I Avropa Oyunları zamanı Bakı şəhərinin tibb müəssisələrindən yarış obyektlərində tibbi xidmətlərin göstərilməsi üçün 300 səhiyyə işçisi ayrılıb.
Teleqraf.com-un Trend-ə istinadən məlumata görə, bunu Bakı 2015 I Avropa Oyunlan ilə əlaqədar keçirilən kollegiya iclasında Nazirliyin Aparat rəhbəri Zəkiyyə Mustafayeva deyib.
Z.Mustafayeva Bakıda Kliniki Tibbi Mərkəzin və Bakı Sağlamlıq Mərkəzinin, Mingəçevirdə Şəhər Mərkəzi Xəstəxanasının idmançılara və qonaqlara müvafiq tibbi xidmət göstərmələri üçün tam hazır olduğunu söyləyib.
Aparat rəhbəri təyin olunan xəstəxanaların mütəxəssislərinə "Fövqəladə vəziyyətlərə hazırlıq" və "İlkin tibbi yardımın beynəlxalq standartları" üzrə, Oyunlar zamanı könüllü ilkin tibbi yardım göstərəcək Azərbaycan Tibb Universitetinin 400 tələbəsinə isə "İlkin tibb yardım" üzrə təlimlər keçirildiyini vurğulayıb.
Z.Mustafayeva I Avropa Oyunları zamanı yarana biləcək problemlərin operativ həllini təmin etmək üçün Nazirlikdə qərargah yaradılmasının nəzərdə tutulduğunu söyləyib.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Heyəti 2014-cü ilin mart ayından ilkin tibbi yardım üzrə xüsusi təlimlərə cəlb olunub, həkimlər üçün ingilis dili kursları təşkil edilib, eyni zamanda, 100 ədəd müasir təcili tibbi yardım maşını alınıb. I Avropa Oyunları zamanı təcili yardım briqadalarının 25 obyektdə xidmət göstərəcəyi, 1 gündə maksimum 34 briqadanın növbətçi işə cəlb olunacağı nəzərdə tutulub.