“Bakı-2015” Birinci Avropa Oyunlarına 28 gün qalır. Azərbaycan böyük bir beynəlxalq yarışa ev sahibliyi etməyə tam hazırdır. Hazırlıq prosesində iştirak edib-etməməsindən asılı olmayaraq, hər kəsin diqqəti Birinci Avropa Oyunlarına yönəlib.
Ölkəmizdə tanınmış şəxslər də bu prosesə çox fəal qoşularaq vətəndaş mövqeyi nümayiş etdirir.
Xalq artisti Aygün Bayramova Publika.az-a açıqlamasında hazırlıq prosesini izlədiyini və yüksək qiymətləndirdiyini deyib. O da hadisənin Azərbaycan üçün əhəmiyyətli olduğu qənaətindədir:
“Əhval ruhiyyəm çox yaxşıdır. Çox yüksək səviyyədə hazırlaşırıq. Hər şey çox gözəl olacaq. Bizi istəməyənlər də çoxdur. Bəziləri deyir ki, Avropa Oyunları bizim nəyimizə lazımdır? Axı, bu nə sualdır? Bir ölkəni tanıtmaq üçün belə oyunların keçirilməsi çox vacibdir. Niyə bu hansısa Avropa ölkəsində keçirilsin, Azərbaycanda olmasın?! Çox az zaman qalıb. Bura gələn hər bir qonağın, idmançı və ya turistin məmnun getməsindən ötrü hər birimiz əlimizdən gələni etməliyik. Azərbaycanı sevən, ürəyi bu ölkə üçün çırpınan biri Avropa Oyunlarının əleyhinə danışa bilməz”.
A.Bayramova Avropa Oyunlarının təşkilinə ölkə rəhbərliyi səviyyəsində diqqətdən də danışıb: “Cənab prezident və xanımının idman stadionlarının açılışlarında olması, bu oyunlara olan ciddi nəzarətin bariz nümunəsidir”.
Xalq artisti həmçinin bu oyunları canlı olaraq izləyəcəyini də əlavə edib:
“Əlbəttə gedəcəyəm! Təkcə açılışı yox, bağlanış mərasimini də izləyəcəyəm. Hətta planımda var ki, bir neçə idman növünü də ailəmlə izləyim. Başqa cür ola da bilməz. Axı, mən də bu xalqın nümayəndəsiyəm”.