11 Oktyabr 2016 10:09
601

Yaponiya Azərbaycan üçün mühüm hədəf bazarlarından biridir.

Teleqraf.com Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yaponiya turizm sənayesinin nümayəndələri ilə görüşündə deyib.

Azərbaycana səfər edən Yaponiya Turizm Agentlikləri və Assosiasiyasının Prezidenti Tadaşi Şimuranın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Yaponiyanın “Hankyu Travel İnternational Tokyo”, “Diamond-Big”, ““Hankyu Travel İnternational Osaka”, “R&C Tours”, “Spectacle Adventures”, “The Three B”, “JTB BWT” şirkətlərinin nümayəndələri daxildir.

Səfərin təşkil olunmasında əsas məqsəd Yaponiyada Azərbaycanın turizm imkanlarının geniş tanıdılması və təbliğidir. Görüş zamanı bu istiqamətdə müzakirələr aparılıb, ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları haqqında geniş məlumat verilib.

Ə.Qarayev qonaqlara ölkəmizin turizm imkanları, bu sahədə görülən işlər və gələcəkdə həyata keçiriləcək layihələr haqqında məlumat verib. O elektron viza sisteminin tətbiqinin ölkəmizə gələn turistlərin daha asan viza əldə etməsinə şərait yaratmasından da söhbət açıb. Nazir Yaponiyanın ölkəmiz üçün mühüm hədəf bazarlarından biri olduğunu bildirib.

Görüşdə həmçinin, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər haqqında qonaqlar məlumatlandırılmış, bu sahədə əməkdaşlıq əlaqələri, CNN, EURONEWS kimi nüfuzlu kanallarla iş aparıldığı qeyd olunmuşdur. Bununla yanaşı, Bakı, o cümlədən də regionların turizm infrastrukturu barədə məlumat verilmiş və gələcəkdə bu istiqamətdə əməkdaşlıq əlaqələrinin qurulmasından söhbət açılmışdır.

T.Şimura Azərbaycana təşkil olunan səfərə və yüksək qonaqpərvərliyə görə Ə.Qarayevə təşəkkürünü bildirərək gələcəkdə daha sıx əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirib.

Səfər çərçivəsində Azərbaycan və Yaponiyanın turizm şirkətləri nümayəndələrinin iştirakı ilə Yaponiya Turizm Agentlikləri və Assosiasiyasının Prezidenti cənab Tadaşi Şimura tərəfindən “Yaponiya getmə turizmi bazarının xüsusiyyətləri” mövzusunda təqdimat keçiriləcək.

Nümayəndə heyətinin paytaxt Bakı ilə yanaşı, Şəki, İsmayıllı və Qəbələ rayonu ilə tanışlığı planlaşdırılır.


Müəllif: