28 May 2015 21:16
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdmançılarımız gimnastikanın 5 növü üzrə yarışacaq

"Bakı-2015" I Avropa Oyunlarının keçiriləcəyi bütün idman obyektləri artıq hazır vəziyyətə gətirilib. 20 idman növü üzrə keçiriləcək yarışlardan biri də gimnastikadır.

Cox fərqli və unikal dizayna malik Milli Gimnastika Arenasında da işlər yekunlaşıb. Atletlər Kəndinin cənubunda yerləşən obyektin tikintisi 2014-cü ilin fevralında tamamlanıb. Həmin ilin aprelin 16-da Azərbaycan Prezidenti Ilham Əliyevin iştirakı ilə bu arenanın rəsmi açılışı olub. Kompleksin fasadı xüsusi formada işlənib. Burada maraqlı illüminasiya elementləri təqdim edən ekranlar quraşdırılıb. əsasən, gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının da keçirilməsi üçün uyğunlaşdırılmasıdır.

34 dəst medal uğrunda mübarizə

Sözügedən kompleksdə 6 növ - bədii gimnastika, kişi və qadın idman gimnastikası, akrobatika, aerobika, batut və tamblinq üzrə yarışlar təşkil olunacaq. Yarışlarda ümumilikdə 447 gimnast 34 dəst medal uğrunda mübarizə aparacaq. Bu, su idmanı növündən sonra medal sayına görə ikinci ən yüksək göstəricidir. Olkəmizi bu yarışda 29 idmançı təmsil edəcək.

Azərbaycan yığması üçün kompleksdə hər şərait yaradılıb. Komandamız burada məşq etməklə yanaşı, arenanın ikinci mərtəbəsində yerləşən oteldə qalır. "Bakı-2015" Avropa Oyunları əməliyyat Komitəsinin Milli Gimnastika Arenası üzrə meneceri Zərifə Həsənova bildirib ki, bu, gimnastlarımıza məşqləri ilə yanaşı, təhsilini davam etdirməyə hesablanıb.

9600 azarkeş gimnastları seyr edəcək

Onun sözlərinə görə, Milli Gimnastika Arenasında yarışları 9600 azarkeş izləyə bilər: "Arenada quraşdırılan oturacaqların bir hissəsi azarkeşlərin sayına görə lazım olan zaman yığılıb-açılma mexanizmi ilə təchiz olunub. Belə ki, 2 arenanın ayrılması da mümkündür. Istənilən zaman pərdələr çəkilir və 2 hissəyə bölünür. Belə olan halda idmançılar bir tərəfdə məşq edir və adları səsləndikdə oyun zalına keçirlər. Bir sözlə, yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10 minə qədər artırmaq mümkündür".

Menecer onu da vurğuladı ki, martda Milli Gimnastika Arenasında sınaq yarışı keçirilib: "Arenada yaradılan yüksək şərait yarış zamanı bir daha özünü göstərdi. Artıq burada podiumlar hazırlanıb. Ancaq Oyunlara yaxın başqa dəyişikliklər də olacaq. Burada gimnastikanın 6 növü üzrə yarışlar keçiriləcəyi üçün podiumlar da dəyişdiriləcək. Arenada eyni zamanda 2 növ üzrə yarışlar təşkil oluna biləcək. Gimnastika 6 növ üzrə keçirildiyindən podiumların dəyişdirilməsi zəruridir. Məsələn, batutda ona, idman gimnastikasında da özünə uyğun avadanlıqlarla əvəz ediləcək".

Media nümayəndələri, VIP qonaqlar üçün isə ayrıca oturacaqlar quraşdırılıb. Arenada media mərkəzi də fəaliyyət göstərir. Dünya standartlarına uyğun inşa olunan kompleksdə ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir.

Yarışacaq atletlər üçün hər cür imkan var

Mütəxəssis onu da söylədi ki, əsas arenadan başqa, gimnastikanın bütün növləri üzrə hazırlıq keçmək üçün müasir avadanlıqlarla təchiz olunmuş böyük məşq zalı da fəaliyyət göstərir: "Burada gimnastlar üçün bütün avadanlıqlarla yanaşı, xüsusi havalandırma sistemi, paltardəyişmə və istirahət otaqları inşa olunub. Idmançılara yüksək səviyyəli xidmət göstərilir və məşqlər dünyanın ən qabaqcıl mütəxəssisləri tərəfindən aparılır".

Onu da nəzərə çatdıraq ki, "Bakı-2015" I Avropa Oyunlarından öncə iştirakçı ölkələrin gimnastları Milli Gimnastika Arenasında məşqlər keçəcək.

Qeyd edək ki, Gimnastika Federasiyasında ilkin mərhələdə idmanın üç növü üzrə komandalar formalaşsa da, sonradan Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu növlərin sayı 6-ya çatdırılıb.

"Heç bir ölkədə gimnastlar üçün belə bir şərait yaradılmayıb"

Federasiyanın baş katibi Fərid Qayıbov deyib ki, komandalar olduqca sıx qrafikdə məşq edir. Onun sözlərinə görə, müxtəlif sınaq yarışlarına qatılan gimnastlarımız Avropa Oyunlarına özlərini hazırlıqlı hiss edirlər: "Məşq prosesi, qidalanma rejim hər şey yüksək səviyyədədir. Doğma divarlar arasında çıxış etmək məsuliyyətlidir. Digər ölkələrdə də oluruq, heç bir ölkədə gimnastlar üçün belə bir şərait yaradılmayıb. Hazırda nəinki Avropadan, ABS-dan, digər qitələrdən də burada təlim-məşq etmək üçün müraciətlər olur".

Son 12 ildə nəzərəçarpan inkişaf

Azərbaycan Gimnastika Federasiyası son 12 ildə özünü yaxşı tərəfdən nümayiş etdirən bir qurumdur. Federasiyanın ölkəmizdə yaranma və inkişaf tarixi ötən əsrin 40-ci illərinə təsadüf edir. Bu idman növü tez zamanda məşhurluq qazandı, insanların marağına səbəb oldu. 1956-cı ildə rəsmi şəkildə Azərbaycan Gimnastika Federasiyası yaradıldı. Amma yerli qurumun beynəlxalq federasiyaya üzv olması uzun illər sonra baş tutdu. Olkəmiz müstəqillik qazandıqdan sonra, 1993-cü ildə milli federasiya Beynəlxalq Gimnastika Federasiyasına üzv qəbul olundu. Bundan 3 il sonra - 1996-cı ildə isə Avropa Gimnastika Ittifaqında qeydiyyatdan keçdi.

Birinci xanımın rəhbərlik etdiyi federasiyada güclü gimnastlar yetişdi

2002-ci il oktyabrın 7-dən Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevadır. Mehriban xanım Əliyeva həmin vəzifədə özünü gözəl təşkilatçı kimi nümayiş etdirib. Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun "A" kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.

Uğur qazanmaq üçün çalışan federasiya rəhbərliyi, nəhayət, istədiyinə nail olub. Burada bir çox idmançılar yetişib, üzə çıxıb. Dinara Gimatova və Aliyə Qarayevanın adını çəkmək kifayətdir. 1986-cı il təvəllüdlü Dinara 2003-cü ildə Azərbaycan çempionu adını qazanıb. "Neftçi" ISM-in üzvüdür, bir sıra beynəlxalq turnirin iştirakçısı və mükafatçısıdır. O, həmçinin beynəlxalq dərəcəli idman ustasıdır. Gimatova dünya və Avropa çempionatlarının bürünc medalını qazanıb. Bundan əlavə, iki dəfə dünya kubokunda 3-cü, bir dəfə də 2-ci yer tutub. Aliyə Qarayeva da uğurlu gimnastlarımızdan olub. O da bir sıra beynəlxalq turnirin iştirakçısı və mükafatçısıdır.

Bölgələrdə də gimnastikaya münasibət dəyişdi

Gimnastika Federasiyasının fəaliyyəti idman nəticələrinin əldə edilməsində də öz sözünü dedi. 2003-cü ildə gimnastlarımız dünya və Avropa birinciliklərində, nüfuzlu Qran-Prilərdə iştirak edərək qələbələr qazanmağa başladılar. Elə həmin dövrdə də ilk dəfə olaraq Azərbaycan gimnastı Olimpiya Oyunlarında iştirak etdi. Rusiya yığmasının baş məşqçisi Irina Viner tərəfindən hazırlaşdırılan Dinarə Gimatova, Anna Qurbanova, Aliyə Qarayeva və Zeynəb Cavadlı sayəsində Azərbaycan Avropada və dünyada beşinci nəticə göstərə bildi.
Qısa zaman ərzində Azərbaycanın qrup hərəkətləri komandası formalaşdırıldı və bu komanda hazırda dünyada ən güclülərdən sayılır. əvvəllər bu idmana rusdilli ailələrin övladlarının daha çox meyl göstərdiyi deyilirdi. Indi bu sindrom aradan qalxıb. Hazırda rayonlarda, bölgələrdə də övladlarının bu idmanla məşğul olmasını istəyən ailələr var. Gimnastika federasiyasının geniş planlı işlərindən biri də regionlarda bu idman növlərinin inkişaf etdirilməsidir. Bu işlərin həyata keçirilməsinin nəticəsidir ki, artıq ölkə birinciliklərində Sumqayıt, Sabran, Gəncə gimnastları da iştirak edirlər. Hazırda Azərbaycanda fəaliyyət göstərən gimnastika bölmələrində minlərlə yeniyetmə və gənc bu idmanın sirlərinə yiyələnir.

Avropa Oyunlarında gimnastlarımıza ümid böyükdür

2003-cü ildə Bakıda bədii gimnastika üzrə ilk dünya kuboku keçirildi. Paytaxtımız 2005-ci ildə bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi etdi. 2007-2009-cu illərdə isə ölkəmizdə iki dəfə Avropa çempionatı təşkil olundu. Bu turnirlərin sayəsində Azərbaycan gimnastları da son illərdə böyük inkişafa nail oldular. Dinarə Gimatova 2003-cü ildə Afina Olimpiya Oyunlarına ilk milli lisenziyanı qazanıb. Aliyə Qarayeva isə 2007-ci ildə bədii gimnastika üzrə Avropa çempionu tituluna sahib çıxıb. Dünya çempionatında isə qızlarımız komanda hesabında üçüncü olublar. Azərbaycan gimnastları növbəti illərdə ölkəmizi Olimpiya Oyunlarında layiqincə təmsil ediblər.

Indi isə gimnastlarımız Ilk Avropa Oyunlarına hazırlaşırlar. Yuxarıda qeyd etdiyimiz kimi Idman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Milli Gimnastika Arenasının tikintisi də beynəlxalq əhəmiyyətli bu idman yarışının yüksək səviyyədə təşkili üçün geniş imkanlar yaradır.

Gimnastika yarışları 6 gün müddətində keçiriləcək. Idmançılarımız gimnastikanın 5 növü - akrobatik gimnastika, aerobik gimnastika, idman gimnastikası, bədii gimnastika və tramplin - üzrə özlərini göstərəcəklər.
Akrobatik Gimnastika üzrə yarış iyun ayının 17-də başlayacaq. Final yarışları iyunun 19-na və 21-nə təsadüf edəcək. Aerobik gimnastika isə 3 gün davam edəcək. Idman gimnastikası üzrə yarışlar 4 gün keçiriləcək. Iyunun 15-i, 18-i və 20-si final görüşləri baş tutacaq. Tramplin növü üzrə yarışlar da 3 gün davam edəcək.
ən maraqla gözləniləni isə bədii gimnastikadır. 3 gün davam edəcək yarışın finalları da həmin gün baş tutacaq. Yarışlar iyunun 17-si, 19-u və 21-nə təyin olunub. 2014-cü ilin "ən yaxşı idmançısı" seçilən Marina Durunda ölkəmizi bu növdə təmsil edəcək. Bundan əlavə Marina Durunda ilk Avropa Oyunlarının 11 idman elçisindən biridir. Məlumat üçün bildirək ki, Marina bədii gimnastika üzrə ikiqat Azərbaycan çempionudur və bir neçə dəfə dünya kubokunda iştirak edib. 2014-cü ildə Izmirdə keçirilmiş dünya çempionatında o, inamla mübarizə aparmışdı və yarışdakı çıxışından çox razı qalmışdı.

Xanım gimnast bu yarışın Azərbaycanda keçirilməsi ilə bağlı deyib ki, birinci Avropa Oyunları məhz onun ölkəsində keçiriləcəyi üçün həm həyəcanlıdır, həm də fəxr hissi duyur.

Nərgiz EHLAMQIZI


Müəllif:

Oxşar xəbərlər