Həbsxanada cəza çəkən şair Mahir Mehdinin azadlığa çıxacağı gün dəqiqləşib.
Teleqraf.com xəbər verir ki, Yevlax rayon Məhkəməsi tərəfindən şairə təyin olunan cəza avqustun 26-da başa çatacaq.
Qeyd edək ki, Mahir Mehdinin cəza müddətinin avqustun 18-də başa çatacağı ilə bağlı yayılan xəbərlərdən sonra haqqında heç bir məlumatın olmaması şairin ailəsi və yaxınlarının ciddi narahatlığına səbəb olmuşdu.
Yada salaq ki, Mahir Mehdi Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) və 315.1-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələri ilə ittiham olunub.
O, 2016-cı ilin fevralın 24-də Yevlax Dəmiryol Stansiyasında saxlanılıb. İttiham aktına əsasən, o, stansiyada sərxoş vəziyyətdə polisə müqavimət göstərib.
Yevlax rayon Məhkəməsinin hökmü ilə Mahir Mehdi 1 il müddətinə azadlıqdan məhrum edilib.