28 Aprel 2015 15:09
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin xanım deputatları ölkəmizin ev sahibliyi edəcəyi "Bakı-2015" İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

"Avropa Oyunlarının bizə həvalə olunması uğurumuzun göstəricisidir"


Millət vəkili, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova deyib ki, bütün azərbaycanlılar ölkəmizdə bu cür mühüm tədbir keçiriləcəyi üçün sevinir: "Əlbəttə ki, Azərbaycan bu Oyunları qəbul etməyə layiq ölkədir. Bu qərar təsadüfən qəbul edilməyib. Azərbaycan idmançıları son illər beynəlxalq idman yarışlarında çox böyük uğurlar əldə ediblər, bununla da ölkəmizdə idmanın yüksək səviyyədə olduğunu təsdiqləyiblər. Azərbaycanda idman infrastrukturunun yaradılmasına çox böyük diqqət yetirilir. 40-a yaxın Olimpiya stadionu tikilib. Təkcə Bakıda yox, eyni zamanda, respublikanın bütün bölgələrində idman arenalarına rast gəlmək olar. Bütün bunlar da idmanın kütləviliyinin artırılmasına xidmət edir. Hətta dünyada böhran olmasına baxmayaraq, Azərbaycanın bütövlükdə inkişaf tempinin sürətlə davam etməsi bu cür mötəbər idman yarışının ölkəmizdə keçirilməsinə əsas yaradır. I Avropa Oyunlarının bizə həvalə olunması uğurumuzun göstəricisidir və şərəfli işdir".

"Bu Oyunlar Azərbaycan üçün idman bayramına çevriləcək"

Onun sözlərinə görə, Azərbaycan Avropa Oyunlarını keçirməyə hazırdır: "Çünki ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi təcrübəsi var. Azərbaycan sabit və demokratik ölkədir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin həm bizim, həm də Avropa üçün böyük əhəmiyyəti var. Bu Oyunlar Azərbaycan üçün idman bayramına çevriləcək. İndiyədək təşkil etdiyimiz bütün beynəlxalq tədbirlər çox yüksək səviyyədə keçirilib. İlk Avropa Oyunları da çoxsaylı qonaqların iştirakı ilə və Azərbaycan xalqına məxsus qonaqpərvərliklə, idmanın təşkilində olan dünya standartlarına uyğun şəkildə keçiriləcək. Azərbaycanın imicinin artırılmasında daha bir göstərici əldə edəcəyik".

"Bədii gimnastikanı çox sevirəm"

Deputat qeyd edib ki, hər bir azərbaycanlı, bütün Bakı camaatı idmanın müxtəlif növləri üzrə yarışları böyük həvəslə izləməlidir: "Mən idmandan uzaq adamam, amma I Avropa Oyunları elə bir bayramdır ki, bu bayramdan heç kəs kənarda qala bilməz. Mən bədii gimnastikanı çox sevirəm. Məmnuniyyətlə gimnastlarımızın çıxışına baxacağam. Həmçinin voleybol, basketbol da sevdiyim idman növlərindəndir".

"Həmin qüvvələr biabırçı duruma düşdülər"


Deputat Kamilə Əliyeva bu mötəbər idman yarışının yüksək səviyyədə keçiriləcəyinə inandığını söyləyib: "Hər birimiz bu tədbirin möhtəşəm keçməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Oyunlar öncəsi bəzi təxribatçı qüvvələr, erməni lobbisinin sifarişi ilə hərəkət edən beynəlxalq təşkilatlar, onların buradakı emissarı olan müxalifətçilər var ki, onlar boykot çağırışı səsləndirdilər. Elə bildilər ki, bu cür mötəbər tədbirin qarşısını almağa çalışa bilərlər. Amma bu dəfə də biabırçı duruma düşdülər".

"Ölkəmiz bu sınaqdan da üzü ağ çıxacaq"

Onun sözlərinə görə, ölkəmiz artıq ilk Avropa Oyunlarına tam hazırdır: "Cənab Prezident və xanımı Bakıda I Avropa Oyunlarının məşəlini alovlandırdılar. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Avropa Oyunlarının Təşkilat Komitəsi hazırlıq işlərini ən yüksək səviyyədə təşkil edib və böyük uğurlara imza atıb. Heç kəsin şübhəsi yoxdur ki, ölkəmiz bu sınaqdan da üzü ağ çıxacaq və idman tarixində ilkə imza atacaq, dünya Olimpiadasına bərabər möhtəşəm tədbir keçirəcək".

Vaxtilə basketbolla məşğul olduğunu deyən xanım deputat deyib ki, idmanın hər bir sahəsinə marağı var: "Artıq həyat yoldaşım Oyunlarla bağlı bilet də alıb. Ailə üzvlərimizlə birgə yarışları seyr edəcək, Azərbaycan idmançılarının qələbələrini izləyəcəyik".

"İdman bayramı tariximizə qızıl hərflərlə yazılacaq"


Deputat Leyla Abdullayeva hesab edir ki, Avropa Oyunlarının keçirilməsi üçün ölkəmizin seçilməsi ona verilən yüksək dəyərin göstəricisidir: "I Avropa Oyunları bütövlükdə Azərbaycan dövlətinin bir təqdimatıdır. Çünki belə beynəlxalq və nüfuzlu idman yarışına ev sahibliyi etmək hər ölkəyə nəsib olmur. Beynəlxalq toplantılara, konfranslara ev sahibliyi edən Azərbaycan 44 gündən sonra bir daha dünyanın diqqət mərkəzinə çevriləcək və möhtəşəm idman bayramı tariximizə qızıl hərflərlə yazılacaq. I Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyi heç kimdə şübhə doğurmur. Çünki Azərbaycanın bu sahədə böyük təcrübəsi var. Buna qədər ölkəmizdə dəfələrlə Avropa çempionatları keçirilib. Azərbaycan "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edərkən dünyaya göstərdiyi təşkilatçılıq nümunəsini Avropa Oyunları ilə bir daha ortaya qoyacaq".

L.Abdullayeva voleybol yarışlarını maraqla gözlədiyini söyləyib.

"Şər qüvvələr "dəridən-qabıqdan" çıxsalar da, heç bir "uğur" əldə edə bilmirlər"

Onun fikrincə, Azərbaycanın uğurları, beynəlxalq aləmdə artan nüfuzu dost ölkələri sevindirsə də, bəzi antiazərbaycançı şəbəkələri, beynəlxalq təşkilatları "narahat" edir: "Xarici antiazərbaycançı şəbəkə və onların əlaltıları, bəzi yerli dairələr Avropa Oyunları ərəfəsində öz simalarını açıb göstərirlər. "Demokratiya çətiri" altında pərdələnən "Amnesty İnternational", "Fredoom House", "Human Rights Watch" və "Azadlıq" radiosu idmandan da siyasi alət kimi istifadə etməyə çalışırlar. Əslində, bu qurumlar üçün heç nəyin fərqi yoxdur, təki Azərbaycan əleyhinə mövzu olsun. Onların qarayaxma planları yeni bir proses deyil. Amma ölkəmizi gözdən salmaq istəyən şər qüvvələr "dəridən-qabıqdan" çıxsalar da, heç bir "uğur" əldə edə bilmirlər. Bu qüvvələrin və onların ölkəmizdəki əlaltılarının çirkin əməlləri daim bumeranq effekti verib. Elə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı verdiyi açıqlama da həmin dairələrə növbəti bir zərbə vurdu. O, Avropa Oyunlarını "qitə idmanının ən yüksək zirvəsində dayanan idman tədbiri" olaraq dəyərləndirdi. Bu mötəbər idman turnirini böyük hadisə adlandıran Patrik Hikki erməni lobbisinin çirkin kampaniyasını fiaskoya uğratdı".

"Avropanın hansı ölkəsində vətənə xəyanət edənlər azadlığa buraxılır?"

L.Abdullayeva qeyd edib: "Əslində, antiazərbaycançı şəbəkəyə də yaxşı bəllidir ki, problem olsaydı, AOK heç ölkəmizin namizədliyini də qəbul etməzdi. Çünki beynəlxalq yarışların keçirildiyi məkanda hər şeydən öncə, sabitlik, təhlükəsizlik məsələsi nəzərə alınır. Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul olunarkən bütün məsələlər hərtərəfli araşdırılıb və bu etimadı doğrulda biləcəyinə tam inam olduğu üçün Azərbaycan dövləti seçilib. Odur ki, beynəlxalq QHT-lər də başa düşməlidirlər ki, xoşməramlı məsələlərə xələl gətirmək əvəzinə dəstək olmaq, qara düşüncəli insanların məkrli fikirlərindən yan keçmək lazımdır. Əlləri hər yerdən üzülən bəzi beynəlxalq qurumlar son günlərdə yeni bir qondarma qurum - İdman və İnsan Haqları Alyansı adlı təşkilat yaradaraq Azərbaycana qarşı "bəyanatla" çıxış ediblər. Onların arasında "Amnesty İnternational" və "Human Rights Watch" kimi qurumlar da var. Açıq-aşkar bəllidir ki, həmin qurumların bu alyansa daxil olması nədən xəbər verir. İndi də maskalanmış şəkildə çirkin niyyətlərini həyata keçirməyə cəhd göstərirlər. Guya alyansın məqsədi meqa idman tədbirləri keçirən ölkələrdə insan haqlarını, ətraf mühit qaydalarına əməl olunmasını təmin etməkdir. Qondarma qurum Avropa Olimpiya Komitəsinin Azərbaycana təzyiq göstərməsini istəyir. Məqsədləri isə odur ki, vətənə xəyanətdə ittiham olunan Leyla Yunus, Arif Yunus, Xədicə İsmayıl və digərləri azadlığa buraxılsın. Maraqlıdır, görəsən, Avropanın hansı ölkəsində vətənə xəyanət edənlər azadlığa buraxılır və bu qurumlar hansı ölkədə analoji addımın atılması üçün bəyanatlar veriblər?"

Xanım idmançılar da Oyunlarla bağlı təəssüratlarını bölüşüblər.

"Belə bir şərəfə layiq görüləcəyimi gözləmirdim"

Avropa Oyunları tarixinə ilk məşəlçi kimi düşən, Monreal 1976, XXI Yay Olimpiya Oyunlarının çempionu Rəfiqə Şabanova deyib ki, Avropa tarixinin ilk Oyunlarının ölkəmizdə keçirilməsi onu hədsiz qürurlandırır: "Sevincimin həddi-hüdudu yoxdur. Oyunların məşəlini daşıyan ilk insan olmaq şərəfi mənə qismət oldu. Açığı, belə bir şərəfə layiq görüləcəyimi gözləmirdim. Bu xoşbəxtliyi mənə bəxş edənlərə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, idmançılarımız da "Bakı-2015"də sözlərini deyəcək və xalqımızı, artıq adət etdiyimiz, qələbələrlə sevindirəcəklər".

"Belə bir şərəfli missiya mənə həvalə edildiyinə görə çox xoşbəxtəm"

Avropa Oyunlarının məşəlinin Naxçıvandakı estafetnin iştirakçısı, voleybolçu Xanım Xudadanova isə deyib: "Məşəl estafetini olimpiya çempionumuz Rəfiqə Şabanovadan qəbul etdiyim üçün çox həyəcanlı idim. İlk dəfə keçiriləcək bu mötəbər idman tədbirinin ölkəmizə həvalə olunması və Azərbaycanın idman bayramı ab-havasına bürünməsi, hər bir Azərbaycanlı kimi, məni də çox fərəhləndirir. Bu tarixi anı yaşadığıma, belə bir şərəfli missiya mənə həvalə edildiyinə görə çox xoşbəxtəm".

Qeyd edək ki, "Bakı-2015" birinci Avropa Oyunlarının işıq saçan rəmzinin ölkəmizin 60 regionuna 48 günlük səyahətinə start verilib. Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Atəşgah Məbədində alovlandırdığı məşəl səhayətə Naxçıvandan başlayıb.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər