7 Avqust 2015 14:44
2 883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkar olmaq yalnız mahnı janrında musiqilər bəstələməklə kifayətlənmək demək deyil. Bəstəkar həm də simfoniya, aratoriya, kontata və digər iri həcmli əsərlər də bəstələməlidir. Amma sirr deyil ki, toy musiqisinin tüğyan etdiyi və hökmran olduğu bir dövrdə bəstəkarların simfoniya, aratoriya, kontata və digər iri həcmli əsərlərdən gəlir əldə etməsi çox nadir hallarda baş verir.

Hər il bu cür əsərləri Mədəniyyət və Turizm Nazirliyində İncəsənət şöbəsi bəstəkarlardan alır və bunun müqabilində onlara qonorar ödəyir. Sözügedən əsərlərinin satışını həyata keçirən qurumun bir neçə il maliyyə səbəbindən yaşlı bəstəkarlardan əsərləri ala bilməməsi xeyli narahatlıq yaratmışdı. Yaşlı bəstəkarların 1000 manat həcmindəki Prezident təqaüdünü misal çəkən nazirlik nümayəndəsi iddia etmişdi ki, əvəzində gənc bəstəkarlara diqqət ayırıb, onların əsərlərini alıblar. Nazirlər Kabinetinin əsasnaməsinə uyğun olaraq nazirlik bəstəkardan əsərləri müvafiq standart qiymətlər əsasında alır. Belə ki, mahnı 300 manat, opera 20 min manat, musiqili-komediya 10 min manat, fortopianino üçün konsert 2400 manat, uvertüra 1000 manat qiymətində dəyərləndirilir.

Bəs görəsən, bəstəkarlar mahnı janrından savayı əsərlər bəstələməyə meyillidirlərmi?

“Əsərlərim alınır”

Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü, bəstəkar Rauf Əliyev iri həcmli əsərlərinin hər il nazirlik tərəfindən alındığını deyir: “Əsərlərim alınır, ondan başqa nazirlik tərəfindən mənə sifarişlər də verilir. Bəxtim onda gətirib ki, kinostudiyada istehsal olunan filmlərdə də çalışıram. Bəstəkarlar İttifaqının son illərdəki səyi nəticəsində bütün bəstəkarların kamera əsərləri ifa olunur. Cavan bəstəkarlar deyə bilməz ki, mən əsər gətirmişəm, amma ifa edilməyib”.

“Əsərlərimiz yalnız hansısa festivallarda, qurultaylarda çalınır”

Bəstəkarlar İttifaqının üzvü Faiq Sücəddinov bildirib ki, bu gün ölkəmizdə iri həcmli əsərlər yazan bəstəkarlar azdır: “İndi camaatın belə musiqilərə marağı çox azdır. Üstəlik də bəstəkarların həmin əsərləri il ərzində yalnız hansısa festivallarda, qurultaylarda çalınır. Ondan savayı əsərlər başqa heç yerdə səslənmir. Əvvəllər mexanizm işləyirdi. Vaxtilə Simfonik Orkestrın bədii rəhbəri olmuşam. Əsərləri Bədii Şura bəstəkarlardan alırdı, təşkilatlar üzrə ayırırdılar. İndi mexanizm itib, Bədii Şuralar yoxdur, orkestrların sayı azalıb. Bu gün bir Simfonik Orkestr var, onlar da hər əsəri çalmır. Üstəlik, onun konsert proqramında qərb bəstəkarlarının əsərlərinə çox yer ayrılır. Bir də deyirəm, Azərbaycan bəstəkarlarının əsərləri ancaq musiqi günündə, festivallarda, qurultaylarda çalınır. Ondan başqa bəstəkar o vaxt məhsuldar işləyir ki, ona sifariş verilsin”.

“Azərbaycan musiqisini niyə bu günə salırsınız?”

Bəstəkarlar İttifaqının üzvü Elza Seyidcahanın sözlərinə görə, Azərbaycan musiqisi qorunub saxlanılmalıdır: “Bəstəkarın müəllif hüquqları əvvəllər qorunurdu. Əgər musiqimiz hardasa səslənirdisə, onun mütləq qonorarını alırdıq. Düzdür, indi də Bəstəkarlar İttifaqında əsər yazıb qonorar almaq mümkündür, amma əvvəlki kimi bu, bəstəkarı təmin etmir. Sovet dövründə bəstəkarlar çox yaxşı dolanırdılar. Son zamanlar bəzi radiolarda gündəm musiqisi, kommersiya mahnıları adı ilə təbliğ olunan mahnılar bizim heç xəbərimiz olmadan keçmiş musiqilərimizi bizə unutdurur. Orada bir-birinə oxşayan, oğurluq hansı ölkəyə aid olması bilinməyən musiqilər səslənir. Qısacası, kim pulu verir, onun da mahnısı radioda çox səslənir. Axı bu, belə olmamalıdır. Pulunu verirsə, deməli, biz uçuruma getməliyik? Azərbaycan musiqisini niyə bu günə salırsınız? İnanın, o musiqilərin heç biri dəbdə deyil. Hamısı pulun hərisidir. Bir musiqini gündə 6-7 dəfə efirdə səsləndirəndə, əlbəttə, dəbə düşəcək. Bəzi insanlar o mahnıları dəbə salmaq istəyirlər. Gənc bəstəkarlarda günah yoxdur, günah o mahnını səsləndirənlərdədir. Axı, peşəkar bəstəkar nə qazanır ki, mahnısını radioda səsləndirmək üçün hələ 2-3 min manat da versin. Ona görə radiolar yoldan keçənin mahnısını da efirdə səsləndirirlər. Və deyirlər ki, bu mahnılar tələb olunur. Heç biri tələb olunmur, sadəcə, beynimizə yeridirlər. Bununla da insanların zövqünü pozurlar. Bu da bir cinayətdir. Çünki zövq korlanandan sonra onu yenidən düzəltmək üçün illər lazımdır. Mən Tofiq Quliyev, Oqtay Kazımov, Arif Məlikovun musiqiləri ilə böyümüşəm. Mən Arif Məlikovun tələbələrinin musiqilərini dinləmək istəyirəm”.

“Varlığımızdan kim xəbər tutacaq?”

Əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadənin fikrincə, bəstəkar adlandırılmaq üçün klassik musiqinin məktəbini keçmək lazımdır. Yəni, əlifbanı bilmədən yazmaq olmaz. Pop musiqinin strukturu da klassik musiqi üzərində qurulub. Özüm uzun müddət konsert təşkilatçısı olmuşam. Əvvələr Şəhriyar Mədəniyyət Mərkəzi fəaliyyət göstərirdi, orada müxtəlif qruplar fəaliyyətdə idi. Mərkəz mətbəx kimi çalışıb, efirə hazır məhsul verirdi. Efirlər də o məhsulun piarı ilə məşğul olurdu. İndi o mətbəx yoxdur. Hərə bir studiyada mahnı yazır, ondan sonra onu hara yönəldəcəyini bilmir. Mən efirləri günahlandırıram. Efirlər əvvəl klip onluqları təşkil edirdi, şou proqramlarını mahnılar üzərində qururdular. Bizim efirlərimiz musiqiyə maraq göstərmir, indi efirlərdə ancaq intellektual bilik oyunları, səhiyyə, qadın kosmetologiyası haqda informasiyalar verilir. Mədəniyyət, musiqi, teatr efirdən reklam olunmur. Biz də oturmuşuq evdə. Əgər bizi televiziyadan, radiodan təqdim etmirlərsə, varlığımızdan kim xəbər tutacaq? Amma bu gün o janrlarda əsərlər bəstələyən kifayət qədər bəstəkarlarımız var. Həmin insanlar musiqimizin bünövrəsini qoyan bəstəkarlarımızın sinfini bitirənlərdir. Xaosu aradan qaldırmaq üçün efirlərdə peşəkarların yaradıcılığına, peşəkarlarla əlaqəli xüsusi maarifləndirici verilişlər təşkil etmək və təbliğ etmək lazımdır".

“Qeyri-professionalların musiqilərini təbliğ edirlər”

İri əsərlər, estrada mahnıları, eləcə də uşaqlar üçün mahnılar yazan bəstəkar Zabitə Məmmədova: “Əvvəllər bədii şuralar var idi, biz də əsərlərimizi ora təqdim edə bilirdik. İndi əsərlərimiz ancaq nazirlikdə təşkil olunan alqı-satqıda alınır. O da bir-iki ildən bir baş tutur. Üstəlik də ora ancaq ifa olunmuş əsərləri təqdim edə bilərik. Bəstəkarlar İttifaqı yaradıcılıqla bağlı bəstəkarlara bir ildən bir 300 manat maaş yazır. Bir də nazirliyə təqdim etdiyimiz mahnılardan 300 manat qazanırıq”.

Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli deyir ki, indi professional Azərbaycan musiqisi çox az eşidilir, onu da yazanlar peşəkarlardır: “Bayramlarda dövlət kanalı ilə gözəl konsert verilir. Orada dünyasını dəyişən, indi yaşayan bəstəkar və müğənnilərin musiqiləri səslənir. Niyə belə konsertlərin sayı çox olmasın? Məncə, hamısı efirlərin günahıdır. Onlar qeyri-professionalların musiqilərini nəyinsə xətrinə təbliğ edirlər, yeni gələn nəsildə də çaşqınlıq yaradırlar. Gənc nəsil bizim əsl musiqimizin məhz qeyri-peşəkar mahnılar olduğunu düşünürlər”.

Bəstəkar İttifaqının İdarə heyətinin üzvü, bəstəkar Sərdar Fərəcov deyir ki, Bəstəkarlar İttifaqı bir qayda olaraq yaxşı, istedadla yazılan əsərləri nazirliyin komissiyasına təqdim edir, həmin əsərlər də dövlət tərəfindən alınır: “Bu, həmişə belə olub, indi də belədir. Bəzən dövlət müəyyən bəstəkara sifarişlə əsərlər də yazdırır. İndiyə kimi mənim xeyli sayda simfoniyalarım, kamera əsərlərim nazirlik tərəfindən alınıb”.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər