Maliyyə naziri Samir Şərifov parlamentdə deputatların suallarını cavablandırırkən Azərbaycan kinosunun inkişafı ilə bağlı dövlət büdcəsindən maliyyə ayrıldığını və nəticədə hər hansı bir kino əsərlərini görmədiyini bildirib.
Teleqraf.com bununla bağlı kino sahəsinin mütəxəssislərinə "Kino sahəsindəki problemləri aradan qaldırmaq üçün nə etmək lazımdır?" sualı ilə müraciət edib.
Əməkdar incəsənət xadimi, ssenarist Ayaz Salayevin fikrincə, bu məsələ üzərində ciddi çalışmaq lazımdır:
"Bu, çox ətraflı mövzudur, bu haqda geniş məqalə yazacağam. Kino sahəsi ölkəmizin tarixinə və səviyyəsinə uyğun olmalıdır. Maliyyə məsələsinə gəlincə, iqtisadi və təşkilati məsələlərə qarışmıram. Mən deyərdim ki, sənətkarların, rejissorların yetişdirilməsi lazımdır. Dramaturgiya, ssenarilər, rejissor yetişdirilməsində problemlər var. Əsas da mövzu seçimi, ssenarilərdir və hər şey də onun əsasında formalaşır".
Azərbaycan Kinemotoqrafiyaçılar İttifaqının katibi Əlisa Cabbarov bildirib ki, Maliyyə nazirinin vəsaitin xərclənməsi məsələsinə diqqəti çox sevindiricidir: "Müəyyən uğurlar, çəkilən filmlər var. Sadəcə Azərbaycan dövlət kinostudiyaları mətbuatla işini yaxşı qurmayıb. Mətbuat katibləri yoxdur. İstehsalata buraxılan filmlər haqqında geniş məlumat verilmir. Yəni görülən iş var, amma geniş və yaxşı təqdim edilmir. Bununla yanaşı Maliyyə Nazirliyi çəkilən işlərin maliyyə tərəfini və hesabatını görüb. Burada başqa bir məsələ də var idi, nazirliyin təqdim etdiyi, kinonun inkişaf proqramları...Kinonun inkişaf proqramlarının hazırlanmasında Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq biz də iştirak etmişik. Bundan əlavə Kinorejissorlar Gildiyası da iştirak edir. Bunun qəbul edilməsi Azərbaycan kinosunun xeyrinə olacaq. Nazir dövlət xərclərinin reallaşmasından və xərclərin effektiv olmamasından narazıdır. Məsələn, bir kino çəkilib, iki kino çəkilə bilərdi. Mən nazirin fikrini belə anladım. Biz Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq kinonun inkişaf proqramının qəbul edilməsini vacib sayırıq. Kino Agentliyinin yaranmasını müsbət hal kimi qəbul edirik. Bununla yanaşı müəyyən qüsurlar var ki, onlar aradan qaldırılmalıdır".
Onun sözlərinə görə, xüsusilə, dövlət vəsaitinin xərclənməsinə məsuliyyətlə yanaşılmalıdır: "Görülən işlər haqqında əlaqədar təşkilatlar, ictimaiyyət, mətbuat məlumatlanmalıdır.
Hazırda üç film istehsalata buraxılıb, amma bu film haqqında geniş məlumat vaxtında işıqlandırılmır. Çox az sayda məlumat verilir. Biz yeni konsepsiyanın yaradılmasının tərəfdarıyıq, amma bununla yanaşı səsləndirilən problemlər aradan qaldırılmalıdır. "Azərbaycan Kinemotoqrafiyasının İnkişaf Konsepsiyası”nın qəbul edilməsi və onun əsasında Kino Agentliyinin yaranması kino sahəsinin inkişafına kömək edən amillərdən biridir. Amma əsas faktorlardan biri də dövlət kinostrukturları ilə özəl kinostrukturların və ictimai kino təşkilatları ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı və Kinoressorlar Gildiyasının birgə əməyidir. Heç kim öz dəstəsini yığıb çəkilməməlidir. Heç kim özünü qırağa çəkməməlidir. Tənqidə açıq olmalı və birlikdə fikir mübadiləsi aparmalıyıq. Bir bir-birimizə kömək etməliyik. Əsas problemlərdən biri kinodramaturgiyadır. Kinematoqrafçılarımız azdır, məktəb formalaşmayıb".
Xalq artisti Həmidə Ömərova isə deyib ki, "Pulların ayrılması araşdırılmalıdır. Bu, mənim sahəm deyil. Mənim sahəm ancaq rol oynamaqdır, ifaçılıqdır. Bu iqtisadi məsələdir. Bu, sahənin içindəyəm, amma sizin qədər məlumatlıyam ki, pullar ayrılır və hara gedir?! Bu pullara indiyə qədər hansı filmlər çəkilib, tamaşaçılarımız həmin filmləri görüblərmi? Filmlər kino bazarında uğur qazanıbmı? Təbii ki, bu barədə çoxdan məsələ qaldırmaq lazım idi. Ciddi nəzarət olan yerdə nəticə də olur. İnşallah yaxşı olar".
Qeyd edək ki, Maliyyə naziri Samir Şərifov Milli Məclisin ötən gün keçirilən iclasında kino sahəsindəki vəziyyəti tənqid edib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə milli kinemotoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair “Azərbaycan Kinemotoqrafiyasının İnkişaf Konsepsiyası”nın layihəsi hazırlanıb: “Konsepsiya layihəsi bir neçə dəfə Maliyyə Nazirliyinə təqdim olunub. Ancaq etiraf edim ki, biz onu qəbul etməmişik, çünki orada hər hansı bir dəyişiklik görməmişik. Vəsaitlər ayrılır, ancaq nəticədə hər hansı bir kino əsərlərini görmürük. Bunu da hamımız bilirik və deyirik. Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir”.
Mədəniyyət Nazirliyinin isə səslənən fikirlərlə bağlı yaydığı açıqlamada qeyd olunub ki, bu sahədə qısa zamanda əhəmiyyətli tədbirlər görülüb: ""Azərbaycan Prezidentinin "Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamına əsasən “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi Maliyyə Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində, sözügedən nazirliyin, eləcə də bu sahədəki ictimai təşkilatların rəy və təklifləri nəzərə alınaraq yenidən hazırlanıb, bu istiqamətdə qısa zaman ərzində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib".