27 May 2015 17:29
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 28 Mall Ticarət Mərkəzinin qarşısında “Bakı 2015” Avropa Oyunlarına həsr olunan sərginin açılışı olub.

Teleqraf.com xəbər verir ki, sərginin təşkilatçıları 28 Mall Ticarət Mərkəzi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasıdır.

Açılış mərasimində çıxış edən Ticarət Mərkəzin meneceri Afaq Camalzadə bildirib ki, sərgi Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı təşkil olunub. Sərginin məqsədi şəhərimizin qonaqlarına, sakinlərinə Azərbaycanın milli incəsənət nümunələrini yaxından tanıtmaqdır. Onun sözlərinə görə, Avropa Oyunları müddətindən mərkəzdə bir neçə sərgi də təşkil olunacaq: “Gün ərzində mərkəzə 35 min adam daxil olur. Hər kəsin təhlükəsizliyini təmin etmək məqsədilə Avropa Oyunları zamanı mərkəzdə kiçik tədbirlərin keçirilməsinə üstünlük verəcəyik. Bunlar kiçik konsertlər, sərgilər, xeyriyyə tədbirləri olacaq. Artıq indidən mərkəzdə xarici qonaqların sayı çoxalıb”.

Rəssamlıq Akademiyasının yaradıcılıq emalatxanasının direktoru Elşən Məmmədov qeyd edib ki, sərgidə 18 ədəd xalça, 6 ədəd böyük formatda qobilen, 3 ədəd kiçik formatda qobilen, 5 ədəd keramika, 8 ədəd rəsm əsəri yer alır: “Əsərlərin hər biri öz orijinallığı ilə seçilir. Yəni bir əsər digərini tamamlamır. Diqqət yetirsəniz görəcəksiniz ki, sərgidə Azərbaycan xalçaları, batika, rəngkarlıq, miniatür sənət əsərləri göz oxşayır. Onu qeyd edim ki, burda yer alan əsərlərin əksəriyyəti Rəssamlıq Akademiyasının tələbə heyətinin, məzunlarının diplom işləridir. Bununla yanaşı sərgidə qismən müəllimlərin də əl işləri sərgilənir”.

Rəssamlıq Akademiyasının Muzey - Sərgi kompleksinin mətbuat katibi Səkinə Zeynalova sərginin daha çox əcnəbi qonaqlar üçün təşkil olunduğunu bildirib: “Əsas məqsəd Azərbaycan incəsənətini, mədəniyyətini ölkəmizə gələn qonaqlara təqdim etməkdir. Bilirsiniz ki, Azərbaycan incəsənəti dünya miqyasına çıxacaq səviyyədə çox yüksək nümunələrə malikdir. Bu baxımdan bütün ölkə mədəniyyətini, incəsənətini xarici nümayəndələrə nümayiş etdirmək qürurvericidir. Ona görə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yaradıcılıq emalatxanası və 28 Mall Ticarət Mərkəzi birgə bu layihəyə start verməyə qərar veriblər”.

Onun sözlərinə görə, sərgi Avropa Oyunlarının keçirildiyi 17 gün ərzində həm əcnəbi, həm də yerli sakinlərin üzünə açıq olacaq: “Biz sərgi üçün insanların çox toplaşdığı, mərkəz bir hissəni yəni buranı seçdik. Gördüyünüz kimi sərgi çox gözəl, möhtəşəm görüntüyə sahibdir. Sərgi nəinki xarici qonaqlara həmçinin azərbaycanlı tamaşaçıların üzünə də açıqdır”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər