8 May 2015 11:32
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Avropa Oyunları zamanı Azərbaycana gələn qonaqlar şübhəsiz ki, özləri ilə müxtəlif suvenirlər, xatirə hədiyyələri də alıb aparmaq istəyəcəklər. Belə bir arzu, istək bir ölkədən başqa ölkəyə səfər edən əksər insanlarda olur. Nəzərə alsaq ki, Bakıya gələn hər bir turist İçərişəhərə baş çəkməmiş paytaxtdan çətin ki, ayrılsın...

Ötən reportajımızda I Avropa Oyunlarına bir müddət qalsa da, artıq şəhərimizə turistlərin gəldiyi barədə məlumat vermişdik.

Bu dəfə turistlərə təklif olunacaq hədiyyələrlə, suvenirlərlə tanış olmaq üçün İçərişəhərə yollandıq. Burda indidən canlanma yarandığının şahidi olduq.

Qadın çantaları, milli papaqlar, kələğayılar...

Finlandiyadan gəlmiş turist Liz Qreyf deyir ki, İçərişəhəri gəzib dolaşmaq, tarixin müxtəlif dövrlərindən xəbər verən abidələrlə tanışlıq ona mənəvi zövq verir: “Mən ilk dəfə Azərbaycana gəlmişəm. Burada olduqca maraqlı tarixi yerlər var. İçərişəhəri isə çox bəyəndim. Hər addımda tarixin izinə rast gəlmək olur. Bakıdan özümdə xatirə saxlamaq üçün müxtəlif hədiyyələr almışam. Aldığım əşyaların içində xüsusilə çarıqlar çox xoşuma gəldi".

Satıcı Taleh Məmmədov deyir ki, əcnəbi qonaqlar əsasən paytaxt simvolları, əl işləri ilə maraqlanırlar: “Bir həftədən çoxdur, əcnəbilər İçərişəhərin küçələrində müxtəlif əşyalarla maraqlanır və alırlar. Onların bəyəndiyi suvenirlərin sırasında Odlar Yurdunun simvolları, xüsusi naxışlarla hörülən qadın çantaları, milli papaqlar, kəlağayılar üstünlük təşkil edir. Gələn turistləri birdə papaqlar təəccübləndirir. Onların hansı materialdan və necə hazırlanması ilə bağlı məlumat toplamağa çalışırlar".

“Tariximizdən yadigar aparacaqlar"

Amerikalı turist Kriss Guignard deyir ki, əsas önəm verdiyi hədiyyə xalçalardır: “Üç gündür Bakıdayam. Şəhərinizi çox bəyəndim. İçərişəhər isə məni heyran qoydu. Buradakı tarixi abidələrə böyük maraqla tamaşa elədim. Bir neçə milli suvenir və qab aldım. İndi isə xalça almaq niyyətindəyəm. Xalçalarınızın üstündəki ornamentlərə tamaşa eləmək də zövq verir. Bu xalçalar unikaldır".

Satıcı Fəxrəddin Məmmədov deyir ki, turistlərə qədim geyimlərdən çarıqlar, araqçınlar almağı təklif edir: “Mən neçə illərdir burada hədiyyəlik əşyalar satıram. İçərişəhər bütün gözəllikləriylə gəzənləri-görənləri heyran edir. Bura səfər edən hər bir qonaq mənəvi zövq almaqla yanaşı, ölkəsinə, ailəsinə, dost-tanışına bir yadigar aparır. Bizim mağazada çox zövqlü çarıqlar, əllə işlənmiş araqçınlar var. Qiymətləri də 6 manatdan başlayır. Görən turist biganə qalmır.

Fərqi yoxdur, turistlər bu tarixi məkandakı mağazalarımızdan suvenir, yoxsa başqa əşya alır. Əsas odur ki, paytaxtımıza gələn qonaqlarımızın evlərinin bir guşəsində Azərbaycanı, onun mədəniyyəti və tarixini xatırladacaq bir yadigar olacaq".

Bayraq meydanı, ləziz mətbəx...

Rusiyalı turist İskandar Sakayev deyir ki, Bakıya teatrlarla tanış olmağa gəlib: “Mən rejissoram. Azərbaycanın məşhur dastanı Aşıq Qərib haqqında tamaşa qoymuşam. Sizin zəngin mədəniyyətinizin vurğunuyam. Ona görə də ölkənizlə yaxından tanış olmaq istədim. Xoşuma gələn simvollar alıb aparacam. Bu, sevindirici haldır ki, şəhərin qədimliyini qoruyub saxlayırsız".

İçərişəhərdə yerləşən suvenir mağazasının sahibi Vüqar Canıyev deyir ki, çoxdandır bu işlə məşğul olur. Onun sözlərinə görə, turistlər Azərbaycanın təsviri olan suvenirlərə üstünlük verirlər: “İçərişəhərdə suvenir satılan 16 yer var. Qiymətlərimizdə heç bir artım yoxdur. I Avropa Oyunları zamanı da qiymətlər nəinki indiki kimi sabit qalacaq, əksinə, çalışacağıq ki, şəhərimizin qonaqlarını razı salaq. Onlara elə suvenirlər təklif edək ki, Azərbaycanı heç vaxt unutmasınlar".

Ukraynalı turist Yalla Pryatko deyir ki, Bakının gözəl memarlığı var: “Dünyanın ən böyük bayraq meydanı yerləşən bir şəhərdə olmaqdan məmnunam. İnsanlarınız qonaqpərvərdir. Şəhərdə sakit ab-hava var. Ailəmiz üçün çoxlu hədiyyələr almışıq. Bu hədiyyələrdə Bakının gözəlliyi əks olunub. Bakıya, xüsusilə, İçərişəhərə yenidən gəlməyi arzulayıram. Bura çox təmizdir, təhlükəsizdir. Hər yerdə rahat gəzmək mümkündür. Mətbəxə isə söz ola bilməz".

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər