"Avropa Oyunları dünyanın diqqətini ölkəmizə yönəldə bildi"
İyunun 12-dən 28-dək - 17 gün davam edən Bakı-2015 Avropa Oyunları dünyanın diqqətini Azərbaycana yönəltdi. İdmanın müxtəlif sahələri üzrə keçirilən yarışlarda dünyanın aparıcı ölkələrinin atletləri öz güclərini sınadı.
Beynəlxalq səviyyəli idman tədbiri olmaqla yanaşı Birinci Avropa Oyunları həm də siyasi, mədəni və iqtisadi baxımdan ciddi əhəmiyyət kəsb edirdi. Yerli və xarici ekspertlər, siyasi müşahidəçilər etiraf edirlər ki, gənc ölkə olan Azərbaycan qısa zaman kəsiyində bu idman yarışına yüksək səviyyədə hazırlaşıb, idmançıların, qonaqların qarşılanması, yerləşdirilməsi və oyunların təşkili peşəkarcasına həyata keçirilib.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, I Avropa Oyunlarına qədər də Azərbaycan dünyanın siyasi, iqtisadi və mədəni arenasında özünəməxsus yer tuta bilib: "İnkişafın Azərbaycan Modeli sistemi hazırlanarkən bir çoxları bunun Azərbaycanda tətbiq olunmasını mümkünsüz sayırdılar. Olduqca çətin geostrateji mövqedə yerləşməsinə baxmayaraq, ölkəmiz balanslı siyasi xətti qorumağı bacarmaqla bərabər, bu mürəkkəb stiuasiyadan öz məqsədləri üçün istifadə edə bildi. Hazırda bu model bəzi ölkələr tərəfindən öyrənilir. Mən əminliklə deyə bilərəm ki, bundan sonra keçiriləcək Avropa Oyunları Bakı 2015-in bazası üzərində qurulacaq. İstər-istəməz Azərbaycan nümunəsindən yararlanılacaq, bəzi modellər ya olduğu kimi, ya da qismən dəyişdirilərək tətbiq ediləcək".
Politoloqa görə, Birinci Avropa Oyunları dünyanın diqqətini Azərbaycana yönəldə bildi: "Transmilli media koorporasiyaları 17 gün ərzində Azərbaycanı incələdilər, bütün detalları öyrəndilər. Hətta Azərbaycanda o qədər də tanınmayan QHT nümayəndələrini, jurnalistləri, müxalifətçiləri tapıb onlardan müsahibələr aldılar. Məhkəmə qərarlarını saf-çürük etdilər. Baxmayaraq ki, bütün bunlar daha çox qarayaxma xarakteri daşıyırdı, qərəzli idi, amma ölkəmiz reklam olunurdu, xaricilər Azərbaycanı daha yaxından öyrəndilər. Əcnəbilər internetdə Azərbaycan haqqında daha geniş məlumat öyrənərkən, şübhəsiz, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi potensialımız, tolerantlıq və s. müsbət keyfiyyətlərimiz barədə bilgiləndilər. İstər “Eurovision” mahnı müsabiqəsi, istərsə də I Avropa Oyunlarının keçirilməsi Bakının doğru yolla irəlilədiyinin təsdiqi idi. Oyunlara gəlmiş 6 mindən çox idmançı, çoxsaylı nümayəndə heyəti üzvləri yarışlarla bağlı sosial şəbəkələrdə foto və yazılar paylaşdı, bizi dünyaya daha yaxından tanıtdılar".
Q.Hüseynli bildirdi ki, I Avropa Oyunlarının açılış və bağlanış mərasimləri Azərbaycan üçün önəmli idi: "Bəziləri həmin mərasimlərə çəkilən xərcləri qabardırlar. Mən onların diqqətinə çatdırım ki, hətta milyardlarla dollar xərclənsə idi belə Azərbaycan dünyada bu qədər tanına bilməzdi. Biz az vəsaitlə çox böyük işlər gödük. Həm beynəlxalq tədbirə ev sahibliyi etdik, həm idman infrastrukturunu, turizmi inkişaf etdirdik, milli mədəniyyətimizi, bir sözlə, ölkəmizi təbliğ etdik. Gəlirlərimiz xərclərimizdən bir neçə dəfə çox oldu. Oyunların açılış və bağlanış mərasimlərində Dağlıq Qarabağ regionu, Nizami Gəncəvi, “Sarı gəlin” mahnısı və digər dəyərlərlə bağlı nə qədər dünyaya mesaj ötürə bildik. Təşkilat Komitəsi mümkün olan hər şeyi etdi. İnanmıram ki, bundan yaxşısını həyata keçirmək mümkün olsun. 17 günün ən azı 17 mühüm əhəmiyyətini sadalamaq mümkündür".
Q.Hüseynliyə görə, Bakıda Avropa Oyunları keçirildiyi bir məqamda Ermənistanda sosial narazılığın güclənməsi, aksiyaların keçirilməsi bir çox mətləblərdən xəbər verir: "Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olduğunu bir daha sübut etdi. Bir tərəfdə güclənən, çiçəklənən Azərbaycan, digər tərəfdə dilənçi, asılı vəziyyətdə yaşayan, yox olmaq təhlükəsində qalan Ermənistan var. Bu, Azərbaycanın hərbi qüdrətinin də güclü olmasından xəbər verir".
Ayxan