Teleqraf.com tanınmışların mərhum kino xadimi Aydın Dadaşov barədə xatirələrini təqdim edir:
Teletənqidçi Elçin Əlibəyli: “Aydın Dadaşov altı il mənə dərs deyib, apponentim olub. Dörd kitabımın elmi məsləhətçisi idi. Müəllim kimi çox fərqli idi. Heç vaxt boş söz işlətmirdi. Həmişə deyirdi mən sizə dərs keçmirəm, həm də istiqamətləndirirəm.
Çox maraqlı zarafatları, eyni zamanda, iti, acı dili vardı. Hər adam o acı dilə dözmürdü. Amma tələbəyə maksimum informasiya verirdi. Ən çox sevdiyi söz fabula idi. Deyirdi fabulanı tapın, sonra süjeti qurarsınız.
Onun məşhur tələbələri çoxdur. Tələbələri ilə fəxr edirdi. Yəqin o tələbələrdən biri də mənəm. Çünki bunu həmişə özü deyirdi. Mənə qarşı dərsdə və sonrakı proseslərdə çox amansız və sərt olub. Hətta feysbuk statuslarımda buraxılan bir hərf səhvini belə bağışlamırdı. O öz sahəsinə, elminə qarşı çox amansız idi, onun qədər tələbkar ikinci insan tanımıram.
Dramaturgiya nəzəriyyəsini çox sevirdi. Hər zaman bizə müxtəlif müəlliflərdən misal gətirirdi. Ən maraqlısı Herbert Rappaport haqqında fikri idi. Deyirdi dünyada SSRİ dövründə çəkilən 50-dən çox filmin ssenarisini yazsa da, ondan cəmi 2-3 əsər qaldı.
Aydın müəllimdən isə dram nəzəriyyəsi, Azərbaycan dramaturgiyası, kino nəzəriyyəsi, tarixiylə bağlı çox kitablar qaldı. İlk dəfə Azərbaycana ekran dramaturgiyası anlayışını, onun təhlili qaydalarını gətirdi. İkinci tərəfdən isə kinoya fərqli baxış, kinomatoqrafiyaya dramaturji material kimi yanaşmaq, rejissor işinin təhlili… Çünki Aydın Dadaşov kinotənqidçi olmaqla yanaşı, həm də rejissor idi. Rejissor baxışını görə bilirdi. Onun yazılarında savadlı kino təhlili ilə yanaşı, ürək çırpıntısını da hiss edirdik.
Çox böyük xidmətlərindən biri də kütləvi informasiya vasitələrində reklam və marketink məsələsini araşdırması oldu.
Bilirsiniz ki, Aydın müəllim Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs deyirdi. O, xəbər yazmağı, reklam mətnləri, etüd yazmağı, hadisəni yazmağı öyrədirdi. Həmişə deyirdi ki, mənə hadisəni elə danış ki, onu aktyor oynaya bilsin. Heç vaxt isim, sifətdən istifadə etməyin. Feil olsun. Hər şeydə hadisə axtarın.
Bir neçə ay öncə ona zəng elədim, dedi ağır qəza keçirib, ayaqları sınıb. Biz də bu haqda xəbər yazdıq. Sonra mənə zəng eləyib, zarafatla dedi ki, bu xəbəri yazmısan, bütün ağdamlılar bizə gəliblər. Yazıq arvad, sonuncu mürrəbəni də açıb, qonaqlıq verdi. Sən canın, xəbəri düzəlt.
Sonra dedi ağır qəzadan ayağa duran gün həyat yoldaşını dəfn edib. Bayaqdan zarafatla danışan insan kədərini bildirmək istəyirmiş. Xahiş etdi ki, bu xəbəri qəribə, sensasiya üçün deyil, Aydın Dadaşov xəbəri kimi yazım.
Hamı təəccübləndi ki, belə xəbər yazılarmı? Dedim Aydın Dadaşovun həyat yoldaşının ölüm xəbəri yalnız belə yazıla bilərdi.
O hadisədən sonra feysbukda çox fəallaşdı. Fotolar paylaşırdı və bir cümlə yazırdı: “Keçmişin sədası…” Keçmiş kino xadimləriylə bağlı şəkillər paylaşırdı. Keçmişin sədası sanki sonuncu nöqtəyə doğru gedirdi. İstəməzdim ki, onu belə tez itirək.
Doktorluq dissertasiyamda oppenentim idi. Eləcə də, 2016-ci ildə çıxan kitabımın elmi redaktorudur. Təəssüflənirəm ki, kitabımı ona təqdim edə bilmədim. Onun yoxluğuyla çox şey itirdim. Müdafiə zamanı martın 1-də Milli Elmlər Akademiyasında görüşdük, mənə tövsiyələrini verdi. Yenə amansızlıqla, zarafatla… Onun qəddarlığında böyük bir tələbkarlıq vardı. İstəyirdi böyük insan olaq, hətta bizə söyüş də söyürdü. Amma o söyüşün altında tələb vardı, bizi kiçik yox, miqyaslı insan kimi görmək istəyirdi”.
“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov: “Aydın Dadaşovu “Azərbaycanfilm” kinostudiyasının tərkibində yaradılan Bədii Şuraya üzv seçmişdik. Orada çox gözəl təhlil edən, fikir söyləyən yaradıcı qrup formalaşdırdıq. Bir dəfə müzakirə zamanı dedim Aydın Dadaşov o kinoşünaslardandır ki, problemi göstərir, tənqid edir və həll yollarını deyir. Bu, hər kino mütəxəssisinə qismət olacaq istedad deyil. Aydın müəllim iki gün öncə mənə dedi ki, sənin bu fikirlərini yazmışam.
O, həm də gözəl və çox istedadlı pedaqoq idi.
Martın 4-də yubileyi oldu. 65 yaşı tamam olurdu. Dedim yubileyinizi kinostudiyada qeyd edək. Razı olmadı ki, özümüz yığışıb, qeyd edərik. Sabah saat 2-də görüşməliydik, alınmadı. Allah Aydın müəllimə rəhmət eləsin. Onun yoxluğu Azərbaycan mədəniyyəti, kinosu üçün böyük itkidir”.
Kinoprodüser, rejissor Fehruz Şamıyev: “Aydın müəllimin dünyasını dəyişməsi Azərbaycan kinosu üçün çox ağır itkidir. Onun milli kinematoqrafiyanın inkişafında kadr hazırlığı istiqamətində elədiklərini, bəlkə də, heç sovet dövründə eləməyiblər. Təsəvvür edin ki, hazırda azərbaycanlı gənclərin böyük əksəriyyəti, xüsusən də, kinoda təhsil alan gənclər rus və ingilis dilini bilmir. Azərbaycan dilində isə tədris vəsaitləri demək olar ki, yox səviyyəsindədir. Aydın Dadaşov yeganə şəxs idi ki, fasilə vermədən Azərbaycan dilində dərs vəsaitləri hazırlayırdı.
O, açıq fikirli gəncləri sevirdi. Həmişə səmiyyət və sevgi sözlərini qabardırdı. “İnsan üçün bu iki söz çox vacibdir”, – deyirdi. Tez-tez Şekspirdən sitat gətirərdi. Hələ tələbə vaxtı verdiyi tapşırıqların qarşılığını almayanda sancırdı, çox kobud reaksiya verirdi, öz üslubu ilə adamı əzirdi ki, tələbə hirslənib öz düşüncəsində olan reaksiyanı versin. Saxtakarlığı, pafosu tələbələrin canından çıxarmaqdan ötrü variantlar düşünürdü.
Şekspirin “Öl, amma sevgisiz öpüşmə” sözlərini tez-tez misal gətirərdi. Kütlə psixologiyasını yaxşı bilirdi deyə vacib məqamları həmişə ikilikdə deyərdi. Bəzən kiminsə haqqında danışanda zarafatla və ya ciddi danışdığını təyin etmək olmurdu. Realist idi. Kiməsə yaltaqlanmağı sevməzdi. Bəzən zarafatla, bəzən də birbaşa sözünü deməyi bacarırdı. Məncə, bir az sonra hiss edəcəyik ki, necə bir aydını itirdik”.
Ssenarist Sədi Məmmədov: “Aydın müəllim ustadımızdır. Ondan çox şey öyrənmişik. Təxminən 20 il əvvəl demişdi ki, bütün sözlər min illərdi deyilib, amma insanlar həmişə təzə söhbət eləyir. Ondan öyrəndiklərimiz də hər gün təzələnir. Tələbələri üçün hər gün yenidən doğulur. Məncə, ölməzlik budur”.
Aparıcı İradə İsaq: “Ən yaxşı müəllimlərimizdən birini itirdik. O, əksər professorlardan fərqli idi. Əvvəl uca boyunu, iri gözlərini görəndə qorxuya düşmüşdük. Amma ilk dəfə gülümsəmədən, xoşa gəlməyə çalışmadan sevgi qazanmağı onda gördüm. Dərsə yanaşma tərzi, ifadəsi bizim üçün qeyri-adi idi, gözəl idi. Dərslərinin bitməsini istəmirdik. Bilmirəm, digər müəllimlərim dünyasını dəyişəndə də belə xoş sözlər yaza biləcəm, ya yox? Yəqin ki yox”.
Rəqsanə