Baş məşqçi Bülənt Karslıoğlu: "Hədəfimiz İslam Həmrəyliyi oyunlarına hazırlıqdır"
"Bakı-2015" I Avropa Oyunlarında Azərbaycanın kişi voleybolçulardan ibarət milli yığma komandası Serbiya, Polşa, Fransa, Finlandiya və Türkiyə yığmaları ilə qarşılaşdı. Yarımfinal mərhələyə qədər gələn yığma komandamız son olaraq Türkiyə milli yığma komandası ilə görüşdü və 2:3 hesabı ilə uduzdu.
Azərbaycan yığma komandasının baş məşqçisi Bülənt Karslıoğlu hələ oyunlar başlamazdan öncə belə bir proqnozla çıxış etmişdi ki, komandanın məqsədi azarkeşləri önündə oyunlara Finlandiya ilə başlayıb, Türkiyə ilə bitirib, ilk "4-lüy"ə daxil olmaqdır. Baş məşqçinin proqnozu özünü doğrultdu.
Bülənt Karslıoğluna telefon açıb onun rəhbərlik etdiyi yığmanın nümayiş etdirdiyi oyun haqda təəssüratlarını öyrəndik.
Bülənt Karslıoğlu dedi ki, Azərbaycanın kişi voleybol komandasını formalaşdırmaq işinə 7 ay öncə start verilib və ardıcıl cəhdlər, təlim məşq toplantıları sayəsində 3 il ərzində görülən işi bu qədər müddət ərzində başa çatdırmaq mümkün olub. Bu baxımdan göstərilən oyun mütəxəssis olaraq onu qane edir.
Azərbaycan Voleybol Federasiyasının dəvəti əsasında ölkəmizə gəldiyini deyən baş məşqçinin sözlərinə görə, kişilərdən ibarət komandanın texniki direktoru olaraq da fəaliyyətə başladığı dövrdən əsas məqsədi Azərbaycanda voleybolun inkişafını yüksək səviyyəyə çatdırmaq olub: "Mən bu komandanın formalaşmasını yeni doğulan bir körpənin həyatda gün-gündən necə inkişaf etməsi ilə müqayisə edərdim. Biz bu oyunlara əlimizdə olan voleybolçularla daxil olduq. Çünki az bir vaxtda 7-8 komandadan oyunçu seçmək və ya dəyişdirmək şansımız yox idi.
Yeddi ay ərzində nə edə bilərdik, etdik. Gərgin məşqlərimiz oldu. İlk məşqlərə hətta 6 voleybolçu ilə başladıq. "İqtisadçı"da qadınlardan ibarət klublarda köməkçi-məşqçi işləyən voleybolçu Fərid Cəlalovu, "Rabitə" klubunda köməkçi-məşqçisi Pərviz Səmədovu, onunla birgə çalışan Ziya Rəcəbovu məşqçilər korpusuna çağırdıq. Ölkə xaricində çıxış edən bir-iki legionerimizi də erkən qaytardıq. Bununla da komandaya maraq artdı və vahid komanda formalaşdı. Mənim məqsədim bu komandanın öz modelini, öz sistemini yaratmaqdır və buna da tam nail olmaq üçün zaman lazımdır".
Bülent Karslıoğlu milli yığmanın qarşılaşdığı "A" qrupunda favorit komandaların daha çox serblər, polşalılar və türklər olduğunu bildirdi.
Son vaxtlar Polşada voleybolun bir nömrəli idman növü olduğunu deyən məşqçi bu ölkədə aşağı yaş qrupundan voleybolçu idmançıların yetişdirilməsinə diqqət ayrıldığını və Türkiyədə də belə bir təcrübənin son illər tətbiq olunduğunu vurğuladı: "Azərbaycanda da kiçik yaşlardan voleybolçular yetişdirilməsinə nail olmağa çalışmaq gərəkdir. Türkiyə voleybolu 60 illik bir yol keçib. Türkiyəyə Voleybol Federasiyası yatırım edir, kişilərdən ibarət 5 voleybol milli komandası var. Biz də istərdik ki, Azərbaycanda geniş heyətli komanda yaradaq. Buna isə zaman lazımdır. İstedadlı uşaqları tapıb, onları milliyə cəlb etməliyik. Hesab edirəm ki, Azərbaycanın da öz iqtisadiyyatına güvənib güclü voleybol komandası yaratması mümkündür".
Sevil