10 May 2017 09:34
65 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Muzeydə bir gün” layihəsi çərçivəsində reportaj hazırlamağa qərar verəndə xalq şairi Səməd Vurğun muzeyinə də baş çəkmək planımızdaydı. Nəhayət, şairin dünyadan köçdüyü may ayında muzeyi olan evinə yollandıq.

İlk memorial muzey

Şəhərin mərkəzində, Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan bu muzey Azərbaycanda yazıçı və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial ünvandır. Muzeyin ilk direktoru Səməd Vurğunun həyat yoldaşı Xavər xanım olub. Daha sonra bu vəzifəni qızı Aybəniz Vəkilova, nəvəsi Aygün Vəkilova icra edib. Hazırda muzeyin direktoru Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilovadır.

Muzey XIX əsrdə inşa edilmiş yaşayış binasının üçüncü mərtəbəsində, altı otaqlı mənzildə yerləşir. Xalq şairi ailəsi ilə birgə ömrünün son iki ilini bu mənzildə yaşayıb. Altı otaqlı muzeyin üç otağı memorialdır.

Bənövşə gülü və iki siqaret qutusu

Ekskursiyamıza şairin kabinetindən başladıq. Bu otağa yazı masası, kitab şkafları, tumba, radio, şairin dramaturgiyasını əks etdirən iki stend, hədiyyə və rəsm əsərləri qoyulub.

“Səməd Vurğun yazı masasına xüsusi hörmətlə yanaşan şair olub, - deyə bələdçi xanım danışır. - Xavər xanımın sözlərinə görə, Səməd Vurğun masanın arxasında ancaq rəsmi geyimdə əyləşərmiş. Bunu təsdiq edən fotoları da var, baxın”.

Masanın arxa divarında Səməd Vurğunun ailəvi və yazı masası ətrafında çəkilən fotosu var.

Masaya iki siqaret qutusu qoyulub, biri heç açılmayıb, digərinin içərisində isə iki gilə siqaret qalıb. Bundan başqa, masada yazıçıya Bolqarıstanda bağışlanmış qovluq, Ukrayna şairi Rılskinin hədiyyəsi olan bəzək qutusu, yazı ləvazimatı dəsti, telefon aparatı, əlyazması və ən çox sevdiyi bənövşə gülü ilə fotosu yer alır. Qəribəsi odur ki, şairin çox sevdiyi şəkildə özündən başqa bütün ailə üzvləri var...

Səməd Vurğun musiqiyə radioda qulaq asarmış. Ərəb musiqisini dinləyəndə “yazıq Şərq, həmişə ağlayır” deyərmiş. Bələdçi xanımın sözlərinə görə, 1956-cı ildə Səməd Vurğun 50 illik yubiley mərasimində iştirak edə bilməyib və tədbirə məhz bu radio vasitəsilə qulaq asıb.

Şair ovu sevirmiş, otaqda yaradılmış ayrıca stend də buna işarədir. Burada şairin Bolqarıstandan aldığı kürk, qaragül papağı, dostu Simonovun hədiyyə etdiyi gödəkçə, ov tüfəngi və saz qoyulub.

Qonaq otağı

Muzeydə ikinci memorial otağı qonaq otağıdır. Burda şairin ailəsinə məxsus Almaniya istehsallı royal, mebel dəsti, çay dəsti, Səməd Vurğunun ölüm anında əqrəbləri dayandırılmış antik saat, Georgi Leonidzenin hədiyyəsi olan şərab dəsti, Səttar Bəhlulzadə tərəfindən çəkilmiş gözəl rəsm əsəri saxlanır.

Antik saat 1956-ci ildən bəri işləmir. Həmin il may ayının 27-də axşam saat 19: 30-da Səməd Vurğun gözlərini bu dünyaya əbədi yumduğu anda Xavər xanım saatın əqrəblərini saxlayıb. Həyatın və zamanın onun üçün donduğuna işarədir...

“Dodaqdan qəlbə” və foto

Muzeyin üçüncü memorial otağı yataq otağıdır. Yasəmən rənginə boyanmış divarlardan tutmuş Xavər xanımın cehizinə qədər burada hər şey şairin sağlığında olduğu kimi saxlanılır. Qapıdan içəri girəndə bizi divardan asılmış fotoşəkildən nişanlı gənclər - Səmədlə Xavər salamlayır. Gülərüz, şad-xürrəmdirlər, 1934-cü ildə çəkilib.

Otaqda Xavər xanımın cehizi olan bədənnüma güzgü, çarpayısının yanındakı tumbanın üstündə isə çox sevdiyi “Dodaqdan qəlbə” kitabını, gənclik şəkillərini görmək mümkündür.

Bələdçi xanım deyir ki, Səməd Vurğun can verərkən Xavər xanımdan onun yatağına keçirilməsini istəyib.

Məşhur üzük, məktublar, “Ölüm maskası”

Muzeyin bir otağında şairin həyat və yaradıcılığı, ictimai fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət stendlər, “Ölüm maskası”, kitablar, sənədlər olan vitrinlər, həmçinin Xavər, Aybəniz xanıma həsr olunan stendlər var.

Xavər xanıma həsr olunan stenddə onun müxtəlif illərdə çəkdirdiyi şəkilləri, sənədləri, şəxsi əşyaları - üzüyü, mirvari boyunbağı, iki saatı, şərfləri, yelpiyi, güzgü ilə daraq dəsti, əl çantası sərgilənir. Xüsusi diqqətimizi çəkən isə o məşhur üzükdür... “Səməd və Xavər” yazılan qızıl üzük... O üzük ki, Xavər xanım onunla birgə basdırılmaq arzusunda idi... Amma bu, şəriətə uyğun olmadığına görə Xavər xanımın arzusu həyata keçmir.

...Onların ilk görüşü Abdulla Şaiqin evində olur. Abdulla Şaiq öz evində dostuna toy edir, Səmədi də qonaq kimi çağırır. Gənc Səməd qocaman yazıçı Abdulla Şaiqin həyat yoldaşının bacısı Xavəri bu məclisdə görür, ona vurulur. Aralarında 12 yaş fərq varmış.

Aşiq Səmədin Xavərə ünvanladığı məktublarını çətinliklə də olsa oxumağa çalışıram:

“Hörmətli Xavər!

Sizi Əfşangildə gözləyirəm. Nədənsə sizi çox görmək istəyirəm. Rica edirəm bir neçə dəqiqəlik zəhmət çəkib gələsiniz.

21/XII/ 1937, S.Vurğun”

***

“Hörmətli Xavər!

Mən öz taleyimi və gənc həyatımı sizə tapşırmışam. Mən öz fikrimin üstündə həmişə möhkəm olub, sizin xoşbəxt olmağınız uğrunda əlimdən gələn bütün hörmətləri əsirgəmərəm”.

II/XII/32, S.Vurğun”

1932-ci ildə nişanlanıb, 1934-cü ildə toy edirlər.

Səməd Vurğunun özü görmədiyi son fotosu

Otaqda Səmədin dəfn mərasimini əks etdirən fotolar, şairin “Ölüm maskası” da nümayiş olunur. Şairlə vida mərasimi Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında keçirilirmiş, cənazə üç gün orda saxlanıldığına görə çox söz-söhbətlərə səbəb olmuşdu.

Muzeyin digər otağında Vaqif və Yusif Səmədoğlulara həsr edilən guşələr var. Zəngin otaqdır, çünki hər ikisinin zəngin yaradıcılığı, maraqlı məşğuliyyətləri olub.

Sonuncu otaqda Vəkiloğullarının nəsil şəcərəsini əks etdirən iri bir tablo, Səməd Vurğunun son fotoşəkli və o fotoşəkildəki geyimlərinin sərgiləndiyi vitrin yerləşir.

“Baxın, bu Səməd Vurğunun ən son çəkdirdiyi fotodur. Amma özü bu fotonu görmədi. 1955-ci ildə Kreml xəstəxanasından Bakıya qayıdanda Georgi Qruşinska adında bir mühəndis onu tanıyıb, şəklini çəkir. Şəkli məktub vasitəsilə Səməd Vurğuna göndərir. Amma o bilmirdi ki, Səməd Vurğun bu dünya ilə çoxdan vidalaşıb. Vitrindəki geyim bu şəkildəki geyimdir”, - deyir bələdçi xanım.

Kreml xəstəxanası demişkən, Səməd Vurğunun Xavərə yazdığı son məktublarından biri də məhz o xəstəxanadan olur:

“Can Xavər!

Bu gün lap yaxşıyam. Öpürəm səni, yaman günün ömrü az olar. Yusifnən sənə bir portağal göndərirəm.

Vurğunun cananı ləzzətlə yesin,

Şairlər şahinə çox sağ ol desin.

Sənin qara Səmədin

3/11/56, Kreml xəstəxanası”

Nərmin Muradova

Fotolar Elçin Murad


Müəllif:

Oxşar xəbərlər