Çünki 30 il ərzində onların həll edə bilmədiyi bir münaqişəni beynəlxalq hüquq normaları çərçivəsində və ən ədalətli şəkildə biz özümüz həll etmişik. Onlar isə münaqişənin həll olunması ilə bütövlükdə Cənubi Qafqaz bölgəsinə müdaxilə etmək və bölgə dövlətlərinə öz iradələrini diktə etmək və təzyiq göstərmək imkanlarından məhrum olublar. Odur ki, Fransa Ermənistanı silahlandırmaqla iki ölkə arasında münasibətlərin normallaşmasına mane olmaq, Ermənistanı revanşa həvəsləndirmək, ABŞ isə öz növbəsində maddi, siyasi və hərbi yardımlar vasitəsilə erməni faşizminə dirçəliş ümidi vermək yolunu tutublar. Bu məqsədlə həmişə olduğu kimi yenə də Ermənistandan bölgədə sabitliyi pozmaq və xarici güclərin Cənubi Qafqaza müdaxiləsinə əsas yaratmaq üçün istifadə olunur.
Lakin artıq gecdir, Cənubi Qafqazda münasibətləri gərginləşdirmək cəhdləri iflasa uğramağa məhkumdur. Azərbaycan öz iradəsi ilə öz gücünə ərazi bütövlüyünü təmin edib və bölgədə elə bir reallıq yaradıb ki, onu dəyişdirmək o qədər də asan olmayacaq. Bölgəmizdə Azərbaycanın söz sahibliyini təmin edən yeni geo-politik vəziyyət bölgədən kənar güclərin Cənubi Qafqaza müdaxiləsini minimuma endirib. Yeni dünya nizamından danışaraq əslində yeni müstəmləkiçilik siyasəti yürüdən güc mərkəzlərinin Cənubi Qafqaza müdaxilə cəhdləri isə “daldan atılan daş”ı xatırladır. Daldan atılan daş isə topuğa dəyər – deyiblər.