Bir qrup ziyalı və ictimai-siyasi xadim xeyriyyəçi və mesenat Hacı Zeynalabdin Tağıyevin adının metrostansiyalardan birinə verilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
Teleqraf.com xəbər verir ki, müraciətdə Bakı metropoliteninin yeni inşa olunan stansiyasında xeyriyyəçinin adının əbədiləşdirilməsi xahiş olunur.
“2024-cü ildə Hacı Zeynalabdin Tağıyevin vəfatının 100-cü ildönümüdür. Bununla əlaqədar böyük şəxsiyyətinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində bəzi addımların atılması xahişi ilə sizə müraciət edirik. Xahiş edirik ki, Bakı metropoliteninin Ağşəhər ərazisində yeni tikilmiş stansiyasına görkəmli Azərbaycan xeyriyyəçisi, mesenatı Hacı Zeynalabdin Tağıyevin adı verilsin. Bizcə. bu, Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi yönündə gözəl bir addım olar”, - müraciətdə bildirilir.
Müraciətdə Azərbayan Prezidentinin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi və irsinin qorunmasındakı roluna da diqqət çəkilir. Bu barədə “İçərişəhər” metrostansiyasının önündə abidəsinin ucaldılması və Mərdəkandakı evinin təmiri xatırladılır.
Müraciəti Tağıyevin nəvəsi Rixard Petrov, əməkdar artist Bəhram Bağırzadə, tarixçi Firdovsiyyə Əhmədova, professor Ədalət Tahirzadə, Milli Azərbaycan Tarixi Muzeyinin direktorunun müavini, t.ü.f.d., dosent Fərhad Cabbarov, “Çapar” dərgisinin baş redaktoru Dilqəm Əhməd və digər ictimai-siyasi xadimlər və ziyalılar imzalayıb.