31 Oktyabr 2016 13:28
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəbiristanlıq epizodu daha yaxşı həll oluna bilərdi. Filmin kuliminasiya nöqtəsi o idi”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında rejissor Əbdül Mahmudbəyov “Ölülər XXI əsr” filmi haqqında danışarkən deyib: “Faiq Sücəddinovun yanında olanda Tahir İmanov gəldi və söhbət etdik. Məlum oldu ki, bu cavan oğlanlar Mirzə Cəlil Məmmədquluzadəyə müraciət etmək istəyirlər. Amma başqa kontekstdə...

“Ölülər” Azərbaycan dramaturgiyasının klassik əsərlərindən biridir. Mənim üçün də çox mühüm əhəmiyyəti olan əsərdir. Dahi Əziz Şərif Moskva Dövlət Universitetinin Şərq fakültəsinin dekanı olan vaxtlar orda “Ölülər” əsərinin zaman-zaman müzakirəsi olurdu. Əziz Şərif əsərin qeyri-adi dramaturgiyaya malik olması, yanaşma tərzi haqda çox maraqlı mühazirələr oxuyurdu. Sevə-sevə qulaq asırdıq.

Klassika elə əsərə deyirlər ki, bütün zamanlar üçün canlı olsun. Məsələn, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadənin yaratdığı əsərlər...

Bu mənada film mənim üçün maraqlı idi və ona məmnuniyyətlə baxdım. Bu da yeni yanaşma tərzidir. Kimsə bunu qəbul edər, kimsə etməz, amma bu, heç nəyi dəyişmir. Xəyanətə, rüşvətxorluğa, biganəliyə və bir çox nüanslara işıq tutan bu əsərin yeni, müasir konteksdə təqdim olunması maraqlı idi. Təbii ki, filmdə artıq, xoşa gələn-gəlməyən məqamlar oldu. Hətta mənim ürəyimdən belə bir fikir keçdi ki, bəlkə də, filmin adını və özünü “Ölülər” əsəri ilə paralellər aparmadan işləmək olardı. Hətta adından belə “Ölülər” sözünü götürüb, müasir film kimi təqdim etmək olardı.

Əsərdə Mirzə Cəlil qəbiristanlıq epizodunu çox ağır işləyib. Yüklü, mesajlı bir epizoddur. O epizodu satirik janra keçirmək daha ciddi yanaşmalar tələb edir. Film o epizodda da həll olunur. Çünki əsərin ana xəttidir, dünyanın idarəçilik sistemi, haqqın-nahaqqın, xeyir-şərin, halalın-haramın üz-üzə gəldiyi məqamdır. Və sən demə, şeytan elə insanın öz içində imiş. Bu kimi yüklü məqamların cəm olduğu həmin səhnəni satirik dildə təqdim etmək asan gəlməsin. Ona görə fikrimcə, həmin epizod filmdə daha ciddi və Mirzə Cəlil səviyyəsində təqdim oluna bilərdi.

Ondan başqa filmdə müəyyən söz qüsurları, replikalar, bir az şit təqdim olunan məqamlar var. Onları filmdən təmizləmək olardı. Çünki bu əsər nə qədər satirik, alleqorik olsa da bir o qədər realdır. Amma ümumən yaradıcı heyət çox maraqlı yanaşma nümayiş etdirib.

Arzu edirəm ki, film ziyalılarımız, həm də camaat tərəfindən sevilsin, qəbul olunsun”.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər