Parisdə “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS), Fransa Milli Olimpiya və İdman Komitəsinin və Nitsa Milli İdman Muzeyinin birgə təşkilatçılığı ilə "Azərbaycan - İdman foto obyektivdə " adlı fotosərginin açılışı keçirilib.
Trend-in məlumatına görə, ilk Avropa Oyunlarının şərəfinə Fransanın Milli Olimpiya və İdman Komitəsinin qərargahında təşkil edilmiş sərgi iyunun 28-dək davam edəcək.
Fransa İdman Evində nümayiş etdiriləcək foto şəkillər 2014-cü ildə TEAS tərəfindən təşkil edilən fotomüsabiqənin yekun nəticəsinə əsasən seçilib. Həmin foto şəkillər dünyanın müxtəlif ölkələrindən olan peşəkar və həvəskar fotoqrafların təqdim etdiyi 300 şəkil arasından seçilib. Müsabiqənin mövzusu 2015-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi I Avropa Oyunlarına həsr olunub. Müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi və Avropa Oyunlarının məzmunu kimi mövzuları əhatə edir.
Sərginin açılışında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Fransa Milli Olimpiya və İdman Komitəsinin sədri Denis Massaqlia, Fransa Güləş Federasiyasının sədri və “Bakı 2015” Avropa Oyunlarında iştirak edəcək Fransa nümayəndə heyətinin rəhbəri Alen Bertolom, Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin sədri, fransalı senator Jan-Klod Frekon, Fransa Milli Assambleyasının deputatı və Azərbaycanlıların Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel, Fransanın xarici ticarət qurumunun komitə sədri Alen Jerar və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən D.Massaqlia Bakının bu oyunların keçirilməsini layiqincə bacaracağını bildirib. O qeyd edib ki, Azərbaycan tərəfi bu Oyunları qəbul etmək arzusunu, niyyətini açıqladıqda və öz namizədliyini irəli sürdükdə yarışın təşkil edilməsini bacaracağına tam əmin idi: “Bildiyimə görə, Azərbaycan çox gözəl bir ölkədir və onun paytaxtı Bakının Avropa Oyunlarını qəbul etməsi üçün bütün imkanları var. Bugünkü sərgini açmaq mənim üçün çox xoşdur”.
J.F.Mansel isə Bakıda keçiriləcək bu oyunların möhtəşəm bir idman tədbiri və gözəl bir bayram olacağını deyib: “Fikrimcə, möhtəşəm bir anlar yaşanacaq. Azərbaycan bu oyunların olduqca qısa bir müddətdə hazırlanmasını boynuna götürə bildi. Məncə bu möhtəşəm bir idman tədbiri və gözəl bayram olacaq”.
A.Bertolom da Avropa qitəsində də belə bir yarışın keçirilməsi fikrinin çox gözəl bir təşəbbüs olduğunu söyləyərək, Avropada bundan sonra bu yarışların uzun sürəcəyinə ümid etdiyini bildirib.