18 Fevral 2016 14:37
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış jurnalistlər arasında sorğu keçirib: “Nə oxuyursunuz?”

Səslənən fikirləri təqdim edirik:

Hikmət Sabiroğlu: “Bədii ədəbiyyatdan söhbət gedirsə, məni çox oxuyan adamlar cərgəsinə aid etmək mümkün deyil. Ancaq hər vaxt belə olmayıb, orta məktəb illərində hər gün bədii ədəbiyyat oxuyardım, məni yazı-pozu işinə gətirən həm də bu amil olub. Sonradan isə publisistika məni daha çox cəlb etdi. Demirəm bədii ədəbiyyata marağım tamam öldü, amma sistemli şəkildə mütaliə də eləmirəm. İnsan taleyinə bağlı, özəlliklə Qarabağ mövzulu publisistikanı isə buraxmamağa çalışıram.

Düşəndə ciddi ədəbiyyatı oxuyuram, məni tutan son belə əsər kimi alman Bernhard Şlinkin “Oxucu” romanını misal çəkə bilərəm. Yeri gəlmişkən, o romanı bizim dildə “Qiraətçi” kimi veriblər, məncə, “Oxucu” daha uğurlu variant olardı...”

Elçin Alıoğlu: “Son iki həftədə oxuduqlarım bunlardır: "The Name of God Is Mercy" - "Tanrının adı bir lütfdür", Andrea Tornielli, "Brotherhood in Death" (“Ölümlə qardaşlıq”) J.D. Robb, "Prodigal Son" - "Yolunu azmış oğul" Daniell Steel.

Hazırda isə Emi Kaddinin "Presence" - "İştirak", və "The ISIS Apocalypse: The History, Strategy, and Doomsday Vision of the Islamic State" - "İŞİD Məşhəri: İslam Dövlətinin tarixi, strategiyası və sonu". əsərlərini oxuyuram”.

Anar Niftəliyev: “Səmimi deyim ki, son aylar kitab oxumağa fürsətim olmur. Yalnız onlayn mediada dərc olunan hekayələri fürsət etdikcə oxuyuram. Kamal Abdullanın, Şərif Ağayarın hekayələri son oxuduğum hekayələrdir. Mən saytın onlayn olduğu bütün vaxtı işləyirəm, bu isə gündə təxminən 20 saata yaxındır. Hətta dünən Seyran Səxavətin hekayəsini dərc etdik. Axşam onu mütləq oxuyacağımı düşünürdüm, hələ də fürsət edə bilməmişəm”.

Elnur Astanbəyli: “Hazırda ötən yüzilin əvvəllərindəki görkəmli Azərbaycan aydınlarından biri Ömər Faiq Nemanzadə haqqında böyük bir esse yazmağa hazırlaşdığım üçün bir tərəfdən onun məqalələrini yenidən oxuyur, digər tərəfdən həyatı haqqında qaynaqları araşdırıram. Ömər Faiq Azərbaycanın maarif fədakarlarındandır, 100 il öncənin ən sağlam düşüncəli, irəligörüşlü simalarından, amma bununla bərabər də gerçək dəyərini almamış və günümüz üçün də örnək təşkil edəcək düşünürlərindən biridir. Onun haqqında geniş yazmaq ehtiyacını da buna görə hiss etdim. Paralel şəkildə isə Con Maksvell Kutzenin "Barbarları gözləyərkən" əsərini oxuyuram, Azərbaycanın bu gününə dair də kifayət qədər kodlar tapmaq olar orada”.

Xalid Kazımlı: “Bu günlərdə Xalid Hüseynlinin "Min möhtəşəm günəş"ini oxudum, xoşuma gəldi. Xüsusilə də müəllif əsərin sonlarında ustalığını ortaya qoyub. Hazırda isə Voyniçin bir əsərini oxuyuram, romanın adı yadımda deyil, amma əsərdə Anri, Markiz, Marqaret, Ted, Anjelika kimi personajlar var.

Ayrıca Elif Şafakın "Qara süd" romanını oxumağa başlamışdım, 3-4 səhifədən sonra kənara qoydum. Xoşuma gəlmədi, əsər məni özünə yapışdıra bilmədi. Bu ayın içində Şərif Ağayarın "Gülüstan" və Mirmehdi Ağaoğlunun "Bir gün səbr elə" romanlarını da oxumuşam”.

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər