Bir vaxtlar yazanda ki, mən bu gün evdən ərimin köynəyini geyinib çıxmışam, yazırdılar ki, heç qadın da kişi köynəyi geyinər? Amma indi hamı “boyfriend” geyinir. Mən bunu 5 il əvvəl etmişdim.
Bu sözləri Teleqraf.com-a müsahibəsində tanınmış fəşn-blogger, stilist Aynur Güzel deyib. Müsahibəni təqdim edirik.
- Aynur xanım, əsl ixtisasınız nədir?
- İşimlə təhsilim bir-biri ilə əlaqəli deyil. Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ali təhsil almışam. Ancaq uşaqlıqdan dəblə maraqlanmışam, gözəl geyinməyi sevmişəm. Bu sahə hər zaman maraq dairəmdə olub. Mən İstanbul Moda Akademiyasında stilist kurslarını bitirmişəm. Bu təhsilimi davam etdirmək istəyirəm. Artıq, daha ciddi universitetlərdə təhsil almaq istəyirəm. İşimi çox sevirəm.
- Bu sahəyə marağınız necə yarandı?
- Mənə anamın təsiri oldu. Kiçik yaşlarımda anamı bu işlərlə məşğul görürdüm. Uşaqlığım sovet dövrünə düşüb deyə, o zamandan danışıram. O vaxt bu qədər mağaza yox idi, xaricdən nəsə alıb gətirmək də çox çətin idi. Anam şəhərin ən dəbli xanımlarını geyindirirdi. Birbaşa olmasa da, müxtəlif vasitələrlə onlar üçün geyimlər gətirirdi.
Təbii ki, o geyimlərin arasında mənim də öz payım olurdu. Anam mənim üçün ayrıca geyim nəzərdə tuturdu. Çox gözəl geyinirdim. Hətta bağçada dikdaban geyindiyimi də xatırlayıram. Ayaq səslərimə müəllimlər boylanıb baxırdı. Bu sahəyə marağım bəlkə də elə bu səbəblərlə yarandı.
- Blogger kimi fəaliyyətə başlamağınız necə oldu?
- Azərbaycanda stilist deyəndə elə bilirlər, o, saç, makiyaj ustasıdır. Hələ də başa düşə bilmirəm ki, nə üçün saç ustasına stilist deyirlər... Bir də insanlara elə gəlir ki, məşhurların, imkanlıların stilisti olar, adi bir adamın stilisti ola bilməz. Bu, yanlış fikirdir. Hər kəsin stilisti ola bilər: evdar xanımların da, iş qadınlarının da. Belə anlayış formalaşan ölkədə “stilistəm” demək absurd olardı.
Yoldaşımla məsləhətləşəndə bu barədə də götür-qoy etdik ki, özümü stilist kimi təqdim edəndə fikirlər, yanaşmalar necə olacaq... Mən öz işimi göstərməliydim. Yoldaşım da dedi ki, dünyada bloggerlik çox yayılıb, sənin üçün sosial şəbəkələrdə səhifə yaradarıq, sayt açarıq, orda dəblə bağlı öz fikilərini bölüşərsən. Ağlıma batdı. Həmin ərəfələrdə bizdə bloggerlik bu qədər populyar deyildi. Bir-iki xanım var idi, onlar da tam bloggerliklə məşğul olmurdular, sadəcə, səhifələrində şəkillər paylaşırdılar. Elə indi də bloggelik o səviyyədə deyil. Tamam başqa tərəfə istiqamətlənib. Heç kəs dəbdən danışmır. Kim pul verirsə, o məhsullardan danışırlar. Bu, çox pis haldır. Belə halın olması isə həmişəki kimi bizdə və keçmiş sovet ölkələrindədir. Kiməsə desəz ki, get ampulanı sındır, dərinə sürt, yüz faiz polis gəlib sizi həbs edər.
- Bəs siz insanlara təqdim etdiyiniz məhsulları əvvəlcə öz üzərinizdə təcrübədən keçirirsizmi?
- Mən təcrübədən keçirtdiyim məhsulları reklam məqsədi ilə məsləhət görmürəm. Sadəcə, izah edirəm ki, mənim dərim belədir, əgər sizin də dəriniz məndəki kimidirsə, bundan istifadə edə bilərsiz. Deyilsə, etməyin.
Həm də bir kremi neçə müddət istifadə etməliyəm ki, nəticəsini də bilmiş olum? Krem estetik əməliyyat deyil axı. Bir kremin nəticəsini görmək üçün, minimum 1 ay lazımdır. Maska haqda belə demək olar, çünki anındaca effektini görmək olur.
Bəzən insanlar da başa düşmək istəmirlər. Mənim dediklərimi şəxsi zövq kimi qəbul edirlər. Stilist necə geyinirsə, başqalarını da o cür geyindirəcək deyə bir şey yoxdur. Təəssüf ki, bizdə çox adam bu cür fikirləşir.
- Stilistlik də yaradıcılıq sayılır. Yaradıcılıq isə mütləq yenilik tələb edir. Yeniliklərinizin üzərində çoxmu düşünürsüz? Təxminən nə qədər vaxtınız gedir?
- Əslində mənim ən uğurlu kombinlərim düşünmədən etdiklərimdir. Sadəcə, necə geyinirəmsə, odur... Bir vaxtlar yazanda ki, mən bu gün evdən ərimin köynəyini geyinib çıxmışam, yazırdılar ki, heç qadın da kişi köynəyi geyinər? Amma indi hamı “boyfriend” geyinir. Halbuki mən bunu 5 il əvvəl etmişəm. Hətta 5 ildən də yuxarıdır, sadəcə, o vaxtlar internet istifadəçiləri bu qədər aktiv deyildi deyə, yayılmırdı.
Dəb cəsarəti sevir. Dəb içinizin çölünüzə yansımasıdır. Dəb dünyaya baxışınızın göstəricisidir. Əgər onu da çərçivəyə salırsızsa ki, kim nə deyər, kim nə düşünər, deməli, sizin digər qərarlarınız da, həyatınız da belədir - çərçivədə.
- Sizdən başqa fəşn-bloggerlər varmı?
- Bizdə fəşn-blogger yoxdur. Bir ara yutub-bloggerlər bu sahəyə də keçmək istəyirdilər. Amma düşünürəm ki, hər kəs bildiyi işlərlə məşğul olsa, yaxşıdır. Əslində bizdə səviyyəli yutub-bloggerlər var.
- Digər ölkələrdə olduğu kimi, bizdə də dəblə bağlı müxtəlif dərgilər, jurnallar nəşr olunur. Gələcəkdə öz dərginizi, jurnalınızı çap etməyi düşünürsüzmü? Və ya hansısa jurnalda redaktor olmaq istərdizmi?
- Əslində çoxsaylı ideyalarım vardı. Əgər bu yöndə təklif alsam, yəqin ki, qəbul etməyəcəm. Çünki təkliflə işə başlayırsansa, təklif verən adamdan asılı olursan. Bizim işimiz də incəsənətin bir qoludur. Sərhədlər olmamalıdır. Eyni zamanda oxucularımız da azdır. Hansısa mətni yazanda min bir əziyyət çəkirəm, ancaq oxumurlar. Əvvəllər həftədə 2-3 dəfə yazı paylaşırdım. Sonra gördüm oxumurlar...
- İndi heç kitab da oxumurlar...
- Kitab tərbiyə kimi ailədən gəlməlidir. Valideynlər özləri kitab oxumadığı halda övladlarına kitab oxutdura bilməzlər. Çünki onların haqqı var, qayıdıb desinlər ki, biz sizin əlinizdə kitab görməmişik. İndi kitabın əvəzinə uşaqlara telefon veririk. Xarici ölkələrdə insanların əlində telefon görə bilmərsiz. Hamısında ya kitab olur, ya da gündəlik qəzetlər...
- Bizim bloggerlərin də bir çoxunun intellekt səviyyəsi aşağıdır. Hətta öz dilimizdə normal danışmağı bacara bilməyənlər günbəgün artmaqdadır.
- Azərbaycan dili hamımızın ana dilidir. Biz bu dildə mükəmməl danışmağa məcburuq. Ola bilər ki, kimsə ləhcədə danışsın, ancaq bu, evdə qalmalıdır. Dilimizi korlamağa heç kəsin ixtiyarı yoxdur.
Təbii ki, hər kəs zövqlü, intellektli, təhsilli ola bilməz. Heç olmasa, izləyiciləri doğru yola yönləndirməyi bacarsınlar.
- Moda evi, Moda Akademiyası yaratmaq kimi arzunuz varmı?
- Moda Akademiyası yaratmaq çox çətindir. Dediyim kimi, hər kəs bildiyi işlə məşğul olmalıdır. Dəblə bağlı bir-iki seminarım olub. Öyrətmək məqsədi ilə yox, sadəcə, bildiklərimi bölüşmək üçün. Amma bir daha əmin oldum ki, bilməklə bildiklərini başqalarına çatdırmaq arasında çox fərq var. Bacardığım şeylə məşğul olmağı üstün tuturam.
- Yenə qeyd etmək istərdim ki, stilistika özü bir sənətdir, ancaq bizim stilistlər üçün ən böyük məqsəd uzaqbaşı nə vaxtsa ya gözəllik salonu, ya da moda evi açmaqdır.
- Bu məsələdə günah bilirsiz kimdədir? Elə adamları izləyənlərdə. Adamları izləyənlər də elə onların təbəqəsinə aiddir. O adamlar gəlib məni izləyə bilməzlər. Mənim bu günə qədər etdiklərimlə müqayisədə auditoriyam kiçikdir. Çünki o tip insanlara mənim həyat tərzim, fikirlərim və bölüşdüklərim çatmır. Ona görə də, mənim səhifəmdə qala bilmirlər. Yeni şeylər kəşf etmək istəmirlər.
Biz nədənsə internetdən, sosial şəbəkələrdən irəli getmək, inkişaf etmək üçün istifadə etmirik...
- Bayaq dediz ki, istəmərsiz kimdənsə asılı olaraq çalışasız. Bəs tanınmış müğənnilər işbirliyi təklif etsələr, qəbul edərsiz?
- Mənim üçün insanların şəxsi keyfiyyətləri ikinci plandadır. Mən peşəkarlığımı göstərib iş təklifini dəyərləndirməliyəm.
- Filmlərdən təkliflər alırsızmı?
- Kino sahəsi bir az fərqlidir. Orda daha çox geyim üzrə rəssam tələb olunur. O sahədə də işləmək olar. Əvvəlcə dərindən araşdırmaq, oxumaq, öyrənmək lazımdır.
- Siz hobbinizi peşəyə çevirdiz, yoxsa başqa hobbiləriniz də var?
- Əslində hobbi çox vacib məsələdir. Hesab edirəm ki, gənclərin, evli kişilərin axşamlar gedib hardasa qəlyan çəkməsi, onların hobbilərinin olmamağından qaynaqlanır. İnsanin hobbisi ona stimul verməlidir. Məsələn, mənim yoldaşım musiqini çox sevir və köhnə plastinkaları var. Kolleksioner deyil, bu, sadəcə, onun hobbisidir. Başqa ölkələrdə insanlar həftə sonunu öz hobbilərinə sərf edirlər.
Yemək hazırlamağı çox sevirəm. Başqa ölkələrə gedəndə mütləq bir günlük də olsa, yemək kurslarına qatılıram.
- Həyat yoldaşınızla necə və harda tanış olmusuz? Yəqin ki, peşənizdən dolayı seçiminizdə müəyyən çətinliklər yaşamısız.
- Məni həyat yoldaşımla tanış etməyə zorla aparmışdılar. Ortaq tanışlarımızın vasitəsilə olmuşdu. Nədənsə onlar belə düşünmüşdülər ki, biz bir-birimizə çox yaraşarıq.
Allah bütün qızlarımıza mənim yoldaşım kimi təhsilli, anlayışlı, mədəni insan qismət etsin. Onun üçün hər şeydən öncə mən varam: yeməkdə də, gəzməkdə də. Bu hislər isə qarşılıqlıdır.
Ağıllı kişilər başa düşürlər ki, qadının nə qədər aktiv həyatı olsa, birlikdə o qədər maraqlı yaşayarlar. 13 ildir evliyik, bir dəfə deməyib ki, dostlarımla harasa gedirəm. Hara getsək birlikdə gedirik. Bu da çox vacib bir şeydir.
- Bu, onun öz istəyi ilə olur, yoxsa siz məcbur edirsiz?
- Qadın maraqlı və ağıllı olmalıdır. Kişini evə çəkməyi bacarmalıdır. Dünyada kişiyə istədiyini etdirə bilməyən qadın yoxdur. Sadəcə, düşünmədən hərəkət edən qadınlar var. Demirəm ki, hər axşam xüsusi şam yeməyi hazırlamalıdırlar, xeyr, heç kəsdə belə həyat mümkün deyil. Bəzən restoranlarda görürük hər kəsin əlində öz telefonu, söhbət də etmirlər. Danışmağa mövzuları yoxdur. Bəlkə heç ər-arvad da deyillər...