1 May 2022 12:36
1 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan qadını Birinci Qarabağ müharibəsində yaşadığı çətinliklərə baxmayaraq güclü, əyilməz olaraq qaldı. Çamadanlar köhnəlsə də onların içərisində olan ümidimiz, işığımız, inamımız bizi qələbəyə yetirdi".

Teleqraf.com xəbər verir ki, bu fikirləri əməkdar artist Gülzar Qurbanova Nizami Kino Mərkəzində keçirilən "Köhnə çamadanlar" filminin premyerasında səsləndirib.

"Həyat yoldaşını çiynində..."

“Köhnə çamadanların içərisində bizim uşaqlığımız, gəncliyimiz var” deyən aktrisa Azərbaycanın hər qarışı üçün canından keçərək onu geri alan Azərbaycan əsgərinə minnətdarlığını bildirib: “Köhnə çamadanlarda o illərin, o günlərin həqiqətləri var, həyatımın, tariximin bir parçası var. Bizim hislərimiz, itirdiklərimiz, ümidsiz ovqatlarımız, sarsıntı, kədərimiz, ağrı, arzu və xəyallarımızdan yığılan xatirələr var bu çamadanlarda. Qarabağ savaşında mərdlik göstərən igidləri dünyaya gətirən, böyüdən, ağır itkilərə sinə gərən şəhid analarının qarşısında baş əyirəm. Həyat yoldaşını çiynində qürurla daşıyan şəhid xanımlarının qarşısında baş əyirəm. Və deyirəm analar, sizin böyütdüyünüz o oğullar bizim qürurumuzu, vətənimizi böyüdüb ucaltdılar. Siz özünüz ucasınız, analar. Siz vətənin özüsünüz, analar.nMən sizinlə qürur duyuran, Azərbaycan qadını. Mən sizinlə qürur duyuram, Azərbaycan əsgəri. Torpağımızın hər qarışı üçün canından keçərək onu geri alan ordumuza, Azərbaycan əsgərinə minnətdaram. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Siz dünya durduqca qəlbimizdəsiniz".

Tamaşa deyil, film oldu

Filmin quruluşçu rejissoru Səidə Haqverdiyeva filmin çəkilişlərinin 21 gün davam etdiyini bildirib: "Çəkilişlər Bakıda, Lənkəran, Xızı və Astarada aparılıb. Bu ideyanı öncə tamaşa formasında gerçəkləşdirmək istəyirdik. İşə başlayanda bunun tammetrajlı film olacağına qərar verdik. Film Birinci Qarabağ müharibəsində əziyyət çəkmiş bir neçə qadının hekayəsindən ibarətdir: Xocalı faciəsində əsir düşmüş qadın, şəhid anası, döyüşçü xanımlar...

"Kinomuzda qadın mövzusu arxa planda olub"

Filmin ssenari müəllifi Sevda Sultanova Azərbaycan kinosunda qadın mövzusunun çox az işləndiyinə diqqət çəkib: "Təəssüf ki, Azərbaycan kinosunda qadın mövzusu arxa planda olub. Biz müharibənin qadınların taleyində buraxdığı izləri göstərmək istəyirdik. Filmi İkinci Qarabağ müharibəsindən öncə çəkmək istəyirdik. Müharibə olandan sonra ssenarini bir az dəyişdik. "Köhnə çamadanlar"da həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin qəhrəmanları yer alıb".

Ekran işində peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin canlı şahidləri - əlil və qaziləri, həmçinin əlilliyi olan həvəskar aktyorlar da rol alırlar.

Filmin redaktoru Həmidə Rüstəmova, bəstəkarı Vüqar Camalzadə, art direktoru Tahir Tahiroviç, baş prodüseri Pərvinə İsmayılovadır.

Psixoloji dramda əsas rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Zemfira Əbdülsəmədova, Gülzar Qurbanova, Qızılgül Quliyeva, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Könül Qasımova, Rəsmiyyə Nurməmmədova, Zülfiyyə Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Nəzər Məmmədova, Rada Nəsibova, Türkay Cəfərli, Rəhim Rəhimov, Elmira Hüseynova, Səriyyə Mansurova, Aygün Fətullayeva, Oksana Rəsulova, Zarina Qurbanova, Cavanşir Məhərrəmov, Namiq Ağayev, Vüqar Hacıyev, Səmimi Fərhad, Aqil M. Quliyev ifa edirlər. Uşaq rollarını isə “Oyuq” teatr-studiyasının yetirmələri oynayırlar.

Film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “RS Prodakşn” və "OYUN" inklüziv teatrının birgə layihəsidir.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər