23 İyun 2015 01:37
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər üçün Təhsil Mərkəzi (GTM) “Yaşıl məktəb” layihəsinin ikinci mərhələsini davam etdirir.

GTM-dən AZƏRTAC-a bildiriblər ki, regionlarda məktəblilərin yay tətilinin səmərəli təşkili, habelə ətraf mühitin qorunmasında şagirdlərin fəallığının artırılması məqsədi daşıyan layihə Gəncə, Mingəçevir və Ağcabədidə həyata keçirilir. Layihənin ilkin mərhələsində həmin regionların orta məktəblərində ekoloji maarifləndirmə işini gücləndirmək məqsədilə təlim proqramı təşkil olunub, məktəblilərdən ibarət işçi qruplar formalaşdırılıb.

Yeni mərhələdə isə hər bir regionun 10 məktəbində şagirdlərin iştirakı ilə ekoloji aksiyaların, iməciliklərin və digər tədbirlərin keçirilməsinə başlanılıb. Artıq Ağcabədi rayonunda məktəblilərin hazırladıqları yüzlərlə quş yuvası təhsil ocaqlarının həyətində və ətrafında xüsusi yerlərə qoyulub. Ekologiyanın qorunmasını təbliği edən açıq havada rəsm müsabiqələri də keçirilib.

Hazırda müvafiq işçi qruplar tərəfindən hədəf məktəblərdə ekoloji mövzularda divar qəzetlərinin hazırlanması həyata keçirilir. Yeni tədris ilinin başlanğıcından bu qəzetlər məktəblilərlə yanaşı, yerli əhalinin də ekoloji maariflənməsinə xidmət göstərəcək. Bunun üçün ekoloji divar qəzetləri məktəblərin həyətlərində və binanın daxilində asılacaq.


Müəllif:

Oxşar xəbərlər