“Əhval-ruhiyyə adamıyam. Sosial şəbəkələrdə paylaşımları da ürəyim istəyəndə edirəm. Amma paylaşdığım hər şeylə insanlara xoş enerji ötürmək istəyirəm”.
Bunu Teleqraf.com-a açıqlamasında tanınmış aktrisa Rada Nəsibova deyib.
“Heç kəs ideal həyat yaşamır. Xoşbəxtlik anlarla olur. Yaşadığın nələrsə sənin sosial şəbəkə hesablarına da yansıyır. Bəlkə zamanla bunu hansısa sözlər, ifadələrlə paylaşmışam. Amma indi o cür deyiləm.Yaxşı şeylər paylaşdıqca çoxalar. O qədər yaxşı şeylər paylaş ki, qarşı tərəfdən də eyni enerjini al. Nəyi düşünürsənsə onu yaşayırsan” - deyə aktrisa bildirib.
Özünə çox tənqidi yanaşan biri olduğunu deyən Rada Nəsibova özündən razılığın inkişafa mane olduğunu bildirir.
“Hər dəfə düşünürəm ki, daha yaxşı oynamaq olardı. Aktyorun obrazı yaradarkən keçirdiyi hisləri, problemləri, əhval- ruhiyyəsi onun pis oyununa haqq qazandırmır. Mən özümdən tam razı olsam inkişaf edə bilmərəm. Öz çəkildiyim film və seriallara baxıram, oyunuma tənqidi yanaşıram və səhvlərimi gələn dəfə təkrarlamamağa çalışıram”.
Aktrisa etiraf edib ki, onu daha çox ispan aktrisalarına və Monika Belluçiyə bənzədirlər.
“Amma Monika Belluçi daha gözəl aktrisadır”, - Rada Nəsibova vurğulayıb.