12 İyun 2015 15:20
3 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı 2015 Avropa Oyunları bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarıdır. Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən də dəstəklənən bu oyunlarda dünyanın 50 ölkəsindən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışacaq. Bu gündən başlayaraq iyunun 28-ə kimi belə bir mötəbər tədbirə ev sahibliyi edəcək Azərbaycan cəmi iki il yarım ərzində yarışlara ən yüksək səviyyədə hazırlaşıb. Mövcud idman qurğuları ilə yanaşı, ən müasir tələblərə cavab verən Atıcılıq Mərkəzi, Gimnastika Arenası, Su İdman Sarayı, Velopark, Bakı Olimpiya Stadionu kimi idman obyektləri də tikilib istifadəyə verilib. Bütün idman obyektlərində təyinatı üzrə yarışların keçirilməsi üçün lazımi şərait yaradılıb. Ölkəmizə gələcək 6 mindən artıq atletin yerləşdirilməsi, qidalanması, istirahəti üçün də gərəkən tədbirlər alınıb. Paytaxt şəhərin mərkəzi ünvanlarından sayılan Heydər Əliyev Prospektində - Bakı Olimpiya Stadionunun və “Koroğlu” metrostansiyasının yaxınlığında idmançılar üçün ən müasir tələblərə cavab verən atletlər kəndi salınıb. Atletlərin vaxtlı-vaxtında təlim-məşq toplantılarına, yarışlara çatdırılması üçün Fransa istehsalı olan müasir avtobuslar, London taksiləri kimi tanınan minik avtomobilləri onların ixtiyarına verilib.

Bütün bu hazırlıqları Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki də yüksək qiymətləndirib. O, birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimində çıxış edərkən, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən bütün hazırlıqların yüksək peşəkarlıqla vaxtında başa çatdırıldığını bildirib. Qeyd edib ki, belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularla da təsəvvür etmək mümkün deyil. P.Hikki Oyunlar başlamazdan öncə Azərbaycanın bununla dünya rekorduna imza atdığını bəyan edib. AOK prezidentinin söylədiyi məmnunluq dolu bu ifadələr sonrakı müddətdə ən müxtəlif rəsmi şəxslərin dilindən də səsləndirilib. Hətta Pekin, Soçi, London olimpiadalarının iştirakçısı olan, birinci Avropa Oyunlarında iştirak etmək üçün ölkəmizə gələn dünyaşöhrətli əcnəbi idmançılar da Azərbaycanın yarışlara ən yüksək səviyyədə hazırlaşmasından heyranlıqla danışıblar. Hətta AOK rəsmiləri bildiriblər ki, Bakıda keçirilən birinci Avropa Oyunları onların bütün fəaliyyəti dövründə müşahidə elədikləri yeganə məkandır ki, jurnalistlər burdan heç bir şeylə bağlı şikayət etmmirlər. Hər halda Pekin, Soçi və London olimpiadaları dövründə jurnalistlərin çoxsaylı şikayətləri və narazılıqlarına səbəb olan problemlərin heç biri Azərbaycanda müşahidə olunmayıb.


Ancaq bunlara baxmayaraq, Azərbaycanın reallıqlarını görmək istəməyən bəzi xarici dairələr, onların təsiri altında olan media qurumları, beynəlxalq təşkilatlar, həmçinin “5-ci kolon” funksiyasını yerinə yetirən şəxslər ölkəmizə qarşı təbliğata, qarayaxma kampaniyasına başlayıblar. Deznformasiya xarakterli məlumatları tirajlamaqla Azərbaycanda keçirilən yarışların əhəmiyyətini azaltmağa çalışan belə qurumlar, tənqid edəcək nə isə tapmayanda müxtəlif şüurlu təxribatlara da əl atırlar. Atletlər kəndində idmançıların nədənsə narazılıq etməsinə səbəb olmadığı halda, bəziləri süni “səbəblər” yaradır, sonradan bunu şişirdərək “ciddi problem” kimi beynəlxalq mediaya çıxarırlar. Misal üçün, milli hislərini itirmiş Çingiz Sultansoy adlı birisi “Facebook” sosial şəbəkəsində dünən status yazaraq, Bakıdakı atletlər kəndində guya, Rusiya və Ukrayna idmançıları arasında əlbəyaxa dava baş verdiyini, yalnız mühafizə xidməti əməkdaşlarının müdaxiləsindən sonra tərəfləri sakitləşdirməyin mümkün olduğunu yazıb. Xarici dairələrin təsiri altında olan bu adamın məqsədli şəkildə yazdığı “məlumat” dərhal “Azadlıq” qəzetinin (http://www.azadliq.info/xeberler/358-xeber/68472-bakda-rusiya-v-ukrayna-idmanclar-arasnda-kuetlvi-dava.html), “Amerikanın Səsi”nin (http://www.amerikaninsesi.org/content/avropa_oyunlari/2818793.html) saytlarında, səhərisi gün isə “Azadlıq” qəzetinin səhifəsində yer alıb. Sözügedən “xəbər”ə əlbəyaxa dava edən bir neçə gəncin təsvir olunduğu foto da əlavə olunub və qeyd edilib ki, guya bu şəkil həmin hadisə zamanı çəkilib. Açıq-aşkar təxribat xarakteri daşıyan “xəbər” dərhal bu mənbələrə istinad olunmaqla Qərb mediasında tirajlanmağa başlanıb.

Lakin adıçəkilən media qurumları belə bir təxribatı ictimailəşdirərkən özləri də bilmədən ciddi səhv ediblər. Onlar “xəbər”in mənbəsini dəqiqləşdirmək, bunun nə dərəcədə doğru olub-olmamasını yəqinləşdirmək bir yana, “hadisə”nin guya vizual görüntüsünü təşkil edən şəkilə də əhəmiyyət verməyiblər. Beləki, atletlər kəndində Rusiya və Ukrayna idmançılarının əlbəyaxa dava görüntüsü kimi təqdim edilən, oxucunu aldatmağa hesablanan bu şəkil nəinki Bakıda, ümumiyyətlə Azərbaycanda çəkilməyib. Sözügedən foto məhz 2012-ci ildə Varşavada çəkilib (http://www.smh.com.au/sport/soccer/poland-and-russia-fans-fight-at-euro-2012-20120612-208rv.htmlşthash.E3b9vFNT.dpuf). Həmin vaxt Avropa Çempionatının oyunları keçirilib. Bu zaman narazı Rusiya və Polşa azarkeşləri arasında kütləvi dava baş verib. Azərbaycanda çəkildiyi iddia edilən şəkil də məhz o davada çəkilib və dünya mediasında yayımlanıb. Nədənsə belə incə məqamlar “xəbəri” yayan media qurumlarının “diqqətindən yayınıb”. Bundan başqa, həmin media qurumları Bakıda rusiyalı və ukraynalı idmançılar arasında dava düşməsinə dair “xəbər”in Rusiya nümayəndə heyətinin rəhbəri İqor Kazikov tərəfindən təkzib edilməsinə də əhəmiyyət verməyiblər. İ.Kazakovun belə bir hadisənin əsla baş vermədiyini söyləməsinə rəğmən, onun fikirlərinə hazırladıqları “xəbər”də yer verməyiblər (http://tass.ru/proisshestviya/2037230). Ukrayna yığmasının “şef-de-missionu” Anna Sorokina da belə dava olmadığını bildirib (http://az.apa.az/news/387037). Yayılan məlumatların yanlış olduğunu bildirən A.Sorokina qeyd edib ki, bununla bağlı Ukrayna səfirliyi müvafiq yerlərə iki informasiya notası göndərib: “Yalan məlumatların saytlardan çıxarılması tələb olunub. Lakin onlar həmin xəbərləri saytdan çıxarmaq əvəzinə başqası ilə yeniləyib. Hərçənd, bizim idmançılar heç bir davada iştirak etməyiblər”.


Bütün bunlar bir daha sübut edir ki, yarışlar öncəsi, eləcə də bu günün özündə bəzi xarici və yerli media qurumlarında yayılan dezinformasiyalar Azərbaycan əleyhinə aparılan kampaniyanın tərkib hissəsi, I Avropa Oyunlarının əhəmiyyətini azaltmaq üçün təxribatçı qüvvələrin hər gün üçün bir “səbəb” və “xəbər” axtarışıdır.


Müəllif:

Oxşar xəbərlər