16 Fevral 2018 09:15
9 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor balıq kimidir. Gərək onu aid olduğu sulardan, yəni səhnədən pensiya adı ilə, qocalıq adı ilə uzaqlaşdırmayalar. Əgər gözü görürsə, ayağı yer tutursa, başı işləyirsə, ona mane olmaq olmaz. Səhnədən uzaqlaşan kimi öləcək. Mütləq öləcək.

Bu sözləri Teleqraf.com-a müsahibəsində Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Cəfər Namiq Kamal deyib.

- Cəfər bəy, bir neçə gün öncə xalq artisti, gözəl aktrisa Zərnigar Ağakişiyevanı itirdik...

- Zərnigar xanımının vəfatı tək bizim teatr üçün yox, bütün teatr aləmi üçün böyük itkidir. Teatr xalqa xidmət edir, bu həm də xalq üçün itkidir. Çox çalışqan xanım idi.

Yadıma gəlir, cavan vaxtlarımda ailəmlə Moskvaya getmişdim. Zərnigar xanımla orada rastlaşdıq. Uşaqların anası da yanımda idi. Onu çaya dəvət etdik, görüşdük. Soruşdum ki, nə yaxşı burdasan? Dedi ki, burda vokal öyrənirəm.

Deməli, hansısa tamaşada oynadığı rolda ondan oxumaq tələb olunurdu, o da Moskvaya vokal dərsləri almaq üçün gəlmişdi. Görürsüz, bu insan öz sənətinə necə diqqətlə yanaşırdı. O istəsəydi, fonoqramdan da istifadə edə bilərdi, ancaq özü oxumaq istəyirdi.

- Zərnigar xanımla tərəf müqabili olmusuzmu?

- Tərəf müqabili olacaqdım, qismət olmadı. Afaq Məsudun bir pyesi var idi, “Qatar altına atılan qadın”, hardasa 2 aya yaxın o tamaşanı məşq etdik. Tamaşanın rejissoru Mehriban Ələkbərzadə idi. Məşqlərdə hər şey çox yaxşı alınırdı. 5 dəqiqə fasilə verirdik, eyni səhnəni təzədən məşq etmək istəyəndə mətni unudurdu. Bu, onun istedadsızlığı demək deyildi, sadəcə, xəstəliyinə görə, yaddaşı çox zəifləmişdi. Aktyorluqda da ən vacib məsələ yaddaşdır. Bu qədər əziyyət çəkəndən sonra başa düşdü ki, getmək vaxtıdır. Ərizə yazdı və teatrdan getdi. Hətta onun üçün teatrda vida məclisi də təşkil etdilər. Qazandığı sevgini, şöhrəti itirmədən sənətdən uzaqlaşdı.

- Kişi aktyorlarla müqayisədə, qadın aktyorların həyatı daha çətin, hətta deyərdim ki, faciəli olur. Səbəb nədir?

- Ailə quraydılar da. Ailəsiz adam üçün həyat çox çətin olur. Onların əl-ayağını tutmamışdılar ki. Ailə quraydılar. Qısa ömür yaşayırsan, gərək onu da adam kimi yaşayasan, həyat yoldaşınla, övladlarınla.

- Sənət hansı hallarda şəxsi həyatdan üstün ola bilər?

- Ümumiyyətlə, sənət üstündür. Çox çətin sənətdir. Həmişə deyirəm ki, bu sənət ömür qısaldan sənətdir. Bu gün insanlar öz dərdlərini çəkə bilmirlər, ancaq aktyor neçə insanın obrazını yaradır, dərdini çəkir. O dərdi həqiqətən yaşamasan, zaldakılar sənə inanmazlar. Əsnəyə-əsnəyə tamaşanın ortasında durub gedəcəklər. O dərdi həqiqətən yaşayanda da aktyor qocalır. Ona görə aktyora daim diqqət, qayğı olmalıdır. Ömrünü bilə-bilə qısaldan adamın qədrini bilmək lazımdır. Deməli, sənət hər şeydən üstündür, hətta şəxsi həyatdan da. Ancaq insanın ailəsi də olmalıdır. Mənim 4 nəvəm var, Allah olmayanlara da qismət etsin. Onların da öz yeri var.

- Aktyora daha çox kimin qayğısı lazımdır, dövlətinmi, xalqınmı?

- Aktyora tamaşaçı alqışı lazımdır. Bunu qazanmaq üçün gərək yaxşı aktyor olasan. İndi mən nə dərəcədə sevilirəm, deyə bilmərəm. Əsas məsələ sevilməkdir. Tanınmağa nə var ki? Arvadını öldürən birini 3 gün televiziyada göstərsələr, hamıdan məşhur olar.

O gün kanalların birində də dedim, bu gün bəzi aktyorlar qılığa girirlər, gözə girirlər, nə bilim, müxtəlif orqanlara girirlər, ancaq ürəyə girə bilmirlər. Allah ürəyi elə yaradıb ki, insanlara təsir etməyi bacarmasan, ürəklərinə də girə bilməzsən. Bəzən tamaşaçılar mənə yaxınlaşıb elə rollarımı deyirlər ki, xatırlaya bilmirəm. Bəlkə həmin adamdan babasının adını soruşsan, yadına sala bilməz, ancaq mənim neçə il qabaq oynadığım hansısa obraz ona müəyyən qədər təsir edib və yaddaşına həkk olunub. Bu məhəbbətlə yanaşı, dövlət qayğısı da olmalıdır. Ömrünü boş keçirtmədiyinə inanmalısan. Nəticələr olmalıdır. Düzdür, mən fəxri adları gec aldım, ancaq o adlardan mənə də pay düşdü, hətta prezident təqaüdü də alıram. Sağ olsunlar, verməsəydilər, nə edərdim?

- Bəzən aktyorlar pafoslu fikirlər səsləndirirlər ki, aktyor üçün xoşbəxtlik tamaşaçıların sevgisidir. Ancaq reallıq başqa şeylər deyir. Tamaşaçı sevgisi maddi sıxıntıları aradan qaldırmır. Bəs belə anlarda aktyor necə xoşbəxt olur?

- Təbii ki, maddiyyat vacibdir. Ancaq yaradıcılığı daha çox düşünmək lazımdır. Təkcə mədəmizi düşünüb yaşamamalıyıq.

- O zaman sualı belə qoyum: idmanla incəsənəti müqayisə etsək, bir idmançı üçün ən böyük arzu dünya, olimpiya çempionu olmaqdır, bəs aktyor üçün ən böyük arzu nədir?

- Bütün aktyorlara arzum budur ki, ömürləri uzun, canları sağlam olsun. Aktyor balıq kimidir. Gərək onu aid olduğu sulardan, yəni səhnədən pensiya adı ilə, qocalıq adı ilə uzaqlaşdırmayalar. Əgər gözü görürsə, ayağı yer tutursa, başı işləyirsə, ona mane olmaq olmaz. Səhnədən uzaqlaşan kimi öləcək. Mütləq öləcək.

- Teatrdan uzaqlaşdırıldığı üçün ölən aktyorlarımız olubmu?

- Ölən də var, üzü bərklər də. Süsən Məcidova adlı aktrisamız var idi. Filmlərdə də çox görmüsüz. Əməkdar artist idi. O vaxt teatrlarda seçki olurdu. Kimi göndərib, kimi saxlayacaqları o seçkilərdə bilinirdi. Seçkilər vaxtı həmin aktrisanı teatrın qarderobuna keçirtdilər. Yəni işləməyəcəkdi, sadəcə, ştatda qarderobun işçisi kimi göstəriləcəkdi və bunun qarşılığında maaş alacaqdı. Hardasa 2 həftə gəldi-getdi, sonra öldü. Öləndə də gözləri parıldayırdı. O cür aktrisanı teatrdan uzaqlaşdırdılar. Ancaq Rusiyada qocalıb əldən düşən aktyorları əlil arabasında səhnəyə çıxardırlar və tamaşaçılarda elə təsəvvür yaranır ki, o aktyor obraza görə arabadadır. Bilmirlər ki, bu həyatda da bu vəziyyətdədir.

Deyəsən, bizdə də dəymirlər. Rafiq Əzimov bu yaxınlarda 80 yaşını qeyd etdi, soruşdular nə arzulayırsan? Əzimov da başımın üstə dayanmışdı, dedim, mən daha nə arzulaya bilərəm ki? Şöhrət ordeni də alıb. İndi ola bilər ki, ürəyində yenə hansısa arzuları var, Allah bir az da ömür versin, o arzularına da çatsın. Baxdım ki, Əzimov gülür.

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyətiniz olub. Niyə istedadlı aktyorlarımız çox azdır?

- Ona görə ki, istedadlı aktyorları universitetə qəbul etmirlər. Bilmirəm hansı yollarla qəbul edirlər, ancaq aralarında istedadlılar az olur. Bizim vaxtımızda indi tanıdıqlarınının hamısı “Pionerlər evi”nə gedirdilər. Orda təcrübə qazanandan sonra da “Xalq Teatrı”nda çıxış edirdilər. Orda oynadığımız tamaşalar bir başa efirə translyasiya edilirdi. Təsəvvür edin ki, o zaman bizim cəmi 15-16 yaşımız var idi. İndi o dərnəklər də yoxdur. Olsa, yaxşı olardı.

- Xarici ölkələrdə böyük aktyorların öz kursları olur. Aktyor olmaq istəyənlər o kurslardan yararlanırlar. Siz niyə belə kurslar təşkil etmirsiz?

- Xəzər, gərək kurs rəhbəri dərs keçəcəyi gəncləri özü seçsin. 100 nəfərin içindən 10 nəfər seçərəm, o 10 nəfərdən də 2-3 istedadlı aktyor çıxardaram. Yoxsa, özləri seçdikləri 20 nəfəri mənə verirdilər ki, gör neynirsən. Baxırdım ki, hamısı balacaboy, səsləri də yox. Soruşurdum ki, ay bala, sən səhnədə görünməyəcəksən, səsin 2-ci cərgəyə çatmayacaq, nə fikirləşirsən? Biri deyirdi ki, məni atam filan yerə düzəldəcək, o biri deyirdi ki, məni dayım filan işə qoyacaq. 2 istedadlı tələbəm var idi, onlar 3-cü kursda olanda tamaşa hazırlayırdıq. Təhsil haqqını ödəyə bilmədikləri üçün, universitetdən xaric olundular. Mən də ərizəmi yazdım çıxdım. Belə şərtlərlə işləyə bilməzdim. Mən ora pul üçün getmirdim. Həvəslə gedirdim. İstəyirdim gənclərə bildiklərimi öyrədim. Goruma aparmayacam ki?

- Yeni kommersiya filmlərində sizi də görürük. Belə filmləri çəkənlərin bir çoxu qeyri-peşəkarlardır. Bəs onlarla necə yola gedirsiz?

- Heç cür. “Baldız” serialına çəkilirdim, imtina etdim.

- Səbəb?

- Səbəb odur ki, nə ssenari yaza bilirlər, nə də çəkə. Qonarar da verirdilər, istəmədim. Bu yaşa qədər toylara tamada da getməmişəm ki, sənətimizi gözdən salmayaq. Niyə hansısa içkili biri yaxınlaşıb cibimə pul qoymalı idi ki, bizi güldür. Mən onda özümü öldürərdim. Ancaq səhnəyə şortikdə də çıxaram. Sənət olan yerdə pulu düşünməmişəm. Az pul olsun, ancaq təmiz pul olsun. Ona görə, ailəm də, uşaqlarım da üzü ağdır. Aktyorsansa, o demək deyil ki, bambılı olasan. İstəyirsən güldür, istəyirsən ağlat. Ancaq oynadığın rolu elə oyna ki, yaxşı xarakterdirsə, tamaşaçılar onu sevsinlər, pis xarakterdirsə, ona nifət etsinlər.

- Aktyorlara bəzən dəli kimi baxırlar. Bu dəlilik hər kəsin bildiyi dəlilik deyil, sənət eşqindən qaynaqlanan dəlilikdir. Özünüzdə bu dəliliyin simtoplarını hiss etdiyiniz vaxtlar olubmu?

- Elə bizə həmişə dəli kimi baxıblar. Gənc Tamaşaçılar Teatrında işlədiyim vaxtlar idi, Kamal Abdullanın “Unutmağa kimsə yox” pyesini tamaşaya qoyurdular. Quruluşçu rejissor kimi rəhmətlik Vaqif İbrahimoğlunu dəvət etmişdilər, mənə də rol vermişdi. Əsas rollardan birini oynayırdım. Həsənağa Turabov da tamaşanın premyerasına gəlmişdi. Tamaşadan sonra məclis təşkil etmişdilər. Orda mənə də söz verdilər. Dedim ki, bizə bəzi insanlar dəli kimi, xəstə kimi baxırlar. Düşünürlər ki, az maaşla ailəsini necə saxlayırlar, küçədə gedə-gedə danışırlar və s. Mən isə fikirləşirdim ki, bu adamların əlindən xilas olub, qaçım öz dəli dostlarımın, aktyorların yanına. Elə bilirdim hamımız eyni gündəyik. Ancaq məşq vaxtı görürdüm ki, bəzi aktyorlar məşqi tez-bazar yola verib qaçmaq istəyirlər. O anda anlayırdım ki, deməli, hamımız dəli və xəstə deyilik, mən və mənim kimi adamlar daha çox dəlidirlər. Bu işin içində olan adam həvəssiz, tələsik iş görməməlidir. Bu sözlərimdən sonra Həsənağa Turabov ağladı. Allah ona da rəhmət etsin.

- Yaradıcılıq olan yerdə iki cəbhə yaranır, istedadlılar və istedadsızlar. Başqa cür desək, peşəkarlar və qeyri-peşəkarlar. Bir az da dəqiqləşdirsək, İncəsənət Universitetini bitirənlər və Mədəni Maarifi bitirənlər. Siz Mədəni Maarifi bitirmisiz, bəzi aktyorlar bunu qınaq obyektinə çevirirlər. Aktyorluq üçün təhsil nə dərəcədə əhəmiyyətlidir?

- Mənim üzümə kiçik yaşlarımdan qrim dəyib. “Xalq Teatrı”nda elə rollar oynamışam ki, hamısı ağır rollar olub. Yəni institut sadəcə, diplom verir.

- Bəs niyə sənədlərinizi aktyorluğa verməmişdiz?

- Məktəbdən mənim sənədlərimi gecikdirdilər deyə, aktyorluğa sənəd verə bilmədim. Sonra əsgər getməmək üçün, indiki Azərbaycan Dövlət Pedoqoji Universitetə daxil oldum. 6 ay oxudum. Hətta o vaxt birlikdə oxuduğum tələbə yoldaşlarım da var. Yaxşı da oxuyurdum. İbtidai sinif müəllimi olacaqdım. Ancaq əsəbi olduğuma görə, bu peşədən uzaqlaşmalı oldum. 6 aydan sonra yerimi dəyişdilər, Mədəni Maarifə keçdim. Aktyorluqda yer dolmuşdu deyə, qəbul olmadım. Həm də dərslər axşam olduğu üçün, düşündüm ki, gündüz də işləyərəm. Əsas təcrübədir. 11 yaşımdan səhnədəyəm.

- Deyirsiz ki, əsəbi olmusuz, rejissorlarla aranızda mübahisələr olurmu?

- Xeyr, mən heç vaxt gedib hansısa rejissora deməmişəm ki, mənə rol ver.

- Bəs etiraz etdiyiniz məqamlar necə, olubmu?

- Çox olub. Rol seçimində də müdaxilə etmişəm.

- Yeni filmlərə dəvət edirlərmi?

- Hələ ki, yox. Ən axırıncı professional işim Eldar Quliyevin “Dərvişin qeydləri” filmi olub.

- Ancaq Eldar Quliyevdə narazı qalmışdız. Hətta filmi sərt şəkildə tənqid etmişdiz ki, tamaşaçılar bu filmi film kimi qəbul etməyəcəklər.

- Hirslənib elə demişdim. Çünki səsləndirmədən narazı idim. Təsəvvür edin ki, filmdə oynayacağım rol üçün, neçə müddət işimdən, gücümdən olmuşam, əziyyət çəkmişəm, bəzən bir dubla alınıb, bəzən alınmayıb, ancaq sonra görürəm ki, mənim oynadığım rolu, Akademik Milli Dram Teatrının aktyoru Sabir Məmmədov səsləndirib. Sabirə dedim ki, utanmırsan, o dəvət etmişdi, sən niyə qəbul edirdin? Sən axı mənim aktyorumsan, tərəf müqabilimsən. Gələydin, o 200 manatı mən sənə verəydim, ancaq belə etməzdin. Mən ölməmişəm, səsim batmayıb, sən o rolu məndən yaxşı səsləndirə bilməzsən axı. Mən məşq etmişəm, orda mənim nəfəsim var, sən onu mənim qədər duya bilməzsən axı. Dedi ki, düz deyirsən. Bax belə olmuşdu. Qalan hər şey yaxşıdır. Gərək etməyəydilər...


Müəllif: Foto: Elnur Muxtar, Xəzər Süleymanlı

Oxşar xəbərlər