6 Sentyabr 2016 16:05
2 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış ədəbiyyatşünas-tənqidçi İradə Musayeva Belarusun “Molodost” jurnalına müsahibə verib. Teleqraf.com həmin müsahibəni təqdim edir:

- İradə xanım, hal-hazırda Azərbaycan ədəbiyyatında 30-35 yaş həddində olan, yaradıcılığına ümid bəslədiyiniz nasir və şairləriniz varmı?

- Azərbaycan ədəbiyyatında bu gün, əlbəttə, yaradıcılıq axtarışları davam edir. İntellektual yaradıcı gəncliyimiz var. Amma təbii ki, həmin gəncliyin böyük ədəbiyyat müəllifi kimi yetişməsi üçün yalnız bu fakt kifayət etmir. Həm də onları yetişdirən ədəbi mühit, səviyyəli oxucu auditoriyası və yaradıcılıq imkanları (maddi, mənəvi-psixoloji rahatlıq baxımından təminat və s) lazımdır. Elə gənc yazarlar nəsli oldu ki, bizdə, maddi sıxıntı ucbatından publisist kimi fəaliyyət göstərdilər, qonarar, gündəlik dolanışıq naminə köşə yazıları yazdılar, bədii yaradıcılıq üçün yetərincə gücləri qalmadı... Məsələn, Şərif Ağayar, Aqşin Yenisey, Kəramət Böyükçöl, Cavid Zeynallı, Günel Mövlud, Sevinc Elsevər, Fərid Hüseyn, Mirmehdi Ağaoğlu, Pərviz Cəbrayıl və başqa bu kimi cavan müəlliflər var ki, gözümüz qarşısında həmin acı ədəbi taleyi yaşadılar və şəxsən, mənim gözlədiyim mərhələyə çata bilmədilər... Öz bədii yaradıcılıq potensiallarını, istedadlarını çox zaman bu “köşə”lərdə, “künc yazıları”nda xərclədilər...

Sovet hakimiyyəti dağıldı, azad, sərbəst şəkildə fikrini ifadə etmək üçün şərait yarandı, - deyə, sevindik. Amma əvəzində bazar iqtisadiyyatı deyilən ictimai-iqtisadi formasiyanın elə şəkli ilə rastlaşdıq ki, bazarlaşan münasibətlərdə bəzən əsil ədəbi, obyektiv, səmimi bədii sözə meydan verilmədiyinin şahidi olduq… Hələ «keçid dövrü» dediyimiz bir keçiddə də bir nəslin (məsələn, poeziyada İlham Qəhrəman, Qulu Ağsəs, Nisə Bəyim, Salam Sarvan və başqaları) ədəbi taleyi qarmaqarışıqlığa düşdü və yaradıcılıq imkanları, daha geniş dairələrdə tanınması üçün əngəllər yarandı, bir tərəfdən də müharibəmiz… Ümumilikdə isə ədəbiyyatımızın yeni tendensiyalar, yeni təmayüllər əsasında inkişafı isə danılmazdır… Adlarını çəkdiyim yazarların isə yaşlarını dəqiq bilməsım də, onları ədəbi gəncliyin istedadlılarından sayıram…

- Sizin gənc yazarlar avanqard, modern yaradıcılıq tendensiyasına üstünlük verirlər, ya ənənəyə?

Bu gün bizim ədəbi gənclik modern və postmodern sənətin mahiyyətini, fəlsəfəsini, nəzəri-estetik səciyyəsini öyrənməyə çox meyillidir. Onlar ənənədən kənara çıxmağa çalışırlar. Çünki, artıq dünya ədəbiyyatı nümunələri ilə əhatəli tanışlıq, qlobal düşünmək və bəşəri dəyərlər, eləcə də irimiqyaslı məğlubiyyətlər, tənəzzüllər və sivilizasiyalar haqqında dərindən fikirləşmək zərurəti yaranıb. Artıq ədəbiyyat öz ideoloji kateqoriya olmaq funksiyasını itirib. Sovet ideoloji şöbələrinin nəzarəti və senzurasının diktəsindən kənara çıxa bilir, ona görə də dünya ədəbi-estetik düşüncəsi və modern təfəkkürü ilə paralel addımlamaq qətiyyəti yaranıb - bizdə də...

Modernizmin bir ədəbi-mədəni cərəyan kimi dünyanı dolaşdığı vaxtdan bir əsrdən çox vaxt keçib. Bizim ədəbiyyatşünaslıq onun nəzəriyyəsinin təhlilini indi aktuallaşdırır. Bununla bağlı “Ədəbiyyat qəzeti”ndə, “Azərbaycan”, “Ulduz” jurnallarında, eləcə də müxtəlif ədəbiyyat saytlarında silsilə yazılar çap olunur. Biz hələ də bir çox ədəbi cərəyanlar (sürrealizm , neoklassisizm, naturalizm, simvolizm, futurizm, dadaizm, ekzistensializm, personalizm, impressionism, ekspressionizm) haqqında yalnız bizə yad bir məfhumu işarələrlə anladırmış kimi danışırıq. Halbuki, bu ədəbi-estetik baxış formalarına aid nümunələr həqiqətən də bizim mədəniyyət və ədəbiyyat nümunələrində olub. XX əsrin əvvəllərində Hüseyn Cavid, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə və onların davamçılarının yaratdığı ədəbiyyatda bunu görmək olar. XX əsrin 60-cı illərində isə sənətin müxtəlif sahələrində Azərbaycan modern baxış fəlsəfəsi və estetikası artıq dünya miqyasında tanınmağa başlamışdı. Musiqidə Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Cövdət Hacıyev, Niyazi, Vaqif Mustafazadə, rəssamlıqda Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Tahir Salahov, Səttar Bəhlulzadə, Mircavad Cavadov və başqalarının adını çəkə bilərik. Dünyaya çıxa bilən modern sənət yaradıcıları idi bu insanlar... XX əsrin 90-cı illər «dağıntıları»ndan, «20 yanvar», bitməyən Qarabağ müharibəsi, öz torpağında didərginlik həyatı yaşamaq ağrısı və s. bu kimi problemlər sanki bütün sahələrdə olduğu kimi ədəbiyyatda da gəncliyin psixologiyasına təsir etdi, mənəvi-intellektual inkişafını əngəllədi. Lakin, maraqlısı və ümidvericisi odur ki, bu günün gəncliyi həmin ədəbityyatın – modern sənətin mahiyyəti, məğzi ilə artıq tanışdır və bu gənclər həmin ədəbi – estetik nəzəriyyənin bədii mətn səviyyəsində üzə çıxması üçün mücadilə etməkdədir… Dünya ədəbiyyatı ilə ayaqlaşa bilən modern mətnlər yaratmaq əzmi var, əsas da budur…

- İradə xanım, ümumiyyətlə, ədəbi gəncliyə tövsiyənizi eşitmək istərdik.

Mən bir neçə ay bundan öncə bu suala cavab ola biləcək belə bir məqalə yazmışdım : «İtirilmiş gəncliyindən yaza bilməyənlər»… Bizim gənc - uşaqlığı müharibəyə, yeniyetməliyi keçid dövrünə, cavanlığı və yetkinliyi “krizis”, “devalvasiya” və s. bu kimi sindiromlu həyat tərzinə düşən – yazarlar özləri də öz ədəbi taleləri ilə barışmırlar… Onlar çox pessimist olurlar çox zaman… Məğlubiyyətlərin, “krizis”lərin övladı olmaq və həm də azadlıq haqqında azad düşünmək, şən yaşamaq mümkün olmur reallıqda... Bu gənclər azadlıq, xoşbəxtlik və qayğısızlıq haqqında danışanda yad adamın həyatına girmiş, qonşu həyətinə boylanmış adam kimi görünürlər. Onlar öz yaşadıqlarını, itirilmiş gəncliklərini, yaddan çıxmaqda olan uşaqlıqlarını başqasının xatirəsi kimi canlandırırlar çox zaman əsərlərində. Və hər iki halda qeyri-səmimi, qeyri-təbii görünür hər şey... Məğlubiyyətin övladı olmaq insanın - yaradıcı insanın belə özünüifadə məqamında əllərindən tutub saxlaya bilirmiş. Komplekslərlə düşünmək, qadağalarla yazmaq, ixtisarlarla çap olunmaq ağrısını hər adam anlamaz yəqin... Bizim ədəbi gəncliyimizin boğazında tıxanıb qalmış bir söz var. İtirilmiş gəncliyin taleyinə həsr edilmiş kədərli bir yazı var ki, o hələ də yazılmayıb... Bu bizim arzusunda olduğumuz yeni insanın yeni ədəbiyyatıdır. Bu gənclik özü bir ədəbiyyat mövzusu, problemidir, ancaq fərqində olan yoxdur, hamı, hətta həmin ədəbi gəncliyin özü də gözlərini yumub xəyala dalaraq yad mövzular və uydurulmuş qəhrəmanlar haqqında yazmaqla məşğuldurlar...
Haqqında düşündüyüm ədəbi gənclik Qarabağ məğlubiyyətini gözləri ilə görmüş, yaşamış insanların ailəsində, cəmiyyətində böyüyüb. Onlar sistemi dağıdılmış, dəyərləri, tarixi deqradasiyaya uğramış bir məmləkətin gəncliyidir. Onların yaddaşında, düşüncəsində, xəyal və ümidlərində hər şey qırıq- qırıq, parça-parçadır... Onlar uduzanlar, gecikənlər, itirənlər, susanlar mühitində dərdlərini belə anlatmaq üçün isti bir ürək, hərarətli bir qəlb tapa bilmirlər. Kitabları illərlə kitab maqazinlərində susa-susa durur... Bu kədərli deyilmi?!

Bu itirilmiş gəncliyin faciəsidir. Ona görə yox ki, onlar fərd, şəxsiyyət, xarakter olaraq formalaşa, inkişaf edə bilmirlər, ona görə ki, onlar hətta bu tragik durumun qəhrəmanı kimi özlərini belə tam ifadə edə bilmirlər... Onlar romanlarının baş qəhrəmanı kimi daha maraqlı və aktual olduqlarının fərqində deyillər , təəssüf ... Onlarla söhbət zamanı da demişəm: “Siz maraqlı, qeyri-adi yaza bilməsəniz də, siz özünüz çox maraqlı bir mövzu, problem və ədəbiyyatsınız!”. Bəli, onlar bizim bugünkü ədəbiyyatın baş mövzusudur. Yeni forma, yeni janr, üslub, yeni metod və cərəyan yaradacaq bir ədəbiyyat mözusudurlar. Onların obrazı tam fərqli bir üslub, ifadə və təsvir çeşidi tələb edir. Onlar tarixin, ölkənin, dəfələrlə dağıdılıb yenidən qurulan ictimai-iqtisadi formasiyaların və nəhayət taleyi müəmmalar ilğımında qaranlıq qalan bir cəmiyyətin siması, sifətidirlər, onlar zamanımızın səsi, nəfəsidirlər. Onların obrazında “müstəqillik dövrü” adlandırdığımız tarix parçasının xarakteri var. Amma bu mövzu qocalığa doğru gedir, unudulur, fəqət, nə həyatda, nə də ədəbiyyatda həllini tapmır. Ədəbiyyatımızın işlənməmiş mövzusu olaraq qalmaqdadırlar. Daha pisi isə odur ki, onlar - əsrimizin qəhrəmanları başqalarının “romanlarını”, macəralarını yazmaqla məşğuldurlar...

Sovet idologiyası ilə yazılmış “milli ədəbiyyat” və onun tarixi, bir də yenicə tərcümə və nəşr edilməyə başlayan dünya ədəbiyyatı nümunələri var əllərində... Bu özül də onlar üçün etibarlı deyil. Sovet ədəbiyyatı kimi sürüşkən bir bünövrənin üzərində necə inkişaf etmək olar? Onlar hələ sələflərinin səhvləri haqqında düşünürlər. Sələflərinin nöqtə qoyduğu yerdən başlamaq mümkün deyil, onların başladığı nöqtəyə qayıtmaq məcburiyyətindədirlər... Tərəddüd içərisindədirlər, saf-çürük etmək, ədəbi proseslə bağlı bir çox məsələləri aydınlatmaq və s. bu kimi tarixi missiya da onların üzərinə düşüb... Ən acısı isə hər tərəfdən laqeydlik və istehzalı yanaşmalarla əhatə olunublar... Onlar həm də çörək qazanmalıdırlar, ailə dolandırmalıdırlar. Enerjilərini pula dəyən, “pula gedən” bütün bacarıqlarını (tərcümə, köşə, müsahibə, redaktə) səfərbər etməyə yönləndirmələr isə ədəbi yaradıcılıqlarını fəaliyyətlərinin epizodik hissəsinə çevirməkdədir... Onların xatirələri də çox zaman acı və kədərli olur...

Onlar “Yeni xarakterli ədəbiyyat mövzusu” durlar… Dünyayla, onun ədəbiyyatı ilə tanışlıqda bir əsrlik zaman itirən, bir əsrlik gecikmə fərqinin tənəzzülünü yaşayan ədəbiyyatımızın bu gəncliyi həm də dünyaya boylanır arada, dünyaya çıxmaq, tanınmaq istəyir...

“Müstəqillik illəri”nin çətinlikləri, qalmaqalları ilə böyüyən yaradıcı gəncliyimiz ciddi və böyük əsərlər yarada bilməməyin səbəbini adətən problem və qayğılarının çoxluğu ilə izah edirlər… Mən əksini düşünürəm. Əslində onlar əsərlərində məhz öz problem və sıxıntıları, əlacsızlıqları, mənəvi-psixoloji böhranları ilə birlikdəcə ədəbiyyatın mövzusu, problemi olmağı bacarmalıdırlar. Onlar öz əsərlərindən daha maraqlıdırlar, daha aktual və ədəbi mövzu kimi yenidirlər, amma onlar yeni, modern ədəbiyyatı sevsələr də özləri çox zaman elə hey köhnələrdən, keçmişlərdən yazır, özü də elə keçmişdəki yazıçılar kimi...

Bu insanlar özlərini anlaşılmaz, anlanılmayan hesab edir bəzən. Onların kədərləri ilə bizimki, bizim sevincimizlə isə onlarınkı düz gəlmir. Onlar elə zənn edir ki, biz onları oxuya bilmirik, biz elə hesab edirik ki, onlar bizdən yaza bilmir… Biz öz yazıçımızı arayırıq, onlar öz oxuucularını axtarır israrla. Eyni cəmiyyətdə eyni ovqatı bölüşə bilmirik... Və mən elə düşünürəm ki, bu tragik durum təkcə bizim –Azərbaycan ədəbi gəncliyinin deyil, həm də bütünlükdə keçmiş SSRİ məkanında yaşamış başqa dövlətlərin də ədəbi gəncliyinin ağrısıdır…

Tövsiyəm isə yenə belədir: Onlar özlərini, öz yaşantı və düşüncələrini yazsınlar, Öz əzilmiş, sındırılmış, ağrılı obrazları ilə bu günün ədəbiyyatının baş qəhrəmanı olsunlar...

Və ən pisi odur ki, yazarlarımız mövzu qıtlığı olduğunu düşünürlər, halbuki, Tolstoy romanlarına mövzu ola biləcək bir həyatın, zamanın tam içərisindədirlər...


Müəllif:

Oxşar xəbərlər