Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda qurumun Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” jurnalinin rus ədəbiyyatına həsr edilmiş buraxılışının təqdimatı və tanınmış rus ədibi Lyudmila Lavrova ilə görüş keçirilib.
Tədbirdə çıxış edən AYB-nin sədri, xalq yazıçısı Anar əvvəlcə L.Lavrovanı yubileyi münasibətilə təbrik edib. Bildirib ki, L.Lavrova Rusiya oxucuları arasında Azərbaycan ədəbiyyatının təbliği istiqamətində əlindən gələni edir.
Xalq yazıçısı Anar daha sonra L.Lavrovaya “Azərbaycan ədəbiyyatının Rusiyada təbliği və yayımlanmasında xidmətlərinə görə” fəxri diplomunu təqdim edib.
“Dünya ədəbiyyatı”nın bu nömrəsinin işıq üzü görməsində dəstəyi olan Rusiya-Azərbaycan Mədəniyyət və Həmrəylik Mərkəzinin rəhbəri Namiq Şahpələngov da fəxri diplomla təltif edilib və ona AYB-nin fəxri üzvlük vəsiqəsi verilib.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı Elmira Axundova xatırladıb ki, Sovet İttifaqı dağıldıqdan sonra L.Lavrova iki ölkənin ədəbi əlaqələrinin qorunması üçün böyük səy göstərib. Məhz onun sayəsində “Literaturnaya qazeta”da Azərbaycan ədiblərinin əsərləri vaxtaşırı dərc olunub. “Lyudmila Lavrova Azərbaycanın ən çətin vaxtlarında, xüsusilə qanlı yanvar hadisələrində xalqımızın yanında oldu. Baş verən hadisələri işıqlandırdı. O, bu gün Azərbaycanın yanındadır və Rusiyada Azərbaycanla bağlı keçirilən tədbirlərdə fəal iştirak edir”, – deyə E.Axundova qeyd edib.
Daha sonra Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu “Dünya ədəbiyyatı” jurnalının rus ədəbiyyatına həsr olunmuş nömrəsi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, jurnalın bu nömrəsi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təbrik sözü və Xalq yazıçısı Anarın təqdimat yazısı ilə açılır.
Milli Məclisin deputatı Mixail Zabelin, Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Oleq Muraşov, ədəbiyyatşünas Telman Vəlixanlı, yazıçı Natiq Rəsulzadə və başqaları çıxış edərək, Azərbaycan və Rusiya arasında ədəbi-mədəni əlaqələrin daha da genişlənəcəyinə əminliklərini bildiriblər.
Sonda tədbir iştirakçılarına, “Dünya ədəbiyyatı” jurnalının nəşrində əməyi olan hər kəsə təşəkkürünü bildirən L.Lavrova deyib: “Ədəbi əlaqələr ürəklərin körpüsüdür. Bu nəşri görəndə isə çox sevindim. Düşündüm ki, əməyimiz hədər getməyib. Bədii tərcümə çox çətin sahədir. Amma əminəm ki, Azərbaycanda bu sahədə istedadlı kadrlar yetişir”.