ReAl Partiyasının sədri Natiq Cəfərli Cənubi Qafqazda baş verən son geosiyasi gəlişmələr barədə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- ABŞ və Avropa Birliyi Gürcüstana təzyiqi artırıb. Ölkə rəsmilərindən sonra sabiq baş nazir Bidzina İvanişviliyə də sanksiyanın tətbiq ediləcəyi açıqlanıb. Nə baş verir, niyə ara bu qədər açıldı, Qərbin Gürcüstanın Rusiya ilə yaxınlaşma iddiaları nə qədər doğrudur?
- Gürcüstan ətrafında baş verənlərin həm siyasi, həm də nə qədər qəribə səslənsə də, şəxsi konteksti də var. Münasibətlərin gərginləşməsi “Gürcü Arzusu” Partiyasının qurucusu İvanişviliyə qarşı sanksiyanın tətbiq olunması ilə başladı, Fransa bankları onun 3 milyarda yaxın vəsaitini dondurdu. Fransadan verilən açıqlama belə idi ki, bunlar Rusiya ərazisində qazanılan vəsaitlərdir, ona görə belə bir addım atılıb. Əslində, beynəlxalq hüquq zidd yanaşma idi. Pulun harada və necə qazanılmasının nə fərqi var? Əgər o zaman Avropa Birliyi bu vəsaitləri qəbul ediblər və istifadəsinə imkan veriblərsə, demək, bunların mənbəyi o zaman yoxlanılmalı idi.
Gərginlik bu hadisədən sonra artmağa başladı. Ardınca İvanişvilinin komandasından açıqlamalar verildi, bəzi qanun layihələri qəbul edildi və sair. Yeri gəlmişkən, münasibətlərin korlanmasına səbəb olan çox böyük məsələlərdən biri “Xarici agentlər haqqında” qanun layihəsinin qəbul edilməsidir. Halbuki belə bir qanun layihəsi ilk dəfə 1930-cu illərdə ABŞ-da qəbul olunub, bugünədək də qüvvədədir. Eyni qanun Gürcüstanda da qəbul edildikdən sonra münasibətlər korlandı, bunu “Rusiya ilə yaxınlaşma addımı” kimi qəbul elədilər.
Gürcüstan Rusiyaya qarşı iqtisadi və turistik sanksiyalara qoşulmadı. Bu da müəyyən problemlər yaratdı. Ona qalsa, Ermənistan da qoşulmayıb. Üstəgəl, Ermənistan Rusiyaya sanksiyalardan yan keçməyə kömək edən bir ölkədir. Son iki ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 4 dəfədən çox artıb. Buna göz yumub Gürcüstanı hədəfə gətirmək doğru deyildi.
Gərginliyin daxili siyasi konteksti də var. Gürcüstan cəmiyyəti həddindən artıq konservativ və mühafizəkar toplumdur. İvanişvili də anlayır ki, Qərbdən gələn bəzi dalğalara (məsələn, cinsi azlıqlarla bağlı) cavab verməsə, partiyası mühafizəkar Gürcüstan cəmiyyətinin səslərini itirəcək. Bu baxımdan, Gürcüstanda kilsənin də mövqeyini nəzərə alırlar. Kilsə də orada ciddi bir institutdur, böyük nüfuz və təsir dairəsinə malikdir. Yəni məsələnin daxili siyasi konteksti də var, sırf psevdo-liberal gündəmlə seçkiyə getsələr, uduzacaqlarını bilirdilər. Buna görə də, daha mühafizəkar gündəmlə seçkiyə gedirlər ki, bu da Avropanın bəzi dairələrinin xoşlarına gəlmir.
- Qərbdən artan təzyiq payızda Gürcüstanda keçiriləcək parlament seçkilərində öz əksini tapa bilərmi? Yəni qonşu ölkədə seçki yolu ilə hakimiyyət dəyişikliyinə ehtimal verirsinizmi?
- Gürcüstan seçki institutunun formalaşdığı bir ölkədir. Gürcüstanda son hakimiyyət dəyişikliyi elə seçkilərlə baş verib, Saakaşvilinin partiyası həm prezident, həm də parlament seçkilərində uduzmuşdu. Yəni artıq Gürcüstanda belə bir ənənə mövcuddur. Buna görə də, seçkilərin nəticələrinin tanınıb-tanınmaması məsələsi önə çıxacaq. Gürcüstan hökuməti də özünü sığortalayaraq, dünyanın bütün seçki institutlarını dəvət edib. Hökumət dəvət edib ki, gəlin, müşahidə edin, seçkilərdən sonra bir problem yaşanmasın.
Bir önəmli detal da var. İlk dəfə olaraq, Gürcüstanda tam proporsional seçkilər keçiriləcək. Baraj da tamamilə aradan qaldırılıb, bir faiz səs toplayan partiyalar belə, parlamentdə təmsil oluna biləcəklər. Bu da onu göstərir ki, seçkilərdə ən xırda partiyaların da maraqları olacaq. Bu da seçkilərin demokratik olacağına bir töhfə vermiş olur. İvanişvilinin komandası bunu həm də ona görə edir ki, səs çoxluğu əldə edə bilməsə, özünə yaxın partiyalarla koalisiya qura bilsin. Həm də seçkilərdə partiya çoxluğu şəffaf seçkilərə zəmin yaradacaq ki, bununla Qərbdən gələcək təzyiqlərə davam gətirə bilsinlər.
- Gürcüstandakı fəallıqdan Ermənistanda da yaşanır. Baş nazir Nikol Paşinyanın opponentləri onu devirmək üçün hərəkətə keçiblər, xüsusən də sabiq prezident Robert Köçəryan və tərəfdarları yenidən aktivləşiblər. Ermənistanı qarşıdakı dövrdə nə gözləyir, Paşinyan bu dəfə də özünü qoruya biləcəkmi? Radikal müxalifətin oktyabrda başlayacağı itaətsizlik aksiyaları hansı nəticələrlə bitəcək?
- 2018-ci ildən bəri keçirilən 2 parlament, 2 bələdiyyə seçkisində Paşinyanın partiyası qalib gəlib. Əgər müharibədə məğlub olan bir lider savaşdan sonra seçkiyə gedirsə və qələbə qazanırsa, demək, keçmiş “Qarabağ klanı”na – Sərkisyan və Köçəryanın rəhbərlik etdiyi qüvvələrə kəskin bir etiraz var. Sanki onların yenidən hakimiyyətə qayıdışının qarşısını almaq üçün erməni cəmiyyətində bir konsensus mövcuddur.
İndiyədək Paşinyanı devirmək üçün bir neçə cəhd olub. Hələ 2020-ci ilin noyabrında 14 partiya birləşib günlərlə mitinq keçirdi, amma Paşinyanı devirə bilmədilər. Paşinyan dekabrda əks aksiya təşkil elədi və meydana 14 partiyanın çıxardığından 5 dəfə artıq insan çıxardı və o dalğa yatdı. 2021-ci ildə keçirilən seçkilərdə də belə hallar yaşandı, Paşinyanın komandası yenə tab gətirdi və seçkiləri uddu. Bu ilin mayında Rusiyadan idarə olunan bir “Srbazan Hərəkatı” meydana çıxdı, bu da bir nəticə vermədi – insanlar küçələrə çıxmadılar.
Ermənistanda çox qəribə bir situasiya yaranıb. Əlbəttə, Paşinyandan narazı olanlar da var, özü də ciddi şəkildə mövcuddur. Amma ona alternativ görmürlər. Əgər alternativ “Qarabağ klanı”dırsa, erməni cəmiyyət onu istəmir. İnsanlar “Qarabağ klanı” daha pisdir” yanaşması ilə prosesdə aktiv iştirak eləmirlər.
- Bir sıra Qərb ölkələrindən Azərbaycana da təzyiqlər var. Ənənəvi olaraq təzyiqlər yenə Ermənistan üzərindən edilir. Bu da özünü Ermənistanın silahlandırılması, separatizmə dəstək və sair şəklində göstərir. İndiki məqamda bu təzyiqlər nə ilə bağlıdır?
- Azərbaycan uzun illərdir uğurla bu təzyiqlərin qarşısını alır. Xüsusən də İkinci Qarabağ Müharibəsindən sonra bu təzyiqlər dalğa-dalğa gəldi, amma Azərbaycanın xarici siyasəti bunun qarısını ala bildi. Ötən il Azərbaycan haqlı və beynəlxalq hüquqa söykənən antiterror əməliyyatı keçirdi, bundan sonra da çox böyük təzyiqlərə cəhdlər oldu. Amma Azərbaycan buna da sinə gərdi. Bunun bir səbəbi də odur ki, Rusiya-Ukrayna müharibəsinə beynəlxalq hüquq çərçivəsindən baxanda, bu, Azərbaycana böyük arqumentlər verir. Məsələn, hansısa Qərb siyasətçi və ya dövləti, elə Fransa olsun, niyə Donetsk və Luqanskdakı separatçı qurumları tanımadılar? Onlarla bağlı hansısa addım atırdılar? Yox. Çünki onları separatçı sayırlar və bəyan edirlər ki, Ukrayna haqlı olaraq onları öz ərazilərindən çıxarmağa çalışır.
Bütün dünya Ukraynanın separatizm və işğala qarşı mübarizəsinə dəstək verir. Dünya öz silahı və pulu ilə Ukraynanın yanındadır. Bəli, Ukrayna haqlı olaraq, beynəlxalq hüquqa söykənərə öz ərazi bütövlüyü uğrunda mübarizə aparır. Eyni şeyi öz gücü hesabına Azərbaycan elədi. Azərbaycan postsovet məkanında öz ərazisində separatizmin kökünü kəsən və Rusiyanı zəiflədən ilk ölkə oldu. Başqa sözlə, Azərbaycan öz ərazisindən Rusiyanı çıxarmağı bacaran ilk ölkə oldu. Niyə bunu görmürlər, yoxsa görmək istəmirlər? Bu qərəzdir.
Hesab edirəm ki, bu sahədə təbliğatı gücləndirməyə ehtiyac var. Mən beynəlxalq təşkilatların tədbirlərində tez-tez iştirak edən bir insan kimi deyə bilərəm ki, Ukrayna nümunəsi bəzi aldadılmış insanlara həddindən artıq təsir edir. Onlara bu örnəkləri göstərəndə bir anlıq duruxurlar, düşünürlər ki, əgər separatizm yaxşı şeydirsə, niyə Donetsk, Luqansk, Xerson və Zaporojedəki separatizmi lənətləyirik, niyə Ukraynaya kömək edirik, amma Qarabağdakı – Azərbaycan ərazisindəki separatizmi dəstəkləməliyik? Bu kontekstdəki təbliğat gücləndirilməlidir. Sizi inandırım ki, beynəlxalq ictimai rəyə çox güclü təsir edir. Bəli, bu yerdə zəif nöqtələrimiz var, beynəlxalq media ilə daha sıx işləməliyik, Azərbaycan beynəlxalq tədbirlərdə öz mövqeyini daha açıq və qəti şəkildə qoymalıdır.
İndi bu təzyiqlərə tan gətirmək üçün bir fürsət də yaranıb. Azərbaycan noyabrda böyük bir tədbirə ev sahibliyi edəcək, dünyanın 80-90 ölkənin prezidentləri, baş nazirləri və nazirləri COP29-a qatılacaq. Bu, Azərbaycana qarşı təzyiqləri amortizasiya eləmək üçün böyük fürsətdir. Hesab edirəm ki, bu fürsət doğru dəyərləndirilməlidir. Bakıda keçiriləcək panellərdə ekoloji və iqlim məsələləri ilə yanaşı, Ukrayna və postsovet məkanındakı digər münaqişələr kontekstində Azərbaycanın mövqeyi çatdırılmalıdır. Məsələn, Moldovanın Dnestryanı bölgəsindəki separatizmi Avropa qəbul edirmi? Sabah Moldova orada antiterror əməliyyatı aparsa, bütün Avropa buna əl çalacaq. Eyni yanaşmanı Azərbaycanda da tətbiq etmək lazımdır. Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini beynəlxalq hüquq əsasında bərpa etdiyini bu örnəkləri göstərərək, Qərbin kor gözlərini aça bilər.
- Ümumiyyətlə, niyə Cənubi Qafqaza maraq bu qədər artıb? Ən müxtəlif siyasi qütblərin regionda hansı maraqları var, əsas mübarizə nəyin üstündədir?
- Əsas məsələ budur ki, hamı Rusiyanın zəifləməsinin qoxusunu alıb. İndi Rusiyanın zəiflədiyi və başı özünün atdığı addımlardan doğan problemlərə qarışdığı vaxtda Cənubi Qafqaz və Orta Asiyanı Moskvanın təsirindən qoparmağa çalışırlar. Bu, (Qərbdə) ümumi strategiyanın tərkib hissəsidir. Biz görürük ki, hər həftə Orta Asiya ölkələrinə xarici səfərlər olur, Avropa Birliyi liderləri gəlir. ABŞ prezidenti ilk dəfə olaraq, ötən il Orta Asiya ölkələrinin liderləri ilə BMT çərçivəsində ayrıca bir görüş keçirmişdi. Yaxın günlərdə Almaniya Kansleri Olaf Şolz Qazaxıstan və Özbəkistanda oldu.
Əslində, Orta Asiya və Cənubi Qafqaza eyni kontekstdən baxılmalıdır. Qərbin məqsədi Rusiyanın bu regiondakı təsir dairələrini azalatmaqdır. Əslində, bu mənada Qərb dövlətləri Azərbaycana yaxın olmalıdırlar. Qərb analitiki və siyasətçiləri ilə danışanda onları başa salmağa çalışıram ki, əgər sizin məqsədiniz budursa, son 200 ildə ilk dəfə Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflədən və bir çox mövqelərdən geri çəkilməyə məcbur edən yeganə ölkə Azərbaycandır, siz bunu görməlisiniz. Bu nöqteyi-nəzərdən Azərbaycanın üstünlüyü çoxdur, sadəcə bunu doğru təqdim etməyi bacarmalıyıq.