Xalça muzeyində mərhum millət vəkili Qənirə Paşayevanın unudulmaz xatirəsinə həsr edilmiş "Qənirə Paşayeva-İthaf" bədii sərgisinin açılışı baş tutub.
Teleqraf.com xəbər verir ki, tədbirdə iştirak edən xalq artisti Polad Bülbüloğlu mərhum millət vəkili ilə tanışlığından və fəaliyyətindən danışıb:
“Qənirə xanımla ilk tanışlığımız gənc jurnalist olduğu dövrlərə təsadüf edir. Onun istedadı, Vətəninə böyük sevgisi hələ o vaxtlardan sezilirdi. Onun reportajları, hazırladığı materiallar həmişə son dərəcə obyektiv olub. Təəssüf ki, Qənirə xanım aramızdan çox tez ayrıldı. Sadəcə təsəlli ondan ibarətdir ki, Qənirə xanım özündən sonra böyük irs qoyub. O Mədəniyyət Komitəsinin sədri olaraq mədəniyyət xadimlərinə və bu sahədə çalışan insanlara həmişə diqqət göstərib. Qənirə xanım bir neçə dəfə Şuşada olub. Öz təşəbbüsü ilə Bülbülün ev muzeyinə gəlmişdi. ŞuşadaBülbülün xatirəsinə konsert təşkil edilmişdi. Qənirə xanım mənə dedi ki, xüsusilə, tədbirdə iştirak etmək üçün Bakıdan bu gün gəlib. Bunu heç vaxt yaddan çıxarmıram. Allah ona rəhmət etsin".
Mərhum millət vəkilinin əmisi, professor Qəzənfər Paşayev Qənirə Paşayevanın vəfatındn bir il keçməsinə baxmayaraq, hələ də yoxluğunu dərin kədərlə hiss etdiyini vurğulayıb: “Onun bu səviyyəyə gəlməyinə fitri istedadı, insanpərvərliyi, tükənməz enerjisi səbəb oldu. Qənirə xanımın fəaliyyəti həm dövlətimiz, həm də xalqımız tərəfindən yüksək qiymətləndirildi. O cismən aramızda olmasa da ruhən və mənən bizimlədir. Qəm-qüssə, kədər sevinclə bir yerdə yaranıb. Bu gün həm təəssüflənirik, həm də sevinirik. Sevinirik ki, onun əməyi dövlətimiz və xalq tərəfindən qiymətləndirildi və qiymətləndirilir. Qənirə xanım Allahın seçilmiş bəndələrindən biri idi. Hər yerdə Qənirə xanımla böyük məhəbbətlə qardaşım qızı olduğunu demişəm".
Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva ailəsi adından çıxış edərək prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və sərginin iştirakçısı olan rəssamlara, təşkilatçı qurumlara, sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.
Daha sonra sərginin açılış lenti kəsilib, qonaqlar əsərlərlə tanış olublar.
Qeyd edək ki, tədbirdə Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndələri, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Arca Turganer, Real TV-nin baş direktoru Mirşahin Ağayev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, millət vəkilləri Fazil Mustafa, Sabir Rüstəmxanlı, Tənzilə Rüstəmxanlı və bir çox siyasətçilər və ziyalılar iştirak ediblər.
Sərgi Milli Məclisin Mədəniyyət Komitəsi, Rəssamlar İttifaqı və “HüsnART” Müstəqil Sənət Ocağının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub.