31 İyul 2017 11:21
1 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hansı xasiyyətim xoşuma gəlir ki? Heç biri!.."

Teleqraf.com-un müsahibi ATV telekanalında yayımlanan “Yoxlama” verilişindən tanıdığımız və ötən ay qalmaqallı hadisələrlə yadda qalan “Maşın-şou”nun iştirakçısı, “Amedia” şirkətinin təsisçisi Azər Zahiddir.

- Rəsmi ad-soyadınız Azər İsmayılovdur... Zahid sizə əziz bir insanın adıdır, eləmi?

- Bəli. Mənə əziz olan atamın adıdır!

- Telekanallarda xeyli layihələrə imza atmısız. İdeyalar özünüzə aiddir?

- Layihələrin çoxu özümə və “Amedia”ya aiddir. Bir neçəsi isə lisenziyalı layihədir.

- “Amedia”nın rəhbərisiz. Şirkət efir fəaliyyətinizə mane oldu, yoxsa?..

- Əksinə, kömək oldu. Bu şirkəti elə efir üçün yaratdım. Media qurumu kimi fəaliyyətə başladıq. Amma etiraf edim ki, indiyə qədərki layihələri öz adıma, şirkətimin adına çıxmamışam. Hər zaman kölgədə qalmışam sanki... Düşünməmişəm ki, hər şeydən istifadə etmək lazımdır. Amma bu gün “Amedia”nın potensialı imkan verir ki, istənilən formatda telelayihə yaradıb, müxtəlif media işlərini görüb, “Amedia”nın məhsulu kimi ortaya çıxara bilək.

- “Yoxlama” verilişindən sonra xeyli şirkətlərlə düşmən olduğunuzu eşitmişik. Bu şəxsi və gündəlik həyatınızda da problem yaradırmı?

- Mən düşmən olmuşam deməzdim, müəyyən problemlər yaşatdı da deməzdim... Çünki bizim gördüyümüz iş həmin sahibkarların özləri üçün də xeyirlidir. Biz insanları maarifləndiririk, onların sağlam qidalanmasının qeydinə qalırıq. Belə bir misal çəkim. Əksər imkanlı şəxslər istirahətə, yaxud ailəsi ilə harasa yeməyə getməzdən əvvəl həmin məkana öz işçilərini göndərirlər. Onlar gedib həmin məkandakı qidaların keyfiyyətini xüsusi cihazlarla ölçürlər. Ərzaqların haradan alındığı ilə maraqlanırlar. Yeməyin hazırlanma prosesi ilə tanış olurlar. Bəs adi vətəndaşlar? Onlar bunu edə bilmirlər axı...

Bizim vəzifəmiz də bu mənada insanlara kömək etməkdir. Biz KİV nümayəndələri olaraq bunu araşdırırıq, problem varsa ictimailəşdiririk. Məncə, bu, lazımlı telelayihədir.

- Bəs, şəxsi düşmənləriniz var?

- Yox. Şəxsi düşmənim niyə olsun ki? Məni sevməyənlər ola bilər, o da düşmən deyil.

- Keçmişinizdən sizə qalan ən xoşagəlməz iz nə olub?

- Keçmişimdən qalan xoşagəlməz iz hamıya inanmağımdır. Vaxtilə hər kəsi yaxın buraxırdım, insanları tanımırdım, çox saf idim...

- Hansı səhvinizi özünüzə bağışlamırsız?

- Etmədiyim bir iş olub. İndiyə qədər peşmanam ki, onu niyə etmədim...

- Hansı xasiyyətiniz xoşunuz gəlmir?

- Hansı xasiyyətim xoşuma gəlir ki? Heç biri!..

- Eşitdik yeni film çəkməyə hazırlaşırsız...

- Filmlə bağlı yekun işlərimiz yəqin bu il yox, gələn ilin aprelində baş tutacaq. Çünki ortaya yeni realiti-şou çıxdı. Bu isə çox ağır və yüklü layihədir.

- “Top ulduzlar” layihəsi?..

- Bəli. Artıq bildiyiniz kimi, avqust ayında 32 ulduzun yarışacağı bu realiti-şounun çəkilişlərinə başlayırıq. Artıq anonslarımız hazırlanır. Möhtəşəm bir layihə gəlir. Bundan əlavə, “Yoxlama” verilişi davam edir. Paralel olaraq “Yoxlama” teleşousu gəlir. İş çoxdur. Düşünürəm ki, bunlar daha vacibdir. Bu üzdən film bir az gecikir.

- Desələr, dünyanın sonu çatıb nə edərsiz?

- Bütün pis şeylərdən çəkinərəm. Allaha şükür edib, ölümümü gözləyərəm. Arzusunda olduğum, ürəyimdə qalan bir-iki işi mütləq başa çatdıraram.

- Nədir ürəyinizdə qalan?..

- Qoy, elə ürəyimdə qalsın.

- Nəyin sizin üçün fərqi yoxdur?

- Günlərin mənim üçün heç bir fərqi yoxdur.

- Seviləsi adamsız?

- Seviləsi adamam? Bəlkə bu sualı sizə verim? Seviləsiyəm, görəsən?.. Özümə də maraqlıdır.

- Özünüzün şübhəniz var? Bəlkə bu sualı belə qoyaq: sizi sevməyən çoxdurmu?

- Onu mən deyə bilmərəm. Bu müsahibəni oxuyan insanlar yazsın ki, məni sevirlər, yoxsa yox? Öz fikrimə qalsa, məni sevməyən daha çoxdur. Çünki əksəriyyəti düşünür ki, mən təkəbbürlüyəm. Amma elə deyil.

- Sizə qarşı səhv edənləri necə cəzalandırırsız?

- Onu öncədən deyə bilmirəm. Bu, yerində və anında baş verir.

- Üzünüzə yalandan gülən çoxdur?

- O qədər üzümə gülüb altdan-altdan iş görənlər var ki...

- Saxta şoularla gündəmə gəlib tanınanlara münasibətiniz?..

- Amma gündəmə gəlirlər ki... Kim necə bacarırsa, özünü elə də tanıdır. Kimi səviyyəli, kimisə mənasız biri kimi tanınır...

- Övladınıza sevginizi bir cümlə ilə necə ifadə edərsiz?

- Mən övladıma olan sevgimi bir kəlməyə sığışdıra bilmərəm. Qızım Diləyi çox sevirəm. Onun xoşbəxt olması üçün əlimdən gələni edəcəyəm...


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər