Həsəd apararaq izlədiyimiz məhəbbət filmlərində rol alan xoşbəxt cütlüklər daim bizə ideal görünüb. Bəzən aktyorların filmlərdə canlandırdıqları aşiq obrazları heç də həqiqətə uyğun olmur. Elə aktyorlar var ki, onlar kamera qarşısında böyük, əfsanəvi məhəbbət yaşasalar da, əslində, real həyatda bir-birinə nifrət edirlər.
Bu aktyorlar arasında birinci yerdə məhəbbət əfsanəsinə çevrilən “Notebook” filminin baş qəhrəmanları durur. Ryan Qoslinq və Reyçel Makadams ilk baxışdan ideal aşiqlər kimi görünsə də, əslində, bu aktyorların bir-birini görməyə gözü yox imiş. Hətta film çəkilişləri ərəfəsində yaraşıqlı aktyor Qoslinq bir neçə dəfə aktrisa Reyçelin qovulmasını tələb edib.
İllər öncə Leonardo Di Kaprio ilə Kleyr Deyns cütlüyünün yaratdığı “Romeo və Culietta” filmini izlədik. İllər boyu təsəvvürümüzdə yaratdığımız o iki məsum aşiq obrazı bir-birinə nə qədər yaraşsalar da, əslində, bu aktyorlar da bir-birinə nifrət edirmiş. Filmdə sevgi əsirinə çevrilən cütlük bir-birinə o qədər nifrət edirmiş ki, birlikdə oynamaq təklifini əvvəlcə rədd ediblər. “Romeo və Culietta” filminin çəkilişləri ərəfəsində Deyns, Di Kaprionun özündənrazılığından, azyaşlı olmasından şikayət edib və bir daha heç bir vəchlə onunla eyni kamera önünə çıxmayacağını bildirib.
“Dirty Dancing” filmi milyonlarla gəncə təsir göstərmiş, hətta gənclərin rəqsə olan marağını artırmışdı. Əfsanəvi filmin çəkilişlərində tez-tez dalaşan baş qəhrəmanlar heç yola getmirlərmiş. Filmdə nə qədər sevgi dolu, səmimi və bir-birinə aşiq görünsələr də, kadr arxasında bir-birinə salam belə vermirlərmiş. Amma Şveyzin zamansız ölümündən sonra aktyor Grey onun xatirəsini əziz tutmuş, hətta ona mahnı belə bəstələmişdi.
Dünyanın ən çox sevilən kişi aktyoru Conni Depplə, “seks kraliçası” hesab olunan Ancelina Colidən cütlük təsəvvür edin... “Turist” filmi möhtəşəm bir filmdir, amma iki böyük ulduzun qarşılaşdığı bu film kənardan kifayət qədər səmimi görünsə də, əslində, bu iki böyük aktyor da bir-birinə nifrət edirlərmiş. Özünü kino aləminin kralı və kraliçası hesab edən bu iki ulduzun etdiyi dava-dalaş, mübahisələr uzun müddət mətbuatın maraq dairəsində olub. Filmi izləyərkən necə də bir-birilərinə yaraşdıqlarını düşünürük, amma reallıq əksini göstərərək izləyiciləri məyus edir.
“Subay və centlmen” filmi ilə romantikanın pik nöqtəsinə çatan Debra Vinger və Riçard Gir cütlüyü də bir-birinə nifrət edirmiş desəm, inanarsınız? Tərəflər çəkilişlər ərəfəsində səs-küyə, davalara səbəb olurmuş. Vinger bu filmi həyatının və film təcrübəsinin ən axmaq dövrü adlandırıb.