Ötən gün Milli Məclisin iclasında “Kinematoqrafiya haqqında” yeni qanun layihəsi müzakirə edilib.
12 fəsil, 40 maddədən ibarət yeni qanun filmlərin istehsalı və yayımlanması, milli kinematoqrafiyanın təbliği və qorunması sahəsindəki münasibətləri tənzimləyəcək.
Qanuna əsasən, kinematoqrafiya sahəsində film komissiyaları yaradılacaq. Film komissiyası Azərbaycanda audiovizual əsərlərin və filmlərin istehsalına dəstək verən publik hüquqi şəxs olacaq. Komissiyalar fəaliyyətini “bir pəncərə” prinsipi əsasında quracaq və müraciət edən prodüserə audiovizual əsərlərin və filmlərin istehsalında xidmətlər təqdim edəcək.
Bundan başqa kinematoqrafiya sahəsinə güzəştli kreditlərin verilməsi də nəzərdə tutulur. Qanunda milli film şəhadətnamələrinin verilmə qaydası müəyyən edilib.
Milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalına görə, 2017-ci il yanvarın 1-dən 3 il müddətinə gömrük rüsumlarından və vergi ödəməkdən azad edilirlər.
Milli film istehsalçılarının müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında milli filmlərin istehsalı və satışından əldə etdiyi mənfəətin 50 faizi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad edilir.
Teleqraf.com qanun layihəsində nəzərdə tutulan güzəştlərin Azərbaycan kinosuna gətirəcəyi dividentlər barədə kinematoqrafçıların fikirlərini öyrənib:
“Öncə struktur dəyişməlidir”
Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev: “Milli kinematoqrafiyanın inkişafı ilə bağlı atılan hər bir addım, edilən güzəştlər təqdirəlayiqdir. Kinematoqrafçılar olaraq bunu alqışlamalıyıq. Mən qanun layihəsinin bəzi çıxarışlarını mətbuatda oxudum. Və oxuduqlarım da bir az qeyri-müəyyəndir.
Milli film istehsalçıları kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularını müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal edə bilər. Bu, nə deməkdir? Müvafiq icra hakimiyyəti orqanı rolunu Mədəniyyət və Turizm Nazirliyimi oynayacaq?
Ölkə başçısının fərman və sərəncamlarında, eləcə də layihələrdə sahibkarlara sərbəstlik və azadlıq verirlər, amma bu qanunda məmurlar istahsalçıları sanki özlərindən asılı etmək istəyirlər. Müvafiq icra hakimiyyətinin avadanlıqların idxalına aidiyyatı olmalı deyil. Bu, düzgün deyil.
Ondan başqa digər mübahisəli məqam milli film anlayışı ilə bağlıdır. Mən oxuduğum qanunda milli film anlayışı yoxdur. Bu anlayış olmayan qanunda hansı milli filmdən danışmaq olar, mənə aydın deyil. Orda yazılıb ki, milli film xüsusi şəhadətnamə almış əsərdir. Amma milli nədir, hansı əsəri milli film adlandırmaq olar, o şəhadətnamə hansı prinsiplərə əsasən verilir, bu, orada yer almayıb.
Mətbuatda oxuduqlarımdan belə başa düşdüm ki, milli film istehsalçıları milli filmlərin istehsalı və satışından əldə etdiyi mənfəətin 50 faizinə güzəşt olunur. Bunu filmi çəkənin özü bilər, mənfəəti də, gəliri də onundur. Bəlkə verginin 50 faizindən azad olunması nəzərdə tutulur, o zaman başqa məsələ... Vergi də 18 faizdir. Əgər bunun 50 faizi və yaxud hamısından azad olunma nəzərdə tutulursa bu, yaxşı haldır. Amma yazılanlardan bu nəticə çıxmır.
Demək istədiyim odur ki, kinoya diqqət, güzəştlərin olması çox vacibdir. Və əsas odur ki, bunlar formal, populist xarakter daşımasın. Mən qanunun əleyhinə deyiləm, niyyət yaxşıdır, amma niyyəti də məqsədyönlü istifadə etmək lazımdır. Mən hesab edirəm ki, bu gün kinematoqrafiya sahəsində ən mühüm problem onun təşkilati strukturunun yüksək səviyyədə olmamasıdır. İlk növbədə bunu yaratmaq lazımdır. Ya Ukraynadakı kimi Kino Komitə, ya da Gürcüstandakı kimi Milli Kino Mərkəzi yaratmaq lazımdır.
Azərbaycanda kinematoqrafiyaya rəhbərliyi Mədəniyyət və Turizm Nazirliyinin tərkibində fəaliyyət göstərən şöbə həyata keçirir. Amma kinematoqraf elə bir çətin bir sahədir ki, onun statusunu mütləq qaldırmaq lazımdır. Təşkilati sturuktur dəyişməlidir. Bu dəyişməsə, heç bir qanun, heç bir güzəşt məsələni həll etməyəcək.
Problemlər var və onları həll etmək lazımdır. Bu qanun da problemləri həll etməyə cəhddir və aydın məsələdir ki, biz bunu ancaq alqışlayırıq”.
“Filmlərin sayı birmənalı şəkildə artacaq”
Prodüser Əli İsa Cabbarov: “Ümumiyyətlə, bütün sahələrdə tətbiq olunan vergi güzəştləri həmin sahənin canlanmasına və kəmiyyət göstəricilərinin artmasına səbəb olur. Konkret olaraq Rusiya kinosu bir neçə il bundan əvvəl iki il müddətinə vergidən azad olunmuşdu və bunun çox müsbət effekti oldu. Mənə elə gəlir ki, bizdə də tətbiq olunacaq güzəştlərin yaxşı nəticəsi olacaq. Əvvəldən keyfiyyət dəyişikliyi gözləmək bir az tez olar, amma kəmiyyət dəyişikliyi: iş yerlərinin çoxalması, gəlirlər, filmlərin istehsal sayı birmənalı şəkildə artacaq. Rəqəmlərin artması keyfiyyətin artmasına da səbəb olacaq. Bu, çox yaxşı haldır.
Məsələn, bu vaxta qədər istehsal olunan kommersiya filmləri yayımdan gələn gəlirin bir qismini vergiyə ödəyirdi. Amma bundan sonra vergidən azad olunduğu vəsaitini növbəti filmin istehsalına sərf edəcək. Bundan başqa şirkətlərin texniki bazası yüksələcək. Belə ki, buna qədər onlar xaricdən çəkiliş texnikası alanda gömrük rüsumları ödəyirdilərsə, artıq ödəməyəcəklər. Və daha çox texniki vəsait almağa meyilli olacaqlar. Dövlət studiyalarının da texniki təchizatı çox problemlidir. Və bu güzəştlər onlara da yaxşı təsir edəcək.
Məsələnin həm də psixoloji tərəfi var. Əgər bu qanun qəbul olunsa dövlət kinoya diqqət ayırdığının mesajını vermiş olacaq. Bu dominant effekti kimi başqa orqanlara da təsir edəcək. Bunun iqtisadi rəqəmlərlə olan effektindən daha çox psixoloji effekti olacaq.
Ümid edirəm ki, gələcəkdə qanunda kino yayımı ilə məşğul olan kinoteatr şəbəkələrinə investesiya ayıran iş adamları üçün də güzəştlər nəzərdə tutulacaq.
Hazırda Azərbaycanda film istehsalına nisbətən kino yayımı sektoru daha çox inkişaf edib. Kinoteatrların səviyyəsi, keyfiyyəti artır. Və kommersiya filmlərinin uğurlarının əsas səbəbi kinoteatrların olmasıdır. Yəni filmi göstərməyə yer, bu işi təşkil edən insanlar var. Amma inkişafda olan sahəyə də dəstək vermək lazımdır. Ona görə bu sahə də qanunda nəzərə alınsa yaxşı olar”.
“Biz daha böyük dəstək gözləyirik”
Prodüser və rejissor İlham Qasımov: “Film istehsalından əldə olunan gəlirin 50 faizinin vergidən azad olunması yaxşı haldır, amma filmlərin keyfiyyətinin artması üçün bu, azdır. Biz dövlət tərəfindən daha böyük dəstək gözləyirik. Belə ki, maliyyə dəstəklərinin də olmasını istəyirik. Film çəkiləndə müəyyən maliyyə yardımı da olsa bu, keyfiyyəti dörd qat artıra bilər.
Bundan başqa Azərbaycan filmlərinin yayımı ilə bağlı da güzəştlər olsaydı, məqsədəuyğun olardı. Hazırda milli filmlər kinoteatrlarda Hollivud və digər filmlərlə eyni qayda və eyni şərtlər əsasında yayımlanır. Filmdən əldə olunan gəlirin 50 faizi kinoteatra, 10 faizi isə yayım şirkətinə yönəlir. Bu, kommersiyadır və biz kinoteatra deyə bilmərik ki, bunu belə etməyin. Amma dövlət bu işə dəstək ola və tələb edə bilər ki, hər bir kinoteatrın repertuarında 30 faiz milli filmlər olmalıdır. Bu, bizi ancaq sevindirər”.
Nərmin Muradova