15 May 2015 11:37
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bədxah qonşularımıza böyük zərbə olacaq

“Bakı-2015" I Avropa Oyunlarına dəstək məqsədi ilə ölkəmizdən 12 min əsas heyətdə, 6 min isə ehtiyat heyətdə olmaqla, ümumilikdə 18 min könüllü qatılacaq. Əsas tərkibi gənclərdən ibarət olan bu könüllülərin çoxunu isə tələbələr təşkil edir.

Ali məktəblərdə bu istiqamətdə nə tədbirlər görülür? Bir neçə universitet rektoru ilə I Avropa Oyunlarına hazırlıqlar və bu tədbirin əhəmiyyəti ilə bağlı söhbət etdik.

Avropa Oyunları əlverişli praktikadır

Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru, millət vəkili Aqiyə Naxçıvanlı öncə AMİ-nin tələbələrinin oyunlara hazırlığı barədə danışdı. Bildirdi ki, universitetin 200-dən çox tələbəsi bu oyunlarda iştirak edəcək: “Dövlətini, vətənini, xalqını sevən bütün vətəndaşlar kimi biz də bu oyunların Azərbaycanda keçirilməsini böyük maraqla gözləyirik. Avropa Oyunlarının Azərbaycanda uğurla keçirilməsi üçün ali təhsil müəssisəsi olaraq bütün qüvvələrimizi səfərbər etmişik.

İnstitutun müəllim heyəti tələbələrə maksimum dərəcədə imkan yaradıb ki, onlar bu beynəlxalq tədbirin uğurla keçirilməsində köməklərini əsirgəməsinlər. 200-dən çox tələbəmiz könüllü olaraq Avropa Oyunlarının keçirilməsinə dəstək verir, mütəmadi olaraq təlimlərdə iştirak edirlər və bu tədbirlərdə müxtəlif statuslar üzrə təmsil olunmağa hazırdırlar.

Bundan əlavə, bizim institutun bölgələrdəki filiallarında da tələbələrimiz Avropa Oyunlarında volontyor olaraq iştiraka hazırlaşırlar. Mən hesab edirəm ki, bu oyunlar tələbələrimizin təşkilatlanması üçün ən əlverişli praktikadır. Müxtəlif ölkələrdən turist, qonaq qismində gələn insanlarla ünsiyyət onların dünyagörüşlərinin artırılmasına, şübhəsiz ki, öz təsirini göstərəcək.

Tövsiyə edərdim ki, gənclərimiz bu fürsətdən yararlansınlar, həm ölkəmizin dünya miqyasında layiqincə tanınmasında öz vətəndaşlıq borclarını yerinə yetirməyin zövqünü yaşasınlar, həm də öz dünyagörüşlərini artırsınlar".

Bədxah qonşularımıza böyük zərbə olacaq

Millət vəkili hesab edir ki, ilk Avropa oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmiz üçün böyük əhəmiyyəti var. Onun sözlərinə görə, xaricdəki bəzi dairələr, xüsusilə də ermənilər ölkəmizin uğurlarına qısqanclıqla yanaşdıqları üçün “Bakı-2015" I Avropa Oyunları əleyhinə çağırışlar edilir ki, buna da insanlarımız diqqətli olmalıdırlar: ”Dünyanın müxtəlif ölkələrindən Azərbaycana 100 min turistin gələcəyi gözlənilir. 100 min turistin ölkəmiz haqqında xoş təəssüratı müxtəlif ölkələrdə, müxtəlif şəhərlərdə 100 minlərlə insanın Azərbaycan haqqında xoş təsəvvürü deməkdir.

Azərbaycanın tanıtımının dünya miqyasına çıxması həm də ölkəmiz haqqında bədxah qonşularımızın məqsədli şəkildə yaydığı yanlış informasiyaların alt-üst olması deməkdir. Ona görə də hər bir azərbaycanlı çalışmalıdır ki, oyunlar ərəfəsində ölkəsini yüksək səviyyədə təmsil etsin, qonaqlar bizdən razı qalsınlar, buradan öz ölkələrinə xoş təəssüratla getsinlər. Mən əminliklə bildirirəm ki, “Bakı-2015" I Avropa Oyunları sözün bütün mənalarında Azərbaycana başucalığı gətirəcək”.

“Onlar könüllü, tərcüməçi, bələdçi və köməkçi kimi çalışırlar”

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı bildirdi ki, universitet Avropa Oyunlarına hazırlıq işində fəal iştirak edir. Bu ali məktəb ingilis dilində tədris verdiyi üçün Avropa Oyunları ilə əlaqədar Hazırlıq Komitəsinə Xəzər Universiteti də daxil edilib: “Avropa oyunları ilə əlaqədar tələbələrə mütəmadi kurslar keçilib, yüzlərlə tələbəmiz bu işdə yaxından iştirak edir. Onlar könüllü, tərcüməçi, bələdçi və köməkçi kimi çalışırlar.

Bəzi tələbələrimiz idmana yaxın sahələrdə çox fəal iştirak edir. Tələbələrin dərs prosesi elə sistemləşdirlib ki, onlar həm dərs və imtahan proseslərindən kənarda qalmayıblar, həm də çox aktiv iştirakçıdırlar. Düşünürəm ki, bu tədbirlərdə iştirak tələbələrimiz üçün böyük əhəmiyyət kəsb edəcək. Tələbələrimizin xaricdən gələn qonaqlarla ingilis dilində ünsiyyət yaratması onlar üçün öyrəndiklərini praktik tətbiq etməyə şərait yaradacaq. Bu, həm də universitetimiz, tələbələrimizin özləri üçün bir avantajdır".

“Həm böyük məsuliyyət, həm də uğurdur”

İndiyədək Azərbaycanın bir çox beynəlxalq və nüfuzlu tədbirlərə uğurla ev sahibliyi etdiyini xatırladan Hamlet İsaxanlı dedi ki, “Bakı-2015" Avropa Oyunları indiyədək keçirilən tədbirlərdən ən böyüyü hesab olunur: ”Bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanı dünya miqyasında tanıdan çox böyük hadisədir. Çünki Avropa dünyanın ən məşhur və qədim sivilizasiyası olan yerlərindən biridir. Avropa Oyunları isə dünyada ilk dəfə Azərbaycanda keçiriləcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də uğur. Ona görə də gərək hər bir azərbaycanlı bu işdə öz töhfəsini əsirgəməsin.

Ölkəyə minlərlə xarici turist gələcək, Azərbaycanı yaxından tanıyacaq, burada keçirilən Avropa Oyunlarını izləyəcək. Bütün bunlar üçün hazırlıq işlərinin vaxtında görülməsi çox mürəkkəb prosesdir. Ona görə də hər bir azərbaycanlı ümumi vətənpərvərlik mövqeyindən çıxış edərək çalışmalıdır ki, Avropa Oyunları müsbət mənada yaddaqalan hadisə olsun. Düşünürəm ki, Azərbaycan “Bakı-2015" Avropa Oyunlarının da öhdəsindən çox uğurla gələcək”.

“Taksi sürücülərinə kurs keçirik”

Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev də bildirdi ki, universitetin yüzlərlə tələbəsi I Avropa Oyunlarına könüllü olaraq qoşulub: “Dili bilən, intellektual səviyyəsi, ünsiyyətcilliyi, qonaqpərvərliyi olan tələbələrimiz bu proseslərdə çox aktiv şəkildə iştirak edir. Biz tələbələrlə gündəlik iş aparırıq ki, bu tədbir Azərbaycan üçün olduqca vacibdir. Azərbaycanın həm iqtisadi qüdrətini, həm siyasi qüdrətini, həm xalqın insani keyfiyyətlərini üzə çıxarmaq üçün bu tədbir bizə fürsət verir.

Hər bir insan gələn qonaqlarla elə davranmalıdır, onlara elə münasibət göstərməlidir ki, onlar Azərbaycandan yüksək fikirlə ayrılsınlar. Bu istiqamətdə tələbələrlə yüksək maarifləndirmə işləri aparılıb, təkrar-təkrar tədbirlər keçirilib. Ona görə də bu tədbirin əhəmiyyətini, faydasını dərk edib könüllü olaraq dəstəyə qoşulan tələbələrimizin sayı yüzlərlədir".

Rektor dedi ki, Odlar Yurdu Universitetində Avropa Oyunları ilə əlaqədar taksi sürücülərinə kurslar da keçilir: “Taksi sürücülərinə kursların keçilməsi üçün onları bina ilə, müəllimlə təmin etmişik. Taksi sürücülərinin qonaqlarla ünsiyyət qurması, davranışı və bu kimi müəyyən mənada öyrədilmə istiqaməti bizim institutda keçirilib. Kurslar artıq yekunlaşır” .

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər