25 İyun 2015 23:04
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkarlar İttifaqında Şəki “İpək Yolu” - VI Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə bağlı gərgin hazırlıq işləri aparılır.

İttifaqdan Teleqraf.com-a verilən məlumata görə, festival iyulun 1-dən 5-dək Vətənimizin dilbər guşələrində biri - bu gün də əsrarəngiz ipək sapları və gözəl kəlağayıları ilə UNESCO-nun bəşəriyyətin mədəni irsi siyahısına daxil edilən qədim Şəki şəhərində keçiriləcək. Festivalda Şərq və Qərb ölkələrindən gəlmiş bir sıra tanınmış musiqiçilər çıxış edəcək, müxtəlif xalqların və millətlərin musiqisi səslənəcək, simfonik orkestrlər və virtuoz-solistlər öz yüksək peşəkarlıqlarını nümayiş etdirəcək.

“İpək Yolu” festivalının özəlliyi və bənzərsizliyi ondan ibarətdir ki, onun bütün tədbirləri füsunkar memarlıq abidələrinin – Şəki Xan Sarayı, Yuxarı Karvansaray tarixi kompleksi, Kiş kəndində yerləşən Alban Kilsəsinin ecazkar mənzərəsi önündə keçirilir.

Festival günlərində dirijor F.Kərimovun idarəsi ilə Adana (Türkiyə) şəhərindən “Çukurova Semfoni” simfonik orkestrinin (solist – T.Qəniyev) və C.Tağızadənin rəhbərlik etdiyi Azərbaycan Bəstəkarlar İttifaqının “Baku-Sinfonietta” orkestrinin, Yaponiya və Polşadan dəvət olunmuş ansamblların, habelə gənc muğam ifaçıları – Arzu Əliyeva və Sahib Paşazadənin çıxışları gözlənilir.

Festivalın yeniliyi isə Azərbaycanda yaşayan müxtəlif xalqların folklor kollektivlərinin möhtəşəm nümayişi olacaq. İki gün ərzində (3 və 4 iyul) müxtəlif xalqların – ləzgi, rus, talış, tatar, udin, tat, ingeloid, kürd, mesheti türkləri, avar və saxur nümayəndələri öz mahnıları, rəqsləri və mərasimləri ilə çıxış edəcəklər. Bu parlaq rənglər və səslər aləminin festivalda təmsil olunması bir il öncə ölkə Prezidentinin sərəncamı ilə fəaliyyətə başlayan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə gerçəkləşəcək.

Nərmin


Müəllif:

Oxşar xəbərlər