12 İyun 2015 10:35
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi ofisi Torontoda olan Söz Azadlığı Mübadiləsi Şəbəkəsi (İFEX.www/ifex/org) jurnalist təşkilatlarını, eləcə də insan hüquqları ilə bağlı iş aparan QHT-ləri Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına qarşı twitter sosial şəbəkəsi vasitəsilə kampaniyaya qoşulmağa çağırıb. Qərəzli kampaniyayaya çağırışda bildirilir ki, iyunun 12-də I Avropa Oyunlarının açılışı vaxtına təsadüf edən saatda – 15:00-dan başlayaraq, jurnalistlər və QHT-lər Azərbaycanla bağlı olan qərəzli informasiyalar yerləşdirib, ölkəmizin nüfuzuna təsir edə biləcək fotolar, xəbərlər və s. məlumatlar paylaşsınlar.


“SƏS” Media Qrupu bununla bağlı dünya jurnalistlərinə səslənməyi özünə borc bilərək bəyanat yayıb.


Bəyanatda deyilir: “Azərbaycanın da daxil olduğu böyük Avropa ailəsi möhtəşəm idman hadisəsi ərəfəsindədir. İlk Avropa Oyunlarının keçirilməsinə cəmi 1 gün qalıb. I Avropa Oyunlarının Bakıda keçirilməsi bir daha sübut edir ki, Azərbaycanın beynəlxalq idman tədbiri keçirmək üçün ən layiqli ölkə olduğu təsadüfi deyil. Demokratik dəyərlərə sadiq olduğunu dəfələrlə sübut edən Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlar Avropa, eyni zamanda dünya ölkələri tərəfindən yüksək qiymətləndirilir. Deməli, Avropa Olimpiya Komitəsinin keçirdiyi səsvermə nəticəsində ölkəmizin I Avropa Oyunlarına ev sahibliyi etmək hüququnu qazanması əbəs yerə deyil.

Bütün bunlara rəğmən həmin dairələr çirkin "qara piar" kampaniyası apararaq nailiyyətlərimizə kölgə salmağa çalışırlar. Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin etdiyi çağırış da məhz bu qəbildəndir.

“SƏS” Media Qrupu bütün dünya jurnalistlərinə, media şirkətlərinə, hadisələrə doğru qiymət verməyi bacaran QHT-lərə, insan haqları institutlarına səslənərək İFEX və buna bənzər qurumların sifarişli çağırışlarına məhəl qoymadan hadisələrə ədalətlə yanaşmağa və Azərbaycan həqiqətlərinə obyektiv qiymət verməyə çağırır.

Avropa məkanında ilk dəfə keçirilən I Avropa Oyunlarının həm də sülhə və ədalətə çağırış olduğunu nəzərə alaraq, dünya jurnalistlərini bəzi beynəlxalq qurumların qərəzli, çirkin siyasətinə bulaşmamağa səsləyirik. Çünki Azərbaycanda əldə ediləcək qələbə və zəfərlər həm də Avropanın qələbəsi və zəfəri olacaqdır!

Biz “SƏS” Media Qrupu olaraq beynəlxalq jurnalsitlər ailəsinin, dünyanın aparıcı media şirkətlərinin öz nüfuzlarını siyasi ambisiyalara qurban verməyəcəyinə və idmanı siyasətlə qarışdırmayacağına inanır, onları I Avropa Oyunlarının rəsmi Twitter səhifəsində, #Baku2015 Hashtag-da aparılacaq kampaniyaya qoşulmağa, Azərbaycan haqda obyektiv məlumatlar yerləşdirməyə səsləyirik.


Müəllif:

Oxşar xəbərlər